Xalq artisti teatr xadimlərinin əmək haqqı və mənzil problem ilə bağlı məsələ qaldırıb
  • MƏDƏNİYYƏT

  • 09:34 02 Mart 2019

Xalq artisti teatr xadimlərinin əmək haqqı və mənzil problem ilə bağlı məsələ qaldırıb

“Biz Sizin sərəncamlarınızdan sui-istifadə edənlərə qarşı çox böyük inqilab etməliyik. İki açıq cəbhəsi olan ovuc boyda Azərbaycanı Siz necə qoruyursunuz? Bu dövlətçiliyi necə qoruyursunuz? Hər birimizi necə qoruyursunuz? Siz necə əziyyətlər çəkirsiniz? Bunu biz hamımız başa düşməliyik. Sizin əməyinizi qiymətləndirmək bu balaca məclislərdə deyil, geniş meydanlarda olmalıdır, bizim müsahibələrimizdə olmalıdır”.

 

ONA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bir qrup mədəniyyət xadimi ilə görüşündə Xalq artisti Afaq Bəşirqızı deyib.

 

  1. Bəşirqızı bildirib ki, onlar bilirlər ki, mədəniyyətə çox böyük qayğı var: “Bəlkə də biz yeganə xalqıq fikirləşirik ki, problemlərimiz olanda Prezidentimizə, Mehriban xanıma deyəcəyik və onlar bizi bu bəladan, bu problemdən qurtaracaq. Bəlkə də bizim içimizdə bunu təsdiq edənlər var. Çox problemləri biz onların vasitəsilə həll etmişik. Amma bu, təkcə şəxsi ambisiya üçün olmamalıdır. Bizdən sonra yeni nəsil yetişir, yeni, cavan nəsil gəlir”.

Xalq artisti teatr sahəsindəki problemlərə, aktyorların sosial vəziyyətinə diqqət çəkib: “Cənab Prezident, mənim işlədiyim Musiqili Teatr, - şəhər mərkəzində yerləşən, öz sənəti, öz tarixi, öz sənətkarları olan bir teatr, - üçüncü kateqoriyadadır. Mən bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Aktyor səhər tezdən kirayə qaldığı Müşfiqabaddan iki övladı və yoldaşı ilə çayını, çörəyini götürüb gəlib Konservatoriyanın qabağında dayanır. Uşaqların biri dərsə gedir, ikinci uşağı ikinci növbəyə hazırlayırlar. Orada onu yedirdir, özü isə məşqə gedir. Axşam yenə də həmin o ailə qayıdır Müşfiqabada. Sizə demək istəyirəm ki, bəli, Afaq Bəşirqızına ev, mükafat, fəxri ad verilib. Çox sağ olun. Amma Afaq Bəşirqızı tək deyil. Afaq Bəşirqızı özündən sonrakıları fikirləşməlidir. Sizə olan xahişlər buna görədir, ümumi xalq üçündür”.

A Bəşirqızı aktyorların maaşlarının artırılması və evlə təmin olunmalarını xahiş edib.

Qeyd edək ki, Prezident İlham Əliyev görüşdəki yekun nitqində teatr işçilərinin əməkhaqları ilə bağlı təkliflər hazırlanmasını və əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması barədə tapşırıq verib.

 

Aytən Yusifova

Teqlər:

OXŞAR XƏBƏRLƏR