Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Erl Litzenberqer ilə görüşüb.
Xarici İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlərin hazırkı durumu ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji layihələri, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsi haqqında məlumat verib və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu qeyd edib.
Səfir E.Litzenberqer Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirərək, ABŞ-ın bu layihələrə dəstəyini bəyan edib. Səfir, habelə Azərbaycanın terrorçuluğa qarşı beynəlxalq mübarizəyə verdiyi dəstəyin əhəmiyyətini vurğulayıb.
Erl Litzenberqer etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Nazir Elmar Məmmədyarov ABŞ-ın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.