• SİYASƏT

    23:20 25 yanvar 2020

86 azərbaycanlı tələbə Türkiyənin zəlzələ zonasından Naxçıvana yola salınıb, üçüncü avtobus da səfərə hazırlanır

Türkiyədə zəlzələ zonasında təhsil alan tələbələrimizin və digər Azərbaycan vətəndaşlarının təxliyyəsi davam edir.

APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, Elazığ avtovağzalına toplaşan və əksəriyyəti tələbə olan Azərbaycan vətəndaşlarının təxliyyəsi ilə bağlı 3-cü avtobus ayrılıb.

Qeyd edək ki, bu gün Elazığ şəhərindən yerli vaxtla saat 17:00-da Naxçıvan sərhədi istiqamətində yola çıxan avtobusda 41 tələbə olub. Malatya şəhərindən yola düşən ikinci avtobusla birgə ümumlikdə 86 tələbə İğdıra, oradan da Naxçıvana aparılcaq. Təhlükəli ərazidən təxliyyə olunan vətəndaşlarımız Naxçıvandan təyyarə ilə Bakıya yola salınacaq.

Elazığ Fırat Universitetindən APA-ya verilən xəbərə görə, universitetdə 232 Azərbaycan vətəndaşı olan tələbə təhsil alır. Malatyadakı İnönü Universitetində isə təhsil alan azərbaycanlı tələbələrin sayı 100-dən çoxdur.

Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib ki, hazırda tələbələr tətildə olduqlarına görə, əksəriyyəti vətənə gedib. Amma səfirliyin 00905526792565 qaynar xətti fəaliyyətdədir və zəlzələ zonasından təxliyyə olunmaq istəyən hər bir Azərbaycan vətəndaşı qaynar xəttə müraciət edə bilər.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, zəlzələ nəticəsində 29 nəfərin öldüyü, 1466 nəfərin xəsarət aldığı qeyd olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR