Şuşada VIII “Muğam” Televiziya Müsabiqəsinin final mərasimi keçirilib.
APA xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqənin final mərasimində mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, eyni zamanda, tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Bülbülün ev-muzeyinin həyətində təşkil edilən müsabiqə Vətən müharibəsi şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xalq artisti Mənsum İbrahimovun ifası ilə final konsert proqramı açıq elan olunub.
Daha sonra müsabiqənin finalçıları çıxış edib. Çıxışlar bitdikdən sonra qaliblər müəyyənləşib:
Azyaşlı qrup üzrə üçüncü yerin qalibi Sabir Ağayev, ikinci yerin qalibi Fatimə Kərimova, birinci yerin qalibi isə Həzrət Əzizli olub.
Gənc xanəndələr arasında isə Daşqın Kürçaylı və Vüqar Əbilov üçüncü yer, Ülkər Abdullayeva və Aynur Həsənxanova ikinci yerin qalibi seçiliblər.
Birinci yerin qalibi isə Fuad Əzizzadə olub.
Məftun Səfərli və Pedram Rəncbər isə həvəsləndirici mükafatla təltif edilib.
Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.
2005-ci ildən etibarən keçirilən “Muğam” müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparmasıdır.
Xatırladaq ki, sabah Cıdır düzündə qala-konsert təşkil olunacaq. Qala-konsertdə bu günədək keçirilən səkkiz “Muğam” müsabiqəsinin qalib və mükafatçıları çıxış edəcəklər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunacaq.