Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkonun APA-nın Moskva müxbirinə müsahibəsi
“Azərbaycan Silahlı Qüvvələri XXI əsrin ordusudur”
- İqor Yuryeviç, Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə başa çatdı. Siz bir hərbi ekspert kimi Azərbaycanın bu müharibədə uğurunu necə qiymətləndirirsiniz?
- Müharibədə uğuru hər şeydən öncə hazırlıqlı, effektli təchiz edilmiş və yüksək mənəvi ruh yüksəkliyi ilə döyüşmək qabiliyyətində olan ordu həll edir. Bütün bu sadaladığım faktorlar Azərbaycan Silahlı Qüvvələrində mövcud idi. Azərbaycan Ordusu hərbi yolla işğal altındakı torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa edilməsi problemini həll etdi. Etiraf etmək lazımdır ki, açığını desək, çox az adam Azərbaycan Ordusunun yüksək effektli döyüş qabiliyyətinə malik olması haqqında düşünürdü. Biz, prinsipcə, Azərbaycan Ordusunun potensialını adekvat qiymətləndirirdik. Bununla yanaşı “Azərbaycan Ordusu döyüşə bilməz, o, effektli hərbi qələbə qazana bilməz. Ermənistan isə istisnasız olaraq peşəkar, ixtisaslı döyüşür” kimi bəyanatları da yaxşı xatırlayırıq. Lakin həyat hər kəsi özü yerinə oturtdu. Biz XXI əsrin ordusunu gördük. Azərbaycan Ordusu 1980-ci illər dövrünün ordusu ilə vuruşurdu. Burada Azərbaycan Ordusunun hərbi qələbəsi sadəcə qanunauyğunluq deyildi, həm də qaçılmaz idi. Bununla yanaşı, biz bu cür qələbənin Azərbaycan dövlətinin son illər silahlı qüvvələrin modernləşməsinə və təliminə əhəmiyyətli vəsaitlər xərcləməsi sayəsində mümkün olduğunu qeyd edirik. Burada dövlətin birinci şəxsinin rolu böyükdür. Xüsusi ilə də postsovet məkanında birinci şəxslər çox şeyləri müəyyən edirlər. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl siyasətini xüsusi qeyd etmək istəyirəm. Hansı ki, Azərbaycan Prezidenti şəxsən, dəfələrlə, yorulmadan hərbi hissələri ziyarət edib, ordunun qayğısına qalıb, Azərbaycanın neftdən gələn gəlirlərinin bir hissəsinin ölkənin hərbi gücünə çevrilməsi üçün hər şeyi edib. Nəzərə alsaq ki, ölkə ərazisinin 20 faizi Ermənistanın işğal altında idi, bunu etmək lazım idi. Bütün bunlar əla nəticələr verdi. Düşünürəm ki, bu mənada Dağlıq Qarabağda olan müharibə, hansı ki, ikinci Qarabağ müharibəsi adlanır, o, dünya müharibə sənəti tarixinə “dronlar müharibəsi” kimi daxil olacaq. Dünya tarixində ilk dəfə müharibə tərəflərindən biri olan Azərbaycan bu qədər zərbə və kəşfiyyat pilotsuz uçuş aparatlarından istifadə edib. Məhz bunların sayəsində böyük uğur əldə etmək mümkün oldu. Lakin düşünürəm ki, başlıca faktor Azərbaycan əsgəri və zabitinin igidliyi, hərbi komandanlığın savadlılığı və sözsüz ki, Ali Baş Komandan İlham Əliyevin istisnasız böyük rolu oldu. Azərbaycan Prezidenti İlham Əliyev dövlət rəhbəri kimi, Ali Baş Komandan kimi effektli olduğunu, Azərbaycanda mövcud olan hakimiyyət modelinin effektli olduğunu, ümumilikdə qeyri-effektiv, bacarıqsız və korrupsiyaya bulaşmış Ermənistan rejiminin fonunda Azərbaycan dövlətinin nə qədər effektli olduğunu göstərdi.
“Azərbaycan Ordusu Şuşa uğrunda döyüşləri istisnasız olaraq şəxsi igidliyi, dözümlülüyü, əzmi və qələbəyə inamı sayəsində qazanıb”
- Şuşa şəhərini Azərbaycan Ordusu dronlarsız, yüksək texnologiyalardan istifadə etmədən azad edib. Demək olar ki, əlbəyaxa döyüş olub. Bu barədə nə deyə bilərsiniz?
- Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı əməliyyat göstərdi ki, bu şəhər Azərbaycan üçün strateji əhəmiyyətli və simvolik xarakter daşıyır. Məsələ ondadır ki, Şuşadakı hərbi əməliyyatların teatrı havadan dəstəkdən, ağır silahlar və texnikalardan istifadə etməyə icazə verməyib. Azərbaycanlı döyüşçülər, görünür onların bir qismi xüsusi təyinatlılar və dağ atıcı bölmələri olublar, Şuşaya dağ-meşə yolları ilə piyada marş ediblər. Onlar güllələri, silah-sursatları üzərində daşıyıblar. Şuşa uğrunda döyüşlər şiddətliliyi ilə seçilib. Azərbaycan Ordusu Şuşa uğrunda döyüşləri istisnasız olaraq şəxsi igidliyi, dözümlülüyü, əzmi və qələbəyə inamı sayəsində qazanıb. Ermənistan tərəfinin Şuşa uğurunda döyüşlərdəki itkilərini bilirik. Bütün bunlar onu göstərir ki, üzbəüz döyüşdə, haradakı ki, ya sən öldürürsən, ya da səni öldürürlər, Azərbaycan bölmələri qələbə qazanıb. Üstəlik, onu da qeyd edim ki, Ermənistan ordusuna Şuşa döyüşlərində artilleriya, reaktiv yaylım atəşləri sistemləri, zirehli texnika dəstək verib. Ermənilər Xankəndindən Azərbaycan bölmələrini ağır silahlarla atəşə tutublar. Bütün bunlara baxmayaraq, çox şiddətli keçən təmas döyüşlərində, küçə döyüşlərində Azərbaycan Ordusu əla döyüş qabiliyyəti keyfiyyətinə malik olduğunu göstərmiş oldu. Şuşa döyüşləri bu müharibədə kimin qələbəyə inamlı olduğunun, kimin əsgərinin nə üçün vuruşduğunun göstəricisidir. Əlbəttə ki, bu, həm də qərargahların işinin effektivliyinin göstəricisidir. Ona görə ki, bu cür əməliyyatlar planlaşdırılıb, onun yekunu və nəticələri savadlı operativ hərbi idarəetmə və sözsüz ki, döyüşlərdə Azərbaycan əsgəri və zabitinin dözümlülüyüdür.
“Lavrov və Şoyqunun İrəvana səfəri zamanı Moskvanın mesajı Ermənistan tərəfinə çatdırılıb”
- Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanata yenidən baxılması cəhdləri müşahidə olunur. Xüsusi ilə də Ermənistan və bu bəyanatda adları vurğulanmayan Qərb ölkələri tərəfindən... Sizcə bu cəhdlər nə ilə nəticələnə bilər?
