“ABŞ Azərbaycan, Türkiyə və Gürcüstanı əlaqələndirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini, həmçinin tamamlanmaqda olan Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyib”.
APA-nın xəbərinə görə, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Marşal Fondu ilə keçirilən videokonfransda deyib.
O bildirib ki, ABŞ region ölkələrinin inkişaf etməsinə yardım edən yeni iqtisadi təşəbbüsləri də dəstəkləməyə davam edəcək.
“Bu layihələr əhəmiyyətli layihələrdir. Onların həyata keçirilməsi üçün milyardlarla dollar vəsait xərclənir və tamamlanması üçün uzun vaxt tələb olunur. Hazırda yeni layihənin icrası nəzərdən keçirilir. Gürcüstanda Anaklia və Poti dərin su limanının tikintisi planlaşdırılır. Dərin su limanının tikintisi daha böyük həcmli yük gəmilərinin istifadəsinə imkan verəcək ki, bu da regionun ticarət imkanlarını artıracaq. Fikrimcə bu həm Gürcüstan, həm də qonşu ölkələr üçün faydalı layihədir. Çünki bu alternativ ticarət istiqamətidir. ABŞ bu layihələrin həyata keçirilməsini dəstəkləyəcək, çünki bu layihələr regionun inkişaf etməsinə imkan yaradır”, - deyə C. Kent vurğulayıb.
Videokonfransda Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrdə mövcud olan münaqişələr də müzakirə edilib.
C. Kent qeyd edib ki, ABŞ proqrama üzv ölkələrdə münaqişələrin həllini dəstəkləyir: “Bu münaqişələr bəzən dondurulmuş münaqişələr də adlandırılır. Bura həmçinin şiddətin az olduğu yarım dondurulmuş münaqişələr olan Moldovada Dnestryanı və Dağlıq Qarabağ münaqişələri daxildir”.