Beynəlxalq Avrasiya Mətbuat Fondu qondarma “Dağlıq Qarabağ Respublikası”nın hesabatının BMT-nin rəsmi səhifəsində dərc edilməsi ilə əlaqədar bəyanat yayıb.
ONA-nın xəbərinə görə, fondun prezidenti Umud Mirzəyevin imzaladığı bəyanat BMT-nin baş katibi Antonio Quterreşə, BMT Baş Assambleyasının 73 sessiyasının prezidenti xanım Maria Fernanda Espinoza Qarsezə, BMT-nin insan haqları üzrə ali komissarı xanım Mişel Baçeletə ünvanlanıb.
Bəyanatda deyilir:
“Hörmətli Zati-Aliləri !
Beynəlxalq Avrasiya Mətbuat Fondu Sizə dərin hörmət və ehtiramını bildirərək, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış, qondarma və tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın (“Artsax Respublikası”) hazırladığı hesabatın BMT-nin rəsmi səhifəsində yerləşdirilməsinə xüsusi diqqət ayırmağınızı israrla xahiş edir.
14 fevral 2019-cu il tarixdə Ermənistan Respublikasının Cenevrədəki daimi nümayəndəliyi tərəfindən BMT-nin İnsan Haqları üzrə Ali Komissarına təqdim edilən hesabat tarixi həqiqətləri, BMT qətnamələrinin mahiyyətini və faktların təhrif edilməsində analoqu olmayan saxta məlumatları üzündə əks etdirir. Hesabat öz növbəsində BMT standartlarına və qəbul edilmiş beynəlxalq norma və prinsiplərə qəti şəkildə ziddir, Cənubi Qafqazda münaqişənin yenidən qızışdırılmasına xidmət edir.
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış, tanınmamış qondarma “Dağlıq Qarabağ Respublikası” tərəfindən hazırlanmış hesabatı Ermənistan hökumətinin BMT-dəki status və əlaqələrindən istifadə edərək təqdim etməsindən ciddi narahatlığımızı bildirir və bunu kəskin şəkildə pisləyirik. Biz həmçinin, qondarma sənədin BMT-nin rəsmi səhifəsində dərc edilməsini ciddi şəkildə qınayırıq.
“Artsax” adında bir dövlətin heç bir zaman mövcud olmadığı, heç bir dövlət tərəfindən tanınmadığı halda “Dağlıq Qarabağ Respublikası” (Artsax) adından belə bir hesabatın dərc edilməsi, BMT kimi qlobal nüfuza malik beynəlxalq dünya institutunun rəsmi səhifəsindən digər sənədlərlə bir yerdə yayımlanması utancverici hadisədir.
Belə bir münasibət ilk növbədə BMT-nin Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair rəsmi mövqeyinə, eləcə də Dağlıq Qarabağ münaqişəsi ərəfəsində Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamənin (822, 853, 874 və 884) prinsiplərinə qəti şəkildə ziddir.
Adından da göründüyü kimi hesabat, mahiyyətcə saxtakarlıq və qərəzli yanaşmalardan ibarətdir. Belə ki, hesabatı incələdiyimiz zaman burada həqiqəti əks etdirməyən tamamilə uydurma faktların şahidi oluruq. Hesabatın ilk cümləsində qondarma “Dağlıq Qarabağ Respublikası” suveren respublika kimi göstərilir. Maraqlıdır ki, Ermənistan ordusu tərəfindən müdafiə edilən, rəsmi İrəvandan sosial və iqtisadi cəhətdən birbaşa asılılığı olan, hətta özünəməxsus pul vahidi belə olmayan, heç bir beynəlxalq institut və dövlət tərəfindən suverenliyi tanınmayan qondarma rejim necə suveren ola bilər?
Həmçinin burada qeyd edilir ki, qondarma respublika hüququn aliliyi prinsipi ilə idarə edilir. Bu yalandır. Axı, başqa bir dövlətin qanuni ərazisində zor gücünə və işğal yolu ilə qondarma bir dövlətcik yaradan bir rejim necə hüququn aliliyinə əsaslana bilər? 1993-cü ildən Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonu müxtəlif terror dəstələrin, qanunsuz silah və narkotik ticarəti ilə məşğul olan kriminal qrupların, həmçinin heç bir hüquqi imtiyazı olmayan qeyri-qanuni silahlı birləşmələrin daimi məskəninə çevrilib. Burada yerli əhalinin belə primitiv hüquqları müdafiə edilmir. Qarabağdakı silahlı qruplar tez-tez regionda sabitliyi pozur.
Hesabatda qeyd edilir ki, elan olunmamış qondarma “Artsax respublikası”nın ərazisi 12 493 kv. km sahəni əhatə edir və hazırda onun da 1041 kv. km hissəsi Azərbaycan tərəfindən işğal olunub. Bu rəqəm Ermənistanın məkrli siyasətinə bir daha əyani nümunədir. Belə ki, 1980-ci illərin sonundan başlayan və Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunun işğalı ilə nəticələnən münaqişə “Qarabağ deyil”, rəsmi olaraq “Dağlıq Qarabağ” problemi olaraq qeyd edilir. Bu o deməkdir ki, ermənilərin 1988-ci ildən bu yana irəli sürdükləri ərazi iddiası Qarabağa deyil, sadəcə, “Dağlıq Qarabağ”a aiddir. Ona görə də bütün beynəlxalq institutlar, BMT, ATƏT, Aİ, AŞPA və digərləri münaqişəni “Dağlıq Qarabağ” problemi olaraq tanıyır. O zaman nə üçün Dağlıq Qarabağın ətrafındakı ərazilər də qondarma rejimin torpaqlarına aid edilib? Dağlıq Qarabağın qanuni ərazisi 4,4 min kv. km-dır. Beləliklə, Ermənistanın dırnaqarası rejimə aid hesabatı BMT-yə bu şəkildə göndərməsi beynəlxalq müstəvidə həyata keçirilmiş növbəti hüquq pozuntusu, işğala haqq qazandırmaq cəhdi və Azərbaycana qarşı irəli sürülən növbəti ərazi iddiası hesab edilməlidir. Hesabatda “maraqlı” fakt, daha doğrusu, gülünc doğuran məqam qondarma rejimin ərazisinin təxminən 1,041 kv. km-nin Azərbaycan tərəfindən işğal edildiyinin qeyd edilməsidir. Bu, artıq hüquq pozuntusu deyil, birbaşa siyasi həyasızlıqdır. Azərbaycan torpaqlarını işğal etmiş erməni tərəfi utanmadan Azərbaycanı işğalda günahlandırır.
Hesabatdakı məlumatlar mahiyyət etibarilə rəsmi İrəvanın mövqeyini və Ermənistanın əsl simasını ifadə edir. Məsələn, qeyd edilir ki, qondarma rejim polietnik və multukultural cəmiyyətə sahibdir. Burada ruslar, ukraynalılar, yezidilər, yunan və gürcülər yaşayır (Bu etniklərin sayı Qarabağ əhalisinin 1%-dən azdır). Ancaq elə həmin hesabatda Ermənistan Respublikasının 1989-cu ilin statistikasına istinadən 40 mindən çox azərbaycanlıdan bu gün bir nəfərinin belə öz ata-baba torpaqlarında, Dağlıq Qarabağda yaşamaq imkanına sahib olmaması dolayısı ilə təsdiq edilir. Hesabatda qeyd edilən bu fakt bir daha sübut edir ki, Ermənistan məqsədyönlü surətdə 1989-cu ildən başlayaraq Qarabağda və azərbaycanlıların digər tarixi torpaqlarında onlara qarşı etnik təmizləmə siyasəti yürüdüb. Ancaq hesabatda biz yenə tam əksinə, Azərbaycanın ermənilərə qarşı etnik təmizləmədə ittiham edildiyini görürük. Amma reallıq budur ki, bu gün təkcə Bakıda 30 mindən yuxarı erməni sərbəst yaşamaqdadır.
Hesabatda yalnız yaxın siyasi tarixin və statistik məlumatların təhrif edilməsini deyil, son 100 ilik bir dövrdə baş verən hadisələrin saxtalaşdırılmış faktlar şəklində irəli sürüldüyünü görmək mümkündür. Belə ki, hesabatda 1918-ci ilin sentyabrında Bakıda Osmanlı İmperiyası tərəfindən 30 minə yaxın erməninin öldürülməsindən danışılır. Təbii ki, bu heç bir tarixi sənədlərə və arqumentlərə əsaslanmadan söylənilmiş fikirdir. Eyni zamanda 1918-ci ilin mart hadisələrində Bakıda, Gəncədə, Qubada, Şamaxıda və s. yerlərdə 50 min azərbaycanlının və yəhudinin erməni hərbi birləşmələri və bolşeviklər tərəfindən soyqırıma məruz qaldığı faktını gizlətmək məqsədi güdən niyyətdən xəbər verir.
Hesabatda Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə Qarabağda ermənilərə qarşı həyata keçirdiyi iddia edilən demoqrafik siyasətdən də söz açılır. Ancaq məlumdur ki, Heydər Əliyevin hakimiyyəti dövründə Xankəndi universitetinin əsası qoyulmuş, Qarabağa dəmir yolu çəkilmiş, fabrik və zavodlar açılmış, erməni əhalisinin sosial-infrastruktur imkanları daha da yaxşılaşdırılmışdı.
Hesabatda Ermənistan Azərbaycan münaqişəsinin həlli, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması ilə bağlı BMT tərəfindən qəbul edilmiş qətnamələr də təhrif edilib. Belə ki, erməni tərəfi BMT-yə təqdim edilən hesabatda sözügedən qətnamələri bilərəkdən təhrif edib, onu başqa formada izah etməyə çalışıb. Hesabatda qeyd edilir ki, 822 və 853 saylı qətnamələr döyüşlərin qızğın getdiyi bir vaxtda qəbul edilmişdi və guya bu qətnamələrin torpaqların qaytarılması ilə heç bir əlaqəsi yoxdur. Həmçinin ermənilər daha bir faktı təhrif edərək, 853 saylı BMT qətnaməsində Azərbaycana Dağlıq Qarabağ Muxtar Respublikasındakı qondarma rejimlə danışıqlar aparmağın tövsiyə edildiyini qeyd edirlər. Halbuki bu qətnamədə münaqişə tərəflərinə münasibətdə belə bir müddəa qeyd edilməyib, burada münaqişə tərəflərinə ümumi müraciət edilərək, konkret adlar göstərilməyib. Həmçinin yenə BMT-nin qəbul etdiyi 884 saylı qətnamədə qeyd edilir ki, “Ermənistan Qarabağ ermənilərinin üzərindəki nüfuzundan istifadə edərək qətnamənin icrasına yardım etsin və konfliktin daha da genişlənməsinə mane olsun”.
Hesabatda ermənilər qaçqın və məcburi köçkün məsələsinə də toxunaraq yenə Azərbaycanı ittiham ediblər. Hesabatda qeyd edilir ki, bu gün hələ də 30 min erməni qaçqın düşüb və onlardan 10 000-ə yaxını 2014 və 2016-cı illərdə baş verən müharibələr nəticəsində öz evlərini tərk etməyə məcbur olublar. Ancaq Ermənistan unudur ki, erməni aqressiyası nəticəsində hazırda Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlardan olan 1 milyona yaxın məcburi köçkün azərbaycanlı hələ də öz tarixi torpaqlarına qayıda bilmir. 1989-cu ildə isə 300 mindən çox azərbaycanlı Ermənistandan zorla deportasiya olunub. Bununla yanaşı, Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində Azərbaycana külli miqdarda maddi ziyan vurulub. İşğal edilmiş Azərbaycan ərazilərində 900-dən artıq yaşayış məntəqəsi, ümumi sahəsi 9,1 mln. kv. m olan 150 minə yaxın yaşayış evi və mənzil, 4366 sosial-mədəni təyinatlı obyekt, 7000 ictimai bina, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 1025 məktəb, 855 uşaq bağçası, 4 sanatoriya-müalicə kompleksi, 798 səhiyyə müəssisəsi, 927 kitabxana, 1510 mədəniyyət müəssisəsi, 598 rabitə obyekti və digərləri dağıdılaraq məhv edilib, 40 mindən artıq muzey eksponatı təcavüzün qurbanı olub.
Çox qəribədir ki, Ermənistan özü qondarma rejimi müstəqil dövlət kimi tanımadığı halda, dünyanı, BMT-ni bu rejimin müstəqilliyini tanımağa çağırır. Hazırda Ermənistan baş nazirinin oğlu Dağlıq Qarabağda, Azərbaycanın işğal edilmiş digər rayonlarında hərbi xidmət keçir. Qarabağ Ermənistan tərəfindən işğal edilib və bu danılmaz faktdır. Ermənilər bu işğalı BMT-yə göndərdikləri hesabatda pərdələməyə cəhd etsələr də, yuxarıda göstərdiyimiz faktlardan bir daha aydın olur ki, buna müyəssər ola bilməyiblər və bilməyəcəklər.
Beləliklə, BAMF BMT qurumlarından, BMT Baş Assambleyasından, BMT İnsan Haqları Şurasından Ermənistanın bu mötəbər quruma üzvlüyündən və mövqeyindən digər üzv ölkəyə - Azərbaycana qarşı saxta məlumatlar yaymaq məqsədilə istifadə etməsini pisləyir və dərc edilən hesabatın ciddi şəkildə yoxlanılmasını, eləcə də BMT-nin rəsmi səhifəsindən silinməsini israrla tələb edir. Belə bir mövqe BMT-nin statusuna uyğun deyil və Dağlıq Qarabağ münaqişənin növbəti eskalasiyası üçün provokasiyadır.