Əfsanədən gerçəkliyə - bir gülün sehrində - Vətən müharibəsinə həsr olunan yeni klip hazırlanıb.
APA-nın məlumatına görə, klip sözləri Leyla Əliyevaya, musiqisi Kamala məxsus olan “Xarıbülbül” mahnısına çəkilib. Müğənni Aydın Sani, əməkdar artist Təyyar Bayramov və oğlu Kənan Bayramovun ifasını aranjemançı Mahir İbrahimov ərsəyə gətirib.
Oğuz alpaqutunun qanlı köynəyini cırıb bülbüllə sevgilisi Aybükəyə göndərməsi, gülün görüşünə tələsən bülbülü küləyin ayırması, Ağabəyim xatunun Vətən həsrəti... Bütün bu əfsanələrin motivində intizar, ayrılıq önə çəkilsə də, detallarda qovuşma var.
Əfsanələr sehrlidir. Oradakı obrazlardan hansınınsa yuxusu, ilğımı, mübarizəsi və xoş gerçəkliyi olur. “Xarıbülbül” klipində də ilğımla xatirələrin, yuxu ilə gerçəkliyin sintezi var.
Bu klip 28 illik həsrətin sonu - Vətən müharibəsindəki qələbəmizə, bu qələbəni bizə qazandıran şəhidlərimizə, döyüşçülərimizə ithaf olunur.
APA TV-nin hazırladığı klipi təqdim edirik.