“Cənab Prezident müdrikliklə, cəsarətlə “26-lar"la əlaqədar məqbərəni sökdürdü, şəhər qəbristanlığına köçürtdü”.
ONA-nın məlumatına görə, bunu Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.
Onun sözlərinə görə, məqbərənin sökülməsindən sonra yüzlərlə versiyaların üstündən xətt çəkilib: “Məlum oldu ki, orda 26 yox, 23 cəsədin qalığı var. Sonra biz araşdırmalar apardıq, hər bir şey öz yerini tutdu. Mənim fikrimcə, tarixdə elə hadisələr, elə proseslər var ki, biz onları yüz cildlərlə əsərlər yazmaqla insanların beyninə həkk edə bilmərik. Amma bu cür addımlar atıla bilər ki, on illər edə bilməyəcəyimizi etsin”.
Direktor “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılışının Azərbaycan tarixşünaslığında, insanların beynində bir inqilab yaradacağını vurğulayıb: “Çünki, yazılarla, kitablarla şüurları dəyişdirmək çox çətindir. Xüsusilə, biz indi şüurumuzun, düşüncəmizin gəlişdirilməsi dövründə yaşayırıq. İqtisadiyyatda yüksəlişlərimiz irəlidə daha çox olacaq, başqa sahələrdə abidələr də yaradacayıq, amma on illər, yüz illər lazım gəlir ki, insan beynində dəyişiklik olsun. Bu baxımdan da bu muzeyin son dərəcə böyük əhəmiyyəti var”.