- Düşünürəm ki, üçtərəfli bəyanat uzun sürən Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanmasının özülüdür. Razılaşmada Paşinyanın imzası durur. Onun simasında faktiki olaraq Ermənistan Azərbaycanın şərtləri altında kapitulyasiyaya gedib və hərbi əməliyyatları dayandırmağa razılaşıb. Bilirik ki, işğal altındakı Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələri çıxardılır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunur. Bəli, İrəvanda bu bəyanatın qüvvədən düşməsinə və ya yenidən baxılmasına çağırışlar olub. Burada bir sıra xarici oyunçuların, xüsusi ilə Fransa və ABŞ-ın aktiv təsiri böyükdür. Bununla əlaqədar, Rusiya müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfərini xatırlatmaq istəyirəm. Bu səfər zamanı rəsmi Moskvanın mesajı bir daha Ermənistan tərəfinə çatdırılıb. Bildirilib ki, Ermənistan üçtərəfli bəyanatdan irəli gələn üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməlidir. Bundan başqa, Rusiya Prezidenti Vladimir Putin müsahibələrində, məlum razılaşma ilə bağlı çıxışında bəyanatın icra olunmasının vacibliyini vurğulayıb və bəyan edib ki, Ermənistan tərəfindən razılaşmadan imtina edilməsi fəlakətə səbəb olacaq. Buna əlavə ediləcək bir şey yoxdur. Lakin bununla belə, biz Fransa Senatında çirkin təlaşın olduğunu, siyasi rüşvətxorluğun qapalı olmayan tərəfini müşahidə edirik. Erməni lobbisi Azərbaycana qarşı bu çirkin oyunda iştirak etmək üçün Fransa siyasətçilərinin bir qismini ələ alıb. Əlbəttə ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınmasından heç bir söhbət gedə bilməz. Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi açıq-aydın erməni marağını təbliğ edə bilməz. Fransa hadisələrə erməni eynəyindən baxmamalıdır. Lakin biz burada faktiki olaraq prezident Makronun, Avropa və Fransanın hörmətli siyasətçisinin İrəvanın təsirində olan agent kimi çıxış etdiyini görürük. Bütün bunlar böyük təəssüf doğurur. Amerika isə bu dəqiqə regiondakı vəziyyətin hayında deyil. Buna baxmayaraq, getməkdə olan ABŞ-n prezident administrasiyası tərəfindən Amerika-erməni lobbisinin oyunlarını, dövlət katibi Pompeonun qeyri-konstruktiv bəyanatını gördük. Baydenin də aktiv erməni lobbiçisi olduğunu bilirik. Lakin ümid edirəm ki, ABŞ Prezidenti kimi o, özünü məsuliyyətli və layiqli aparacaq. Bununla belə, üçtərəfli bəyanatı tormozlamağa çalışanlar var və bundan sonra da olacaq. Ümid edirəm ki, Rusiya sülhməramlılarının iştirakı və Rusiya və Azərbaycanın nüfuzunun dəstəyi ilə məlum sənədi Ermənistan tərəfi tam həcmdə müəyyən olunmuş müddətdə icra edəcək.
“Qarabağ-Azərbaycandır! Bu gün bu reallıqdır. Ermənistan dövləti və cəmiyyəti bu reallığı qəbul etməlidir”
- Necə hesab edirsiniz, ümumilikdə, bu hadisələrdən sonra Ermənistanın taleyi necə olacaq?
- Ermənistan təkcə hərbi deyil, həm də siyasi və iqtisadi fəlakətə uğrayıb. Əgər Ermənistan revanş, qisas yolunu tutsa, düşünürəm ki, bu ölkəni birdəfəlik dünya xəritəsindən silinmə gözləyir. Ermənistan çökəcək. Ona görə ki, Ermənistandan aktiv əhali axınının olduğunu görürük. Əgər, onlar bu qeyri-konstruktiv siyasəti davam etdirsələr, Ermənistanın iqtisadi problemləri daha da güclənəcək. Ermənistan mehriban qonşuluq yolunu tutmalıdır. İlk növbədə mövcud siyasi reallığı qəbul etməlidir. Bu reallıq ondan ibarətdir ki, heç bir “Böyük Ermənistan” yoxdur və heç vaxt olmayacaq. Bu mifdir. Hitlerin silahdaşı olan Qaregin Njdenin ideologiyası əsasında Ermənistanda qurulan ideologiya bu ölkə və erməni xalqı üçün tarixi dalandır. Əgər Ermənistan özündə güc tapıb bu qisasçılıqdan, Azərbaycana və digər qonşularına qarşı ərazi iddialarından imtina etsə, regionda iqtisadi, siyasi və mədəni əlaqələri bərpa etsə, Azərbaycan və Türkiyə ilə düşmənçiliyə son qoysa, o zaman bu ölkənin uğurlu inkişaf etməyə şansı olacaq. Dünya xəritəsində bütün ölkələr və xalqlar bərabərdir, “eksklüziv xalq” anlayışı yoxdur. Əgər İrəvandakı hakimiyyət elitası tərəfindən tarixi qisasçılıq ideologiyasının həyata keçirilməsi davam etsə, bu, Ermənistana yeni bəlalar və hansısa tarixi perspektivdə mövcud olmamaq gətirəcək. Hesab edirəm ki, Azərbaycan və erməni xalqı birlikdə yaşamalıdır. Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşları kimi Azərbaycanın rifahı naminə yaşayıb yaratmaq imkanına malikdirlər. Bu mənada demək istəyirəm ki, bu rəsmi Bakının mövqeyidir. Biz, dəfələrlə Azərbaycan Prezidentinin “Dağlıq Qarabağ ermənilərini Azərbaycan öz vətəndaşları kimi qəbul edir. Dağlıq Qarabağın iki icmasının dinc şəraitdə yaşaması üçün bütün şərait var” dediyini eşitmişik. Biz, Azərbaycan Prezidentinin hərbi əməliyyatlardan, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra Ermənistanla yaxşı münasibətlərin qurulmasında maraqlı olduğu bəyanatını eşitmişik. Bu mənada rəsmi Bakı tərəfindən regionda dayanıqlı və ədalətli sülhün olması üçün real səyləri və istəyi görürük. İrəvan tərəfindən isə cavab reaksiyasını hələ ki müşahidə etmirik. Mənə elə gəlir ki, ermənilər hələ də baş verən dəyişikliyi dərk etməyiblər. Hələ də Ermənistan tərəfindən Dağlıq Qarabağda ermənilərin maraqlarının olması barədə qeyri-konstruktiv iddiaları görürük. Dağlıq Qarabağ Azərbaycandır. Ona görə də, bu regionun inkişafı ilə, orada yaşayan əhalinin maraqlarını müdafiə etməklə artıq Azərbaycan məşğul olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Qarabağ Azərbaycandır və nida işarəsi... Bu gün bu reallıqdır. Mənə elə gəlir ki, bu gün Ermənistan dövləti və cəmiyyəti bu reallığı qəbul etməlidir və öz gələcəyini qonşularına qarşı ərazi iddiası olmadan qurmalıdır.
“Paşinyan siyasi “luzer”dir, o, bir siyasətçi kimi artıq bitib”
- Sizcə, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağın müstəqilliyinin tanınması bizim başlıca prioritetimizdir” bəyanatı Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli sənədin həyata keçirilməsini təhlükə altına qoymur? Hər kəsə məlumdur ki, Rusiya bu sənədin reallaşmasının zəmanətçisidir.
- Paşinyan siyasi “luzer”dir. O, Ermənistanı fəlakətə sürüklədi. Öz siyasi bacarıqsızlığı sayəsində Paşinyan müharibənin real olması üçün əlindən gələni etdi. Azərbaycanı bu müharibəyə təhrik etdi. O, müharibəyə hazırlaşmışdı. Paşinyanın generalları bəyan etmişdilər ki, yeni müharibə olacağı təqdirdə, onlar Bakıya çatacaqlar və Azərbaycan bır sıra ərazilərini itirəcək. Bu, faktiki olaraq Ermənistanın suveren Azərbaycan dövlətinə qarşı yeni ərazi iddiasını özündə əks etdirən həyasız siyasət idi. Bu gün bu, siyasi çöküşlə nəticələndi. Bu cür məğlubiyyətlə üzləşən Paşinyan hələ də özünə belə bəyanat səsləndirməyi rəva görür. Mənə elə gəlir ki, bu oqoniyadır. Paşinyan bir siyasətçi kimi artıq bitib, o yoxdur. Paşinyandan qalan siyasi qabıqdır, hansı ki, onun içindən hava çıxıb. Öz qisas və Azərbaycanın yeni ərazilərini işğal etmək planları ilə Paşinyan şişib partladı, necə ki bütün Ermənistan kimi onun da havası çıxdı. Ona görə də, hesab edirəm ki, Paşinyanın bugünkü sözlərindən heç nə asılı deyil, tamamilə heç nə... Onun bəyanatları hakimiyyəti qoruyub saxlamağa cəhddir. Paşinyan cəhd edir ki, onunla, misal üçün parlamentin spikerinə davrandıqları kimi rəftar etməsinlər. Hansı ki, müharibədən sonra İrəvanda kütlə parlamentin spikerini linç etmişdi. Bunun özü də “Ermənistan demokratiyası”nın göstəricisidir. Faktiki olaraq İrəvanda küçədə Ermənistan dövlətinin üçüncü şəxsini öldürürdülər. Hansı demokratiyadan danışırıq? Bu demokratiya deyil, oxlokratiyadır. Ona görə də Paşinyanın bəyanatı praktiki nöqteyi-nəzərdən heç nədir, sadəcə olaraq hava titrəməsidir, bundan artıq heç nə... Ona görə də, fikrimcə, başçılıq etdiyi dövlət üçün fəlakətlə nəticələnən missiyası bitmiş siyasətçinin bəyanatlarına ciddi əhəmiyyət vermək lazım deyil.
“Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
- O zaman deyə bilərikmi, bu bəyanatlar Ermənistanda daxili auditoriyaya hesablanıb?
- Bəli, Paşinyanın bu bəyanatları istisnasız olaraq daxili auditoriyaya, simasını itirən Paşinyanın onu qoruyub saxlaması cəhdlərinə hesablanıb. Praktik nöqteyi-nəzərdən yaxşı başa düşürük ki, üçtərəfli bəyanat var. İlham Əliyevin dediyi kimi, orada Dağlıq Qarabağla bağlı heç bir status yoxdur. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb.
- İqor Yuryeviç, bu gün Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri Rusiya telekanallarında yayımlanan siyasi tok-şoularda Azərbaycana qarşı aparılan çirkin kampaniyadır. Siz, həmin efirlərdə Azərbaycanın haqlı mövqeyini müdafiə edən azsaylı spikerlərdən birisiniz. Bilirəm ki, siz Rusiyanın dövlət maraqlarından çıxış edirsiniz. Belə deyək, sizin mövqeyiniz Azərbaycanın ədalətli mövqeyi ilə üst-üstə düşür. Bildiyim qədər federal kanallarda yayımlanan siyasi tok-şoularda müzakirə olunan mövzularla bağlı direktivlər Kremldən gəlir. Kremlin Dağlıq Qarabağla bağlı mövqeyi məlumdur. Rəsmi Moskva Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz bunu bir müddət əvvəl yayımlanan Rusiya prezidentinin müsahibəsində də gördük. Lakin siyasi tok-şoularda və ümumİlikdə Rusiya mətbuatında biz bunun əksini müşahidə edirik. Sizcə bu nə ilə bağlıdır?
- Siyasi tok-şouların iştirakçıları baş verənlərlə bağlı öz şəxsi mövqelərini səsləndirirlər. İlk öncə onu qeyd etmək istəyirəm ki, xarici siyasət qərarların verilməsi prosesinə tok-şoular heç bir təsir göstərmir. Bizdə qərarları Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qəbul edir və bu qərarlar dövlət strukturlarının hazırladıqları məruzələrə, sənədlərə və arayışlara əsaslanır. İndiki halda Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, xüsusi xidmət orqanları və əlbəttə ki, Rusiya Prezident Administrasiyasının analitik bölmələrinin hazırladıqları materiallar əsasında Prezident bu və ya digər siyasi qərarları qəbul edir. O ki qaldı siyas tok-şoulara, bir daha demək istəyirəm ki, onlar Rusiya Prezidentinin siyasi qərarlarının qəbul edilməsinə heç bir təsir göstərmir. Əgər tok-şouların özündən danışsaq, bəli, burada iştirakçıların müxtəlif qiymətləndirmələri və mövqeləri vardı. Öz mövqeyim barədə onu demək istəyirəm ki, əvvəldən səsləndirdiyim mövqeni müəyyən vaxt kəsiyindən sonra Rusiya Prezidenti Vladimir Putin səsləndirdi. Mən, Rusiyanın milli maraqlarından və beynəlxalq hüquq normalarından çıxış edərək öz mövqeyimi bildirirdim. Sözsüz ki, ilk növbədə Rusiyanın milli maraqlarından... Çox şad oldum ki, münaqişənin sonuna yaxın, Azərbaycanın qələbəsi artıq məlum olandan sonra Rusiya Prezidenti faktiki olaraq mənim dediklərimi təsdiq etdi. Bu, hadisələrə düzgün, ədalətli və tərəfsiz baxmağın göstəricisidir. Bunun özü də Rusiyanın milli marağı deməkdir. Münaqişənin ilk günlərindən deyirdim ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir. İşğal olunmuş yeddi rayon var. Dağlıq Qarabağ özü də işğal olunub. Bu hərbi əməliyyatlarda Ermənistanın müntəzəm ordusu iştirak edir. Ermənistanın indi hərbi məğlubiyyətə görə istefaya göndərilən müdafiə naziri əməliyyatlar zamanı Dağlıq Qarabağa gedirdi. Nazir orada müdafiə qüvvələrini deyil, Ermənistan silahlı qüvvələrini idarə edirdi. Müharibə Azərbaycan ərazisində gedirdi. Rusiyanın heç vaxt əsası olmayıb və olmayacaq ki, Ermənistanın tərəfində bu müharibədə iştirak etsin. Bu bizim müharibə deyil. Bu iki suveren dövlət arasında Azərbaycan ərazisində gedən müharibə idi, hansı ki, Ermənistan ordusu işğalçı funksiyasını yerinə yetirirdi. Bunu Rusiya Prezidenti də dəqiq şəkildə təsdiq etdi. Bildirdi ki, müharibə Ermənistan ərazisində getmirdi və Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üçün müdaxilə etməyə heç bir hüquqi əsas yox idi. Xatırladım ki, Ermənistan Rusiya və KTMT-ni bu münaqişəyə cəlb etmək üçün təxribata çəkirdi. Gecə saatlarında Azərbaycanın dinc şəhərlərinin Ermənistan tərəfindən raket atəşinə tutulmasının məqsədi Bakını analoji addım atmağa təhrik etmək idi. Bu, baş vermədi. Çünki Prezident İlham Əliyev dəqiq şəkildə izah elədi ki, döyüş meydanında vuruşuruq, düzgün döyüşürük, Ermənistan xalqı bizim düşmənimiz deyil, biz öz ərazimizdə işğalçılarla döyüşürük. Bu, dəmir-beton mövqe idi. Azərbaycanın bu mövqeyi Rusiyanı münaqişəyə cəlb etməyə imkan vermədi.
O ki, qaldı tok-şoularda iştirakçıların fərqli mövqelərinə, bildirim ki, erməni lobbisi hər yerdə güclüdür. Təkcə, Fransa və ABŞ-da deyil, Rusiyada da erməni lobbisi güclüdür. Ümumilikdə götürdükdə siyasi tok-şoularda ermənipərəst və neytral mövqelər səslənirdi. Mənim mövqeyim neytral idi. Hər zaman deyirdim ki, Rusiya bu münaqişədən bərabər məsafədə uzaqda olmalıdır. Ona görə ki, tərəflər finala çatdıqda bizim neytral mövqeyimiz vasitəçi və sülhməramlı kimi rol oynaya bilər. Hərbi əməliyyatların ikinci həftəsində demişdim ki, atəşkəs ancaq bir halda, tərəflərdən biri qələbə qazandıqda, digəri isə məğlub olduqda mümkün ola bilər. Məhz bu zaman sülh razılaşması imzalana bilər. Elə də oldu.
“Rusiya telekanallarında baş verənlər erməni lobbisinin fəaliyyətinin nəticəsidir”
- İqor Yuryeviç, bununla belə, biz Azərbaycana qarşı təbliğatı müşahidə edirik. Sizcə bu məqam Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmur?
- Hesab edirəm ki, baş verənlər erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Rusiya bir dövlət kimi bərabər səviyyədə həm Azərbaycanla, həm də Ermənistanla, o cümlədən Türkiyə ilə yaxşı münasibətlərin olmasında maraqlıdır. Ona görə də, deməzdim ki, Rusiya tərəfindən hansısa antiAzərbaycan mövqeyi sərgilənir. Xeyr, bu belə deyil. Bir daha qeyd edirəm, Rusiyanın mövqeyini Prezident Vladimir Putin formalaşdırır. Prezident dəfələrlə müsahibələrində Azərbaycanın ərazi bütövlüyü məsələsini, Türkiyə ilə yaxşı münasibətlərdə maraqlı olduğunu xatırladıb. Siyasi tok-şular Kremlin xarici siyasət qərarlarına heç bir təsir göstərmir. Putin praqmatik bir siyasətçi və keçmiş xüsusi xidmət orqanı əməkdaşı kimi hər şeyi süzgəcdən keçirir. Televiziyalar heç bir halda onun qərarlarına təsir etmir. Prezident bütün qərarlarını Rusiyanın milli maraqları nöqteyi-nəzərindən qəbul edir. O ki, qaldı ermənipərəst mövqelərin səslənməsinə, bunun əsas məqsədi Rusiyanın Dağlıq Qarabağdakı müharibəyə Ermənistanın tərəfində cəlb olunması üçün informasiya fonunun yaradılması idi. Lakin bu alınmadı. Ona görə alınmadı ki, Prezident Putin beynəlxalq hüquq normalarına və Rusiyanın milli maraqlarına əsaslanan qərar qəbul etdi. Üçtərəfli bəyanatda əks olunan Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, münaqişənin ədalətli həlli bizim milli maraqlarımıza uyğundur. Putin üçtərəfli bəyanatın imzalanmasına vasitəçilik etməklə Rusiyanın sərhədləri perimetri boyunca olan qeyri-sabitlik qövsünü qırmış oldu. Bu çox vacib məsələdir. Bir ekspert kimi onu da qeyd etmək istəyirəm ki, üçtərəfli razılaşma Azərbaycanın hərbi qələbəsinin sayəsində mümkün oldu. Bu, Paşinyanın kapitulyasiyaya getməsinin və Azərbaycanın şərtləri əsasında sülhü qəbul etməsinin əsası oldu.
“Son 20 ildə ilk dəfə idi ki, Rusiya bu məsələdə neytral mövqe tuturdu”
- Siz ermənipərəst təbliğatın dövlətin mövqeyinə təsir etmədiyini söylədiniz. Bəs bu, Rusiya ictimaiyyətinin mövqeyinə necə, təsir edirmi?
- Düşünürəm ki, yox. Baxın, bu münaqişəyə qədər Rusiyada heç kəs bilmirdi ki, Dağlıq Qarabağdan başqa Azərbaycanın daha yeddi rayonu işğal olunub. Bu, heç müzakirə belə olunmurdu. Bu barədə münaqişənin ilk günlərində televiziyada danışan yəqin ki, tək ekspert mən idim. Sonra artıq bu barədə danışmağa başladılar. Rusiya ictimaiyyəti təəssüflər olsun ki, Ermənistanın Dağlıq Qarabağdan savayı daha yeddi rayonu işğal etməsindən xəbərsiz idi. Ancaq Dağlıq Qarabağ barədə danışılırdı. Bilirsiniz, buna kimi Rusiyada hər kəs məsələyə istisnasız olaraq İrəvanın, Ermənistanın Rusiyadakı lobbistlərinin nöqteyi-nəzərindən baxırdı. Bu cür təqdimat cəmiyyətə yeridilmişdi. Daha sonra münaqişə prosesi vaxtı daha çox informasiya yayılmağa başladı və insanlar reallığı dərk etməyə başladılar. Sizə deyim ki, son 20 ildə ilk dəfə idi ki, Rusiya bu məsələdə neytral mövqe tuturdu. Buna qədər belə bir şey olmamışdı. Əvvəllər Rusiyanın mövqeyi birmənalı olaraq müttəfiqi Ermənistanı dəstəkləmək idi. Bu, Rusiya ictimai fikrinin tədqiq olunması, münaqişənin məğzi və müasir vəziyyəti barədə azməlumatlı olmağın nəticəsi idi. Hesab edirəm ki, budəfəki müharibə vaxtı Rusiya ictimaiyyəti neytral mövqe tutdu. Rusiyanı Ermənistanın tərəfində müharibəyə cəlb etmək cəhdləri ictimaiyyət arasında tamamilə dəstək qazanmadı. Mən öz çıxışlarımda bu barədə deyirdim. Bildirmişdim ki, Rusiya vətəndaşları bu müharibədə iştirak edə bilməzlər. Sonda Rusiya Prezidenti Vladimir Putin də bunu təsdiq etdi. Çox şadam və razıyam ki, dediklərimin hamısı sonda faktiki olaraq Kremlin rəsmi mövqeyi kimi formalaşdı. Bu, bir daha təsdiq edir ki, mənim ekspert analizim düzgün olub. Dediyim kimi, Ermənistan iki-üç həftə müharibəyə dözdü, daha sonra ard-arda məğlubiyyətlər, sonda da kapitulyasiya... Mən bunları müharibənin 10-12-ci günləri demişdim. O zaman hələlik heç nə aydın deyildi, Azərbaycan cənub istiqamətində yeni hücuma keçmişdi. Tərəflərin potensialını və hazırlığını düzgün qiymətləndirmək məni bu nəticəyə gəlməyimə gətirib çıxartmışdı.
- Bu professional təhlildir.
- Bəli, mən də belə hesab edirəm.
- İqor Yuryeviç, sonuncu sualım. Sizcə hadisələr necə inkişaf edəcək? Sizin proqnozunuz eşitmək istərdik.
- Məncə, Ermənistan tərəfindən üçtərəfli bəyanatı tormozlamaq və ya pozmaq cəhdləri uğursuz olacaq. Razılaşma icra ediləcək. Bu sabitləşmədə vacib faktordur. O ki qaldı Ermənistandakı daxili siyasi vəziyyətə, hesab edirəm ki, gec-tez Paşinyan getməlidir. Onun əvəzinə hakimiyyətə daha praqmatik və Rusiya yönümlü qüvvələr gəlməlidir. Bu baş verəcək, ya yox? Hansı müddətdə baş verəcək? Bunu mühakimə etmirəm. Çünki vəziyyət dinamik olaraq dəyişir. Eyni zamanda, Ermənistanda heç bir siyasətçi üçtərəfli bəyanat tam icra olunmayana qədər Paşinyanın yerində olmaq istəmir. Ona görə də Paşinyan məğlubiyyət bardağını sona qədər özü içməlidir. Aydındır ki, bundan sonra Paşinyanı silib süpürəcəklər. Ondan sonra ola bilsin, Paşinyan emiqrasiya etsin, ola bilsin, Fransa Prezidenti Makronun hökumətində erməni lobbisi ilə bağlı səlahiyyətli orqana rəhbərlik etsin. Buna artıq erməni xalqı özü qərar verəcək.