• MƏDƏNİYYƏT

    16:50 16 may 2019

YAP gənc rəssamları mükafatlandırıb

Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş sərgidə iştirak edən gənc rəssamların təltif olunması mərasimi keçirilib.

ONA-nın məlumatına görə, Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov gənc rəssamların sərgisinin böyük marağa səbəb olduğunu və çoxsaylı insanlar, o cümlədən partiyanın üzvləri tərəfindən izlənildiyini bildirib.

O, sərginin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Əli Əhmədovun sözlərinə görə, sərgidə xalq rəssamı Sakit Məmmədovun tələbələrinin əsərləri təqdim olunub. Bu yaxınlarda Sakit Məmmədovun rəsm əsərlərinin Böyük Britaniyanın Kral Sarayında nümayiş etdirildiyini deyən YAP rəsmisi söyləyib ki, azərbaycanlı rəssam bütövlükdə ölkəmizin mədəniyyətini və incəsənətini, Azərbaycan həqiqətlərini dünyaya təqdim edir.

Əli Əhmədov qeyd edib ki, dövlətimizin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi böyük diqqət və qayğı nəticəsində ölkəmizdə çox istedadlı yaradıcı insanlar formalaşıb: “Onların əsərləri dünya miqyasında tanınır. Bu fakt bilavasitə ölkəmizin təbliğatında da mühüm rol oynayır”. Sərginin YAP-da keçirilməsinin əhəmiyyətindən danışan Əli Əhmədov deyib ki, bu fakt gənc rəssamların və onların əsərlərinin daha geniş şəkildə tanınmasına xidmət edəcək. Eləcə də YAP gənc incəsənət adamlarının yaradıcılıq işlərinin bundan sonra da təbliğ olunması işinə dəstək verməyə hazırdır: “Bu tədbir YAP və gənc rəssamların, mədəniyyət və incəsənət adamlarının əməkdaşlığı kimi nəzərdən keçirilə bilər. Biz mədəniyyət və incəsənətə dəstək göstərməyə çalışırıq. Bu sərgi də gənc rəssamların tanıdılması və təbliğ olunması baxımından əhəmiyyətlidir. Sərgidə əsərləri təqdim olunan gənc rəssamların böyük gələcəyi var. Bu sərgi onların daha da tanınmasına dəstək verəcək. İnanıram ki, gələcəkdə böyük, məşhur rəssamların arasında onların da adı olacaq”.

Sonda gənc rəssamlara Yeni Azərbaycan Partiyasının fəxri fərmanları təqdim olunub.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR