• SİYASƏT

    06:52 4 sentyabr 2020

ABŞ radiosunda Ermənistanın təxribatları müzakirə olunub

2 sentyabr tarixində ABŞ-da geniş nüfuza malik və Nyu-Yorkdan bütün Amerika ərazisinə yayımlanan Con Batçelor şou-radio proqramında Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovla müsahibə yayımlanıb.

Səfirlikdən APA-ya verilən məlumata görə, müsahibədə ilk öncə son zamanlar Yaxın Şərqdə normallaşma proseslərinin məhz Azərbaycanın nümunəsinə əsaslanması qeyd olunub.

Con Batçelor Azərbaycana etdiyi səfərlər çərçivəsində ölkəmizdə bütün xalqlar, o cümlədən yəhudilərin sülh və dostluq şəraitində yaşamasının, antisemitizmin müşahidə olunmamasının, burada yəhudi icmalarına göstərilən diqqət və qayğının, onların öz dini etiqadlarını sərbəst şəkildə yerinə yetirmək azadlıqlarının canlı şahidi olduğunu bildirib və bunu digər ölkələrə örnək kimi təqdim eedib.

Səfir Süleymanov yəhudilərin ölkəmizdə yüzilliklər boyu yaşamasını xatırladaraq, burada onlara qarşı nəinki dözümlülük nümayiş etdirildiyini, onlara cəmiyyətin ayrılmaz parçası olaraq dəyər verildiyini diqqətə çatdırıb. E.Süleymanov qeyd edib ki, İsrail mətbuatında da Azərbaycanın nümunəsi davamlı olaraq işıqlandırılır.

Daha sonra Con Batçelor son zamanlar Rusiyanın Ermənistana hərbi yük daşımaları ilə bağlı sual ünvanlamışdır və bu məsələ ilə əlaqədar Azərbaycan tərəfinin narahatçılığı ilə mətbuatdan tanış olduğunu bildirib. Öz növbəsində səfir Elin Süleymanov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlarda Minsk Qrupunun həmsədri qismində Rusiyadan ədalətli mövqe gözlənildiyini bildirib. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüş zamanı məsələ ilə bağlı Azərbaycan tərəfinin narahatlığını diqqətə çatdırdığını, Azərbaycanın sülh prosesinə sadiqliyini və substantiv danışıqlardan real nəticələr gözlənildiyini bəyan etməsini xatırladıb. Səfir Azərbaycanın bu yanaşmasının Rusiya tərəfindən dəstəkləndiyini bildirdi. Lakin buna baxmayaraq, Rusiyadan yük təyyarələrinin Ermənistana hərbi təchizat daşımasının müşahidə olunduğunu, Rusiya müdafiə nazirinin ölkəmizə səfəri zamanı bu təyyarələrin tikinti materialları daşımasını iddia etməsini bildirib. Rusiyadan və İran hava məkanından keçərək Ermənistana tikinti materiallarının daşınması izahatının qənaətbəxş olmadığını qeyd edib. Səfir ölkə Prezidenti İlham Əliyevin və Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin məsələ ilə bağlı açıq şəkildə narahatlığına istinad edərək, Rusiya tərəfinin məsələyə tam aydınlıq gətirəcəyinə və Minsk Qrupu həmsədri kimi obyektiv vasitəçi kimi fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib.

Müsahibə zamanı Con Batçelor Ermənistanın məhz Tovuz istiqamətində Azərbaycanın hərbi qulluqçuları və mülki əhali arasında itki olduğunu bildirərək, Ermənistanın hücumunun Cənub Qaz Dəhlizinə təhdid yaratmaq məqsədi daşıyıb-daşımadığını sorğu etdi. Səfir Süleymanov erməni təxribatınının məhz bu ərazidə olmasının aydın şəkildə qlobal enerji təhlükəsizliyinə töhfə verən layihələrə təhdid yaratmaqla, ümumi regionun rifahına zərbə vurmaq məqsədi daşıdığını, eləcə də Ermənistanın özünə ziyanlı olduğunu qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR