Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, xalq artisti Mustafa Mərdanovun 125 illik yubileyi ilə bağlı tədbir keçirilib.
ONA xəbər verir ki, Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev iştirak edib.
İştirakçılar əvvəlcə teatrın foyesində sənətkarın həyat və fəaliyyətinin əks olunduğu fotosərgiyə baxıblar. Teatrın direktoru, xalq artisti Azər Paşa Nemətov çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb, onun Azərbaycan teatrı və kinosunun inkişafında xidmətlərinə nəzər salıb.
Xalq artisti Hacı İsmayılov çıxış edərək görkəmli sənətkarın kinodakı uğurlarından söz açıb.
Sənətkarın ailəsi adından çıxış edən qardaşı qızı Nuranə Mərdanova aktyorun xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlığını bildirib.
Daha sonra Mustafa Mərdanovun rol aldığı filmlərdən fraqmentlər nümayiş olunub.
Tədbirdən sonra teatrın səhnəsində Mustafa Mərdanovun xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası oynanılıb.
Rus yazıçısı N.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərində xalq artistləri Rafael Dadaşov və Ramiz Novruz, Rafiq Əzimov, əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Nigar Güləhmədova, Kazım Həsənquliyev, Məzahir Cəlilov və başqaları çıxış edir.