"Mən, əslində, NATO ilə Azərbaycan arasında hansısa məsələnin olduğu barədə məlumatlı deyiləm".
ONA-nın məlumatına görə, bu sözləri ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent Azərbaycanın NATO üçün hava məkanını bağlaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Corc Kent bildirib ki, ərazi üzərindən uçuşlarla bağlı bir sıra ikitərəfli razılaşmalar var: “Məsələn, ABŞ-la Azərbaycan arasında belə razılaşma yoxdur. Hesab edirəm ki, siz Almaniya ilə Azərbaycan arasındakı məsələ ilə bağlı soruşursunuz. Bildiyim qədəri ilə NATO ilə Azərbaycan arasında hər hansı məsələ yoxdur və sizi əmin edirəm ki, Azərbaycanla ABŞ arasında uçuşlar barədə hansısa məsələ mövcud deyil".
Qeyd edək ki, bir müddət əvvəl bəzi KİV-lərdə Azərbaycanın NATO-ya üzv ölkələr üçün öz ərazisindən keçən dəhlizi bağlaması ilə bağlı xəbərlər yayılıb.
Azərbaycan XİN bunun həqiqətə uyğun olmadığını bildirib. XİN-in mətbuat katibi Leyla Abdullayeva ONA-ya açıqlamasında deyib ki, Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir: “Burada söhbət NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakçısı olduğu “Qətiyyətli Dəstək” missiyasının üzvlərinə ölkə ərazisindən, o cümlədən quru, hava və su məkanından sözügedən missiya çərçivəsində müvafiq yük daşımalarının həyata keçirilməsi üçün müvafiq imkanının təmin edilməsindən gedir. Belə bir təcrübə 2001-ci ildən mövcuddur. Bu imkanların təmin olunması üçün NATO üzv ölkələrinin müvafiq uçuş icazələrinin əldə edilməsi müraciətləri ikitərəfli əsaslarda nəzərdən keçirilir. Sözügedən müraciətlərə Azərbaycan tərəfinin müvafiq qayda və proseduralarına uyğun olaraq, eləcə də tərəfdaşlığın təməlini təşkil edən dövlətlərin bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə hörmət və əməkdaşlıq prinsipləri əsasında baxılır”.
XİN rəsmisi, həmçinin, deyib ki, son günlər Almaniya mətbuatına sızılmış məlumatlar və ittihamlar anlaşılmazlıq yaratmaqla yanaşı, kiminsə qərəzliliyindən xəbər verir: “Əsassız ittihamları özündə əks etdirən bu məlumatlar konkret faktlara əsaslanmır. Bir daha bildiririk ki, Azərbaycan müvafiq tərəfdaşlıq prinsipləri əsasında və beynəlxalq hüququn normalarına uyğun olaraq NATO üzv ölkələri ilə əməkdaşlıq edib, hazırda edir və gələcəkdə də bu əməkdaşlığı davam etdirməyə hazırdır. Almaniya KİV-ə sızılmış məlumata istinadən müşahidə etdiyimiz uydurma kampaniya yanlışdır və Azərbaycan haqlı olaraq gözləyir ki, Almaniya hökuməti müvafiq şəkildə özü bu məsələni cavablandıracaqdır. Azərbaycan NATO üzv ölkələrinin müraciətlərinə bundan sonra da müvafiq şəkildə baxmağa davam edəcək”.