Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının bu gün Brüsseldə keçiriləcək iclasının gündəliyi açıqlanıb. ONA-nın Aİ-yə istinadən verdiyi məlumata görə, iclasda Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