APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:
Əvvəlki yazları buradan oxuya bilərsiniz:
Azərbaycan Ordusunun erməni vəhşiliyinə son qoyan zəfəri: Ağdamda nə gördüm? - REPORTAJ
Pənahəli xanın erməni vandallığından nəsibini alan Şahbulaq qalası - REPORTAJ
Abdal-Gülablının dağıdılmış qəbiristanlığı: 9 yaşlı qızcığazın güllələnmiş başdaşı - REPORTAJ
Bir həsrətin sonu: 28 il sonra eyni yolla Laçına dönüş - REPORTAJ
Hər qarışı cənnət Laçın - REPORTAJ
Bəşəriyyətin beşiyi, 135 yaşlı məktəb, Kremlə göndərilən şərablar - REPORTAJ
Oğurlanan sümüklər, bir gecədə 200 məktub, torpağına sahib çıxan əsgər - TUĞDAN REPORTAJ
Laçın dəhlizi, mülki ermənilər, 185 illik həsrətin sonu - REPORTAJ - FOTOLAR
***
Bir məzar vardı uzaqlarda.
Heç üstü də götürülməmişdi.
Tanımayan bilməzdi kimindi.
29 ildir intizar çəkirdi.
29 il kəndə gələn yola həsrətlə baxa-baxa qalmışdı.
29 il qisasının alınacağı günü gözləmişdi.
O gün gəldi.
Qisası alındı.
O məzarın nakam sahibinin də gözləri yoldan çəkildi.
Bu gün o məzarın qarşısında dayanmışıq. Ruhuna dualar oxuyuruq. Artıq o məzarın sahibinin də ruhu şaddır. Çünki 29 il həsrət qaldığı doğmaları, həmkəndliləri, soydaşları ziyarətinə gəliblər.
O kənd Axulludur. Xocavənd rayonunun Axullu kəndi.
Məzarlıq kənd məzarlığı.
Orada uyuyan isə...
Bu haqda bir azdan...
Hələlik isə sizə Qarabağ silsiləsinin ətəyində yerləşən səfalı, gözəl mənzərəli Axullu kəndindən deyim. Bura səfərimiz təsadüfi deyil. Hələ 1988-ci ildə ermənilər torpaq iddiası ilə münaqişəni alovlandıranda təxribat törətdikləri ilk yerlərdən biri də bura olmuşdu.
O vaxta qədər isə bu kəndin sakinləri qonşuluqdakı erməni kəndlərinin sakinləri ilə mehriban şəkildə yaşayırdılar. Eyni sovxozda çalışır, eyni əkin, otlaq sahələrindən istifadə edir, uşaqlar eyni məktəbə gedirdilər. Kənd sakini Məhəmməd Aslanov o qayğısız günləri belə xatırlayır: “Hamımız bir sovetlikdə birləşmişdik. Ermənilərlə qonşuluqda yaşayırdıq. Sovxozumuz da bir idi. Kənd, əsasən, əkinçilik, heyvandarlıqla məşğul olurdu. İki min hektara yaxın üzüm sahəmiz, 10 min baş qoyunumuz, 5-6 min baş da iribuynuzlu mal-qaramız varıydı. Mehriban yaşayırdıq”.
Nə oldusa 1988-ci ildə oldu. Bu yerlərin sahibləri olan azərbaycanlılarla on illər boyu qonşuluq şəraitində yaşayan ermənilər birdən-birə dəyişdilər, tamam ayrı adama çevrildilər, əslində isə adamlıqdan çıxıb vəhşiləşdilər. Birlikdə çalışdıqları azərbaycanlıları sıxışdırmağa, işdən qovmağa, azərbaycanlı uşaqları isə beynəlmiləl məktəbə buraxmamağa başladılar. Məhəmməd Aslanov da ermənilərin 1988-ci ildən başlayaraq hər şeyi korladıqlarını, tədricən silahlanmağa başladıqlarını təəssüflə qeyd edir: “Kəndə saqqallılar gəlməyə başladı. Ermənilər hər gecə atırdılar. Beləcə, aramızdakı münasibətlər pisləşdi. 1992-ci ilin yanvar ayının 9-da dörd tərəfdən qəti hücuma keçərək evləri yandırdılar. Biz də məcburiyyət qarşısında qalıb kəndi tərk elədik”.
“Biz bilirdik ki, ermənilərin məqsədi bizi doğma kəndimizdən çıxarmaqdır”, - bunu da kənd sakini Şaiq Aslanov əlavə edir: “1988-ci illərin əvvəlindən başlayaraq kənddə azərbaycanlılarla ermənilər arasında gərginlik yaşanmağa başladı. Amma nə sirdirsə bu münaqişədə o vaxtkı sovet qoşunları, sovet idarəçiləri erməniləri haqlı çıxarırdılar. Erməni cəzalandırılmazdı, Sovet qoşunlarının burada yerləşən birləşmələri guya erməniləri müdafiə etmək üçün dayanmışdılar, halbuki müdafiəyə ehtiyacı olan bizim kənd idi, çünki dörd erməni kəndinin əhatəsində yerləşirdi. Biz ermənilərə qarşı təcavüz aktı həyata keçirmək gücündə deyildik. Qəribə odur ki, ermənilər burda yerləşən qoşun hissələrinin zabitləri ilə birlikdə gecələr kəndə daxil olur və kim ki, ermənilərlə mübarizədə aktivlik göstərirdi, onları ermənilərin sifarişi ilə avtomatın qundağı ilə döyərək girov aparırdılar. Aparıb yuxarıda gördüyünüz erməni kəndlərində saxlayırdılar”.
Beləliklə, 1988-ci ilin fevralında ermənilərin alovlandırdığı münaqişə 1992-ci il, yanvarın 9-da Axullu kənd sakinlərinin öz doğma yurd-yuvalarından didərgin düşməsi nəticələndi.
Bu barədə çox deyilib, çox yazılıb. Lakin bu gün burada həmin hadisələri yenidən xatırlamağımızın bir əlamətdar tərəfi də var. 29 illik intizardan sonra Axullu sakinləri doğma yuvalarına qayıdıblar. Düzdür, Axullu artıq onların qoyub getdikləri kənd deyil. Daha o dəbdəbəli evlərin, imarətlərin, bağ-bağatların heç biri yoxdur, həyət-bacalar dağıdılıb, ağaclar kəsilib, yollar məhv edilib, məktəb uçurulub. Olsun. Əsas odur ki, axullulular öz doğma yurdlarına qayıda biliblər. Bundan sonra daha gözəl, daha dəbdəbəli evlər, imarətlər tikəcəklər. Bunlar mənim sözlərim deyil, axulluluların öz dilindən eşitdiklərimdir ki, bir azdan siz də şahidi olacaqsınız.
Kəndə girməmişdən qabaq təpədəki məzarlığın yanında dayanırıq. Bura Axullu kəndinin məzarlığıdır. Gördüyümüz ürəkparçalayan mənzərə Qarabağın işğaldan azad edilmiş digər yerlərində şahidi olduqlarımızdan heç nə ilə fərqlənmir: dağılmış, uçurulmuş, qazılmış məzarlar, sındırılmış, aşırılmış məzar daşları. Təkcə bir məzar başqalarından fərqlənir. Başdaşı yerinə məzara dəmir lövhə bərkidilib. Üzərində Azərbaycan bayrağı dalğalanır.
Bu bayaq haqqında danışdığım məzardır, Şəhid Aslanov Elçin Gəray oğlunun məzarı. Elçin Aslanov Axullu kəndinin Qarabağ münaqişəsində verdiyi ilk şəhid idi. Onun şəhid olması anını kənddə hamı dünən olubmuş kimi xatırlayır. Gəlin hər şeyi elə şəhidin qardaşı Məhəmməd Aslanovun dilindən eşidək: “O vaxt Ermənistandan qovulan soydaşlarımız Xocavəndin Zəmzur kəndində məskunlaşmışdılar. Elçin də polis idi. 1991-ci ilin noyabr ayında vəziyyət ağır olduğundan Elçin Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları ilə birgə Zəmzur kəndinin müdafiəsini təşkil edirdi. Dörd polis olublar. Noyabrın 15-i 200-ə yaxın erməni kəndə hücum çəkir, qardaşımgil də onların qarşısını almağa çalışırlar. Həmin hadisədə iki qadın girov götürülmüşdü. Beş gündən sonra qadınlar azad olundular. Biz getdik qardaşımın və digər polislərin meyitlərini tapa bilmədik. Həmin qadınlar bizə dedilər ki, ermənilər bizimkilərin təslim olmadıqlarını görüb gizləndikləri evi yandırıblar. Biz də yanmış evə gedib silahlarının nömrəsi ilə onların meyitlərini tapa bildik”.
Elçin bu qəbiristanlığında dəfn olunan sonuncu Axullu sakini idi. Həmkəndlisi Şaiq Aslanov onu çox çətinliklə dəfn etdiklərini deyir: “Ermənilər gördüyünüz ətrafdakı yüksəkliklərdəki postlarından iri çaplı pulemyotlarla bura atırdılar. Noyabrın 21-də, o ağır şəraitdə Elçini dəfn elədik. O gündən sonra da bura ziyarətə gələ bilmədik. Heç imkan tapıb qəbrinin üstünü də götürə bilməmişdik. Torpaqlarımız müzəffər ordumuz tərəfindən azad edildiksən sonra bura ilk gəlişimizdə şəhid Elçinin qəbrinin üzərində müvəqqəti olaraq lövhə qoyduq və təbii ki, bayrağımızı sancdıq. Gələcəkdə onun qəbrinin üstünü adına layiq şəkildə götürəcəyik. Elçin Axullunun ilk şəhididir. Ondan sonra müxtəlif dövrlərdə kəndin 9 şəhidi olub. Onlar da didərgin düşmüş kənd sakinlərinin məskunlaşdıqları ərazilərdə dəfn edilib”.
Qəbiristanlığı ziyarətimizi bitirib kəndə baş çəkirik. Əslində, kənddə baş çəkiləsi elə bir yer, məkan da qalmayıb. Bir bizi görəndə üstümüzə qaçıb ac gözləri ilə “yemək istəyən” itlərdir, bir də deyəsən asudəliyə çıxdıqlarına sevinən iki-üç boz ulaq, özləri üçün otlayırlar. Ətrafdakı, dağların döşündəki erməni kəndləri ilə müqayisədə Axullu sanki yer üzündən silinib. Elə bil burada əvvəldən yaşayış olmayıb. Kənddəki evlərin əksəriyyəti dağıdılıb, yalnız dərənin üstündə bir-iki ev gözə dəyir. Bununla belə, bizimlə gələn sakinlərdən bəziləri bu xarabalıqların arasından özlərinin, qohumlarının, qonşularının evlərinin yerini tapa bilirlər.
Ömrünün 17 ili bu kənddə keçmiş Rəmziyyə Həsənova da evini tapanlar sırasındadır: “29 illik ayrılıqdan sonra doğulub boya-başa çatdığım kəndə ayaq basmışam. Keçirdiyim hisslər çox qarışıqdır. Sevinc də var, kədər də var, amma kədər daha çoxdur. Evlərimiz dağıdılmış olsa da, doğma elimizə, obamıza qədəm qoya bildik. Gedib evimizi də tapdıq. Təəssüf ki, o geniş, dəbdəbəli evimizin yalnız qalıqları qalıb. O da mənə çox pis təsir elədi, çünki doğulduğum, boya-başa çatdığım, valideynlərimin min bir əziyyətlə qurub yaratdığı evi o vəziyyətdə görmək çox ağırdır. Amma şükür ki, yenə gəlib gördük. Bu torpaqlar bizimdi, inşallah, ondan da yaxşı evlər qurub tikərik”.
Axullunu bu dağlara tapşırıb, geri qayıdırıq. Yolumuzu gözləyən Salakətin, Tuğ kəndləri var.
***
Zoğalbulaq kəndinə gedən asfalt yol haçalanır. Burdan sonra dağa qalxan torpaq, yoxuş yol Salakətin kəndinə aparır. Maşınlarımızı bu yolla sürüb kəndin mərkəzindəki bulağın yanında dayanırıq.
Salakətin kəndi dağlar qoynunda qərar tutmuş 50 evdən ibarət balaca kənd olub. Kəndin qarşısında geniş mənzərə açıldığı üçün bura bəzən “bala Tiflis” də deyiblər.
Hazırda bir-iki evdən başqa kənddə tikili tapmaq çətindir. Evlər dağılıb, çəpərlər sökülüb, yolları, cığırları böyürtkən kolları, ot-ələf basıb. Salamat qalan evlərdən isə tövlə kimi istifadə edilib. O evlərdən birinə giririk. Yonulmuş daşlarından, arkalı pəncərələrindən, tağbənd formasında tavanından qədim bina olduğu hiss olunur. Lakin o qədimlikdən, gözəllikdən əsər-əlamət qalmayıb, uçmaq təhlükəsi ilə üz-üzədir.
Kənd icra nümayəndəsi Hamlet Allahverdiyev deyir ki, vaxtilə Salakətin varlı, böyük kənd olub. “Kənddə 500-ə yaxın ev vardı. Lakin ermənilər azərbaycanlılara iş vermir, yaşamaq üçün şərait yaratmırdılar. Təkcə 1957-ci ildə mənim atamgillə bu kənddən 11 ev çıxıb, ana tərəfimdən də 25 ev çıxıb. Bizi sıxışdırır, işləməyə qoymurdular. Beləcə, kənddəki evlərin sayı azalıb əlliyə düşmüşdü. Təsəvvür edin ki, kənddəki məktəb 8 illik idi, doqquz-onuncu sinifləri oxumaq üçün buranın uşaqları gərək 6-7 km yolu piyada Tuğa gedəydilər. On bir illik məktəb açmağa da imkan verilmirdi. Hələ o vaxtdan ermənilər azərbaycanlıları bu cür sıxışdırdılar”.
O, uşaqlığının Salakətində keçdiyini deyir: “Hər yay tətilində gəlirdim. Bu kəndin dağlarında, dərələrində hər yerdə ayaq izlərim var”. Hamlet Allahverdiyev deyir ki, baba yurdu kəndin lap yuxarısında tut ağaclarının əhatəsindəymiş. Bizimlə söhbətdən sonra baba evini axtarmağa gedir.
Kəndin digər sakini Vüqar Hüseynovun isə sevincinin həddi-hüdudu yoxdur. 29 il 4 ay sonra, nəhayət, ata yurdu olan evə daxil olur. Düzdür, iki mərtəbəli, on otaqlı evdən yalnız üç quruca divar qalıb. Amma bir igidin ömrünə tay ayrılıq illərindən sonra sevinmək üçün bu da bəs edir. Vüqar Hüseynov evin böyürtkən basmış həyətinə keçir, diz çöküb torpağı doyunca öpür.
“Evimizdəyəm, evimizdə. Mən evimizə gəlmişəm, ay camaat”, - Vüqar müəllimin yoldaşıdır. Onun da sevinci yerə-göyə sığmır, hamını haraylayıb sevincini bölüşür: “Bura mənim rəhmətlik qayınatamın, qayınanamın evi olub. Onlar yeddi övlad böyüdüblər, ikisi qız, beşi oğlan. Şükür Allaha, hamısının neçə övladı var. Hər biri bura dönməyə, buranın torpağından öpməyə, suyundan içməyə hazırdı”.
“Həyatımın bəlkə də ən gözəl günüdür. Mən indi illərdir xəyalını qurduğum, arzuladığım günü yaşayıram. Bu anı yaşamaq üçün hər şeyimi verərdim” - Vüqar Hüseynovdur, həyəcandan danışa bilmir, kövrəlir: “25 yaşıma kimi mən bu evdə yaşamışam. Allah bizə ömür versin ki, qayıdıb təzədən burda məskunlaşa bilək. Biz ölənə kimi şəhidlərimizə borcluyuq, bu gözəl yerlərə qayıtmağı onlar bizə nəsib elədilər. Ali Baş Komandanımızın səyi nəticəsində biz qayıtdıq. Şükür Allaha ki, nəhayət doğulduğum torpaqda, doğulduğum evdəyəm”.
Vüqar Hüseynov deyir ki, həyətləri böyükmüş: “On sota yaxın ərazisi vardı. Əsasən alma, armud, tut, qoz ağacları əkmişdik. Ümumiyyətlə, hər bir şey becərirdik. Çoxu məhv olub gedib, həyətin yerini böyürtkən, ot-ələf basıb. Maşın düz evin altındakı qaraja kimi girirdi. Amma deyim ki, hər maşın da kəndə çıxa bilmirdi. Şəhərdən gələn maşınları zəncirlə dartıb bura qaldırırdıq. Qardaşlarıma gəlini atla gətirmişik, oxuya-oxuya, oynaya-oynaya... Eh, nə günlər vardı bu kəndə”.
“Məndən olsa heç getmərəm, nə işim var aşağılarda. İcazə verələr, elə burdaca qalaram”, - Vüqar müəllim dağılmış ata yurduna baxa-baxa təəssüflə deyir.
Bulağın başına düşürük, şirin suyundan içib canımızdakı yorğunluğu qovuruq.
- Oğlanlar qızları bu bulağın başında bəyənərdilər, - Vüqar müəllimin yoldaşıdır.
- Sizi də burada bəyəniblər? – Deyirəm.
- Yox, - gülür, - məni qıraqda bəyəniblər. İşğaldan sonra. Bu kəndin qızları gözəl olub deyə, oğlanlar qırağa gedə bilmirdilər. Bu bulaq bir saçyoldular görüb ki, - yenə gülür.
- Qızlar ciddi-ciddi saçyolduya çıxırdılar, yoxsa zarafat edirsiz?
- Hə. Filankəs filankəsi sevdi mən qaldım.
- Bulağın başı həmişə gur olardı, daha belə sakit yox. İlk dəfədir, mən bulağımızı belə sakit, kimsəsiz görürəm – yoldaşı əlavə edir.
Gültəkin Ağayeva salakətinli olmasa da, bura gəlin köçənlərdəndir: “Xankəndi Pedaqoji İnstitutunu bitirəndən sonra bu kəndə müəllim təyin olunmuşdum. 1991-ci ilin oktyabrın 31-ə qədər burada yaşamışam. Salakətin balaca dağ kəndi idi. Amma çox gözəl mənzərəli bir yerdə yerləşirdi. Çox zəhmətkeş, ziyalı sakinləri vardı”.
Kəndin aşağısındakı, bircə pas atmış dəmir qapısı qalan evlərini uzaqdanca bizə göstərir. Heyf ki, ora aparan yollar, cığırlar tamamilə silinib, yoxsa “qonaq” gedərdik. Bir də axı bu yerlərdən mina qorxusu hələ çəkilməyib!
Gültəkin xanımın Salakətinlə bağlı xoş xatirələri bol olsa da, 1988-ci ildə sonra başlanan səksəkəli günləri, ağır illəri də unutmayıb: “Ermənilər bu dağların başından hər axşam kəndi atəşə tuturdular. Hər səhər mən həyətdən bir torba güllə yığırdım. Bununla belə, heç kəs kənddən çıxmırdı. Belə bir inam vardı ki, kənddən bizi heç kəs çıxara bilməz. Məktəb də, idarələr də işləyirdi, camaat hər səhər evindən balta, yaba, bellə çıxıb işləməyə gedərdi”.
O, kəndin işğalını təəssüflə xatırlayır: “Bizim özünü müdafiə dəstələrimiz vardı, səhərə qədər kəndi qoruyurduq. Amma kənd işğal olundu. Tuğ kəndini bizim gözümüzün önündə yandırdılar, burdan baxanda görünür. Tuğ işğal olunandan sonra isə Salakətin kəndinin də çıxması labüd idi. Artıq bizi qoruyan yox idi. Düzdür, qəbiristanlığın o üzündə bir post var idi. Orda 366-cı motoatıcı alayın əsgərləri guya bizi qoruyurdular, amma sizi inandırıram ki, gecə səhərə kimi ermənilər ordan çıxmırdılar. Beləcə, 1991-ci ilin oktyabrın 30-da kənd işğal edildi”.
Gültəkin xanım kəndlərinə yenidən qayıdacaqlarını deyir: “Gələndə də gördünüz, artıq yol, işıq çəkilir. Qarabağda həyat yenidən canlanacaq, burda daha yaxşı kənd qurulacaq. Biz də bu doğma torpaqlarımıza qayıdıb firavan yaşayacağıq”.
***
- Vahid dayı, bura Qərvinin ferması deyil? – Şoferimizdi. Maşınımız keçdiyi yolda gördükləri barədə soruşur.
- Hə, hə.
- Çaxır zavodu da buraydı?
- Hə, dağıdıblar. Böyük zavod idi. Dağıdıb aparıblar hamısını. Bircə divarları qalıb. O tərəfdə görünən, dərədəki də donuz fermasıydı.
- Qərvi adam adıdır? – Mənəm, maşınımızın pəncərəsindən görünən mənzərələrə baxa-baxa dəqiqləşdirmək üçün soruşuram.
- Qarabağ çaxırı də, “Karabaxskoe vino”. Adını qısaca elə deyirdilər. Böyük zavod idi.
- Vahid müəllim, onda Hovarın diki hansıydı burda? – Yenə şoferimizdir.
- O dağın dalı Hovardı.
- Bəs artezian harda qaldı?
- Artezian qabaqdadı. Sol tərəfdə.
- Mən arteziandan gəlib su götürürdüm. Hovarın diki harda qaldı bəs?
- Bıde ha. Hovanın diki budu. Burda artezian da var.
- Artezianda göy daşı qarışdırırdıq, aparıb üzümlərə vururduq. Buralar hamısı üzüm bağı idi e. Papamın fermasını göstərəjəm sizə. Böyük fermaydı. – Şoferdi, sevinə-sevinə deyir.
- Hayandaydı?
- Yolun solundaydı. Göstərəjəm. Vahid müəllim, Dırmanabəndin yanından çaya düşöjüy?
- Dırman? – Yenə heç nə başa düşmürəm.
- Dırman, bizim camaat belə deyirdi, yəni Dəyirmanın bəndi. - Vahid müəllim izah verir.
- Orda dəyirman vardı bir vaxtlar – Bu dəfə Cəmil müəllim söhbətə qoşulur.
- Vahid müəllim, bunların hamısını təzə tikiblər e, hə? – Yolun solundakı parkı göstərir.
- Hə, təzə tikiblər.
- Mastrafon buraydı da?
Maşın gördüyümüz obyektləri geridə qoyur.
- Hə, bura da Qiyas əminin pavilyonuydu.
- Görəsən nə bişirib? – Şofer deyir, salonda gülüşmə düşür.
- Pəh, sənə ürəyim qurban e.
- Bura da Edikin zapravkasıydı, - Vahid müəllimin bələdçiliyi davam edir.
- Erməniydi? - Mənəm.
- Hə, sahə müvəkkiliydi Tuğda.
- Baax, buraydı, bizim ferma. Pay dədə, qoz ağacı da qalır e.
- Bıde, Tuğ kəndi!
- Burdan başlayır?
- Hə.
- Bay dədə gə. Niyaz müəllimin çəpərinin altı deyil bura? – Yanından keçdiyimiz çəpəri göstərir.
- Hə, bıdey. Niyaz müəllimin evi yoxdur.
- Ə, Cəmil müəllimin qayınatasının evidi, bə bu kimin evidir? Jenyanın evi. Vəligilin evi.
Maşın eyni sürət, eyni həyəcanla evlərin, həyətlərin yanından keçib gedir.
- Vəligilin evi.
- Bura da maqazin. Bura da Cahangirgilin evi.
- Vahid müəllim, bu nədi bəs?
- İdarə.
- İdarənin yenişi oradır?
- Hə.
- Bu da poçtdu.
- Yox, polis idarəsidir.
- Poçtumuz onda budur. Allah sən saxla! Heykəlin yanından yenirsən bizim evə! Bura da Mədəniyyət evi! Klubumuz idi bura! Aya, aya, aya, ə bura mənim canım qurban, bura nə yaxşı gəldik biz! - Şoferimiz Elçindi, bayaqdan elə bil maşın sürücüsü deyil, təyyarə pilotudur, doğulduğu yerlərə uça-uça gəlir. Yol boyu ən çox heyrətlənən də, ən çox sual verən də, yaddaşında ilişib qalmış xatirələrlə gördüklərini müqayisə edən də odur.
O birilər də Vahid müəllimdi, Cəmil müəllimdi, bir də 14 yaşı olanda kənddən çıxan Rahibdi. Yuxarıdakı dialoq isə Tuğa gələrkən eşitdiklərimizdi. 30 il sonra kəndlərinə qayıdıblar. Sevinclərindən yerə-göyə sığmırlar.
Maşın kənd meydanında dayanır. Buranın daşı, torpağı hərəni bir tərəfə çəkir. Vahid müəllim meydanın ortasındaca dövrə vurur, doğulub boya-boya başa çatdığı yerlərə 30 ildən sonra yenidən tamaşa edir, Cəmil müəllimi bir az aralıdakı evləri özünə dartır, şoferimiz Elçin heykəlin aşağısındakı yurdlarını görməyə tələsir, Rahibsə məlul-məlul ətrafa baxır, bilmirəm mənə eşitdirir, yoxsa öz-özünə deyir: “14 yaşım vardı burdan çıxanda”.
- Yadına gəlir buralar? – Soruşuram.
- O qədər.
- Eviniz hardaydı?
- Evimiz yuxarıdaydı. İndi gedəjəyik ora.
Tuğ kəndi. Xocəvənd rayonunun mərkəzindən 53 kilometr cənub-qərbdə, Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400–1500 m yüksəklikdə yerləşən cənnətdən bir guşə. “Cənnət” ifadəsini sözgəlişi işlətmədim. Tuğ təkcə dağların döşündə, meşələrin qoynunda yerləşdiyinə görə deyil, həm də əksəriyyəti çapılma və kobud yonulma daşlardan tikilmiş evlərinin memarlığına, qədim abidələrlə zənginliyinə görə də seçilir. Elə təkcə meydançanın arxasındakı qədim tikili qalıqları burada sirli bir tarixin uyuduğundan xəbər vermirmi, verir? Elə həmin bu yerdə də vaxtilə Dizaq məliklərinin sarayları ilə yanaşı, Tuğ kəndindəki qədim məktəb binası da olub. Yoxsa ermənilər niyə haqqında danışdığımız bu yerlərdə arxeoloji qazıntılar aparırdılar?
Vahid müəllim (Göyüşov) deyir ki, həmin məktəbdə oxuyub. Məktəb binasının yuxarısında zəng qülləsi görünən də alban kilsəsi olub: “Vaxtilə ora bizim klubumuz idi. Orda kinoya baxırdıq, - üstü xalça ornamentləri ilə bəzənmiş, dağılmış iki mərtəbə binanı göstərir:
- Sonra bu mədəniyyət evini tikdilər. Mirmehdi Xəzaninin qəbri də qarşıdakı dağın başındadı. Bizim ev də ora yaxındır”.
Vahid Göyüşov 1951-ci ildə Tuğda anadan olub. Uşaqlığı, yeniyetməliyi bu kənddə keçib. Birinci sinfə də vaxtilə Mirmehdi Xəzaninin dərs dediyi beynəlmiləl məktəbdə gedib. Elə söhbətimizin davamını da vaxtilə məktəbin olduğu yerin qabağındakı qədim çinar ağacının altında edirik.
- 1978-ci ilə qədər bu məktəb fəaliyyətdə olub. Ermənilərlə birlikdə bu məktəbdə oxumuşuq, ancaq siniflərimiz ayrı idi.
- Yəqin ki, ermənilərlə mehriban şəraitdə yaşayırdınız?
- Çox mehriban yaşayırdıq.
- 1988-ci ilə qədər...
- 1988-ci ildə məlum hadisələr səbəbindən ermənilər kənddə belə bir şüar yaymağa başladılar ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir. Ermənilər kəndin yuxarısındakı dağlara çıxıb “Miatsum, miatsum”, yəni “Birləşək, birləşək” deyə qışqırışırdılar. Bu minvalla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün kənddən imza toplamağa başladılar.
- Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təklifləri də bu kənddən başlamışdı, düzdür?
- Bu kənddən başlandı, eyni zamanda mitinqlər də keçirirdilər. Mitinqlər də Hadrut qəsəbəsindən başladı. Avtobuslarla gəlib Tuğdakı, ətraf kəndlərdəki ermənilərin hamısını Hadrutda təşkil olunan mitinqə aparırdılar. Getdikcə vəziyyət gərginləşdi. Sonradan camaatı, maşınları, evləri daşlamağa başladılar. Gördük ki, bunların niyyəti pisdir.
- Bəs siz müqavimət göstərmirdiniz?
- Müqavimət göstərirdik. Yalnız Tuğ kəndi 12 erməni kəndinin əhatəsindəydi. Ona görə də bizim üçün çətin idi. Buna baxmayaraq, güc gələ bilmirdilər. Maşınlarımızı daşlayırdılar, tək-tək evlərimizi yandırırdılar. Beləliklə, vəziyyət o qədər gərginləşdi ki, 1991-ci ildə oktyabrın 30-dan 31-ə keçən gecə kəndi tamamilə işğal elədilər.
- Kəndə hücumları çox olurdu?
- Onlar dəfələrlə bu kəndə hücum edirdilər. Düzdür, onların qarşısını alırdıq. Ancaq 12 kənd silahlandırılıb bir kəndin üstünə göndərilə, onda necə olar? Ona görə də qocaları, uşaqları kənddən çıxarırdıq, özümüz qalıdrdıq. Bir neçə dəfə bu proses davam edəndən sonra gördülər ki, çıxmırıq, oktyabrın 30-da hücum edəndə, hara yaxınlaşırdılarsa od vurub evləri yandırırdılar ki, geri qayıda bilməyək. O minvalla Tuğdakı Azərbaycan evlərini, gördüyünüz bu məktəbi darmadağın elədilər.
- Bildiyim qədəri ilə tuğlular da geri çəkilməyib, müqavimət göstəriblər, hətta bir dəfə ermənilərin maşınını dərəyə aşırmısınız.
- Ermənilər bizim səkkiz mülki sakinimizi qətlə yetirmişdilər, özü də hər dəfə iki-iki öldürürdülər. O hadisə isə belə olmuşdu. Quruçay deyilən yer var. Bizim iki nəfəri orda maşın yuyanda ermənilər öldürdülər. Bundan sonra kəndə xəbər gəldi ki, Nəcəfov Vahidi və Məmmədov İbişi öldürüblər. Bu vaxt da ermənilərin avtobusu Hadrutdan gəlib Domi kəndinə gedirdi. Bizimkilər də avtobusun qabağını kəsib öldürülən həmkəndlilərinin qisasını aldı, avtobusu da dərəyə yuvarladı. Bir dənə UAZ maşını da gəlib azərbaycanlıların arasından saymazyana keçmək istəyəndə, onu da dərəyə yuvarlamışdılar. Yəni heç zaman biz qisasımızı ermənilərdə qoymamışıq. Hər zaman ermənilərlə döyüşüb qisasımızı almışıq. Hətta az olmağımıza baxmayaraq, ermənilər bizdən qorxurdular. Elə ki kənddə çaxnaşma düşürdü, biz Mirmehdi Xəzaninin qəbri olan təpədə “Dədə Qorqud” filmindəki kimi tonqal qalayıb Füzuliyə xəbər edirdik. O dəqiqə camaat bizə köməyə gəlirdi. Ermənilər o tonqaldan qorxurdular.
- 31 il əvvəlki kənddən indi nə qalıb?
- Mən bu kənddən çıxanda 40 yaşım vardı, artıq 70 yaşım var. 30 ildə bu kənddə çox dəyişiklik olub. Bizi buradan çıxarıblar, evləri dağıdıblar, heç öz evlərinə də baxmayıblar. Onların burdakı yaşayış tərzi də yaxşı olmayıblar.
- Bəs Sizin yaşayışınız necə idi?
- Biz çox gözəl şəraitdə yaşamışıq. Hər şeyimiz bol idi. Evlərimiz yaxşı, mənzərəli idi. Baxmayaraq ki, kənd yeri idi, suyumuz, qazımız, xəstəxanamız, mədəniyyət evimiz vardı. O mədəniyyət evində kimlər konsert verməyib: Şövkət Ələkbərova, Mütəllib Mütəllibov, İslam Rzayev, Əlibaba Məmmədov, Rövşən Behçət, “Lalə” qızlar ansamblı... Bakıdan Tuğa avtobus işləyirdi. Ancaq bu mənfur ermənilər belə şəraiti özlərinə çox gördülər.
- Nəhayət, doğulduğunuz kəndə qayıtmısınız. Nə hisslər keçirirsiniz?
- Mən inanmazdım ki, 30 il sonra gəlib öz kəndimi görəm. Amma sağ olsun Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev, onun sayəsində, rəşadətli ordumuzun sayəsində mən gəlib vətənimi gördüm. Şəhidlərimizin, onların valideynlərinin qarşısında baş əyirəm.
Cəmil Bayramov bizi anadan olduğu həyətə dəvət edir. Darvazadan keçirik, solda ikimərtəbəli bir ev ucalır, sağda köhnə bir tikilinin bir divarı görünür, talvarın altında isə emalatxana salınıb.
“Bura mənim ata evimdir, evlənənə kimi bu evdə yaşamışam. Evlənəndən sonra isə başqa evə köçmüşəm. Quldur ermənilər buranı necə dağıdıblarsa, mənim o qaldığım evi də o cür məhv ediblər”, - Cəmil müəllim danışır.
Cəmil müəllimin doğulub boya-başa çatdığı evi dağıdıb ermənilər emalatxana düzəldibmiş. Onun sözlərinə görə, qonşuluqdakı ev isə Azərbaycan Cümhuriyyəti dövründə Yollar, Poçt və Teleqraf naziri olmuş Xudadat bəy Məlik-Aslanovgilin yurdu olub.
Xudadat bəy Məlik-Aslanovgilin evi və Tuğdakı digər tarixi abidələr növbəti yazıda...
(Ardı var)
Foto: İlkin Nəbiyev