UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Təşkilat Komitəsinin 2-ci iclası keçirilib.
ONA xəbər verir ki, iclasda sessiyaya hazırlıq prosesi müzakirə edilib və həmçinin sessiyanın saytı haqqında ətraflı məlumat verilib.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayevin sözlərinə görə, saytın ən geci aprelə qədər istifadəyə verilməsi nəzərdə tutulur. Tədbirin keçiriləcəyi 10 gün ərzində sayt vasitəsilə canlı yayım aparılacaq.
Sessiyada iştirak edəcək qonaqların məskunlaşacağı hotellərdə qərargahlar yaradılacaq.
Bakı sakinlərini tədbirlə bağlı məlumatlandırmaq üçün 1 iyundan sonra şəhərdə reklam lövhələri yerləşdiriləcək. Bundan əlavə, əhalini məlumatlandırmaqdan ötrü sessiya ilə bağlı reklam çarxları çəkiləcək.
Əbülfəs Qarayev qeyd edib ki, sessiyanın açılış məkanı hələ dəqiqləşməyib, ancaq mərasimin İçərişəhər ətrafında keçirilməsi nəzərdə tutulur. Açılış mərasimində Azərbaycanın mədəniyyəti və multikulturalizm ənənələri nümayiş olunacaq.
Qeyd edək ki, 30 iyun-10 iyul tarixlərində Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək.