“Son dövrlərdə Ermənistan bir sıra beynəlxalq tədbirlərdə mövcud olmayan hərbi əsir problemini ortaya çıxır. Hərbi əsir müasir beynəlxalq humanitar hüququn uzunmüddətli inkişafının gedişində təşəkkül tapan məfhumdur və onun əhatə etdiyi şəxslərin hüquqi statusu ilk dəfə “Hərbi əsirlərlə rəftar haqqında” 27 iyul 1929-cu ildə qəbul edilən Cenevrə Konvensiyası ilə müəyyən edilib”.
Bunu APA-ya açıqlamasında Məhkəmə-Hüquq Şurasının üzvü, Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov deyib.
N. Səfərovun sözlərinə görə, İkinci Dünya müharibəsinin acı nəticələri nəzərə alınmaqla, qeyd edilən şəxslərə dair müddəalar 12 avqust 1949-cu il tarixli “Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyası və 8 iyun 1977-ci ildə qəbul edilmiş “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair” Cenevrə Konvensiyalarına əlavə 1 saylı protokola daxil edilib: “Beləliklə, sonuncu iki beynəlxalq hüquq sənəd hərbi əsirlik rejimini müəyyən edir. İlk olaraq nəzərə almaq lazımdır ki, III Cenevrə Konvensiyasının 4-cü maddəsinə əsasən, münaqişə tərəflərinin birinin silahlı qüvvələrinin şəxsi heyətinə daxil olan və digər münaqişə tərəfinin ələ keçirdiyi şəxslər hərbi əsir qismində tanınır. Hərbi əsir statusu yalnız kombatantlara verilə bilər. Kombatantlar isə münaqişə tərəflərinin silahlı qüvvələrinin tərkibinə daxil olan, yəni hərbi əməliyyatlarda iştirak etmək hüququna malik şəxsdir. Beynəlxalq humanitar hüquqa əsasən, casuslar və muzdlular hərbi əsir qismində tanına bilməz. Sonuncu kateqoriyaya aid olan subyektlərə münasibətdə bu yanaşma, həmçinin, “Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və hazırlanması ilə mübarizə haqqında” 4 dekabr 1989-cu il tarixli beynəlxalq konvensiyanın 16-cı maddəsində də nəzərdə tutulub. Hərbi əsir statusunun əldə edilməsini şərtləndirən ən mühüm hüquq prinsiplərindən biri ondan ibarətdir ki, bu cür statusu əldə etmək üçün beynəlxalq silahlı münaqişə mövcud olmalıdır.
10 noyabr 2020-ci ildə Azərbaycan və Rusiya prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı birgə bəyanat defakto və de-yure münaqişənin bitməsini bəyan etdi. Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi mövcud deyil və tarixə qovuşub. Burada sual olunur ki, münaqişə bitdikdən sonra Azərbaycan Respublikası ərazisinə daxil olan erməni silahlı qüvvələrinə mənsub olan şəxslər hansı qisimdə tanınmalıdır? Bunun yalnız bir cavabı var - Onlar cinayətkardır, diversantdır, terrorçudur və heç bir halda beynəlxalq humanitar hüquqdan irəli gələn müdafiədən istifadə edə bilməzlər. Beynəlxalq silahlı münaqişə bitdikdən sonra Azərbaycan Respublikası ərazisinə daxil olan şəxslərin məsuliyyəti yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin əsasında həyata keçirilə bilər. Bir daha təkrar etmək lazımdır ki, bu şəxslərə beynəlxalq humanitar hüquq şamil edilmir”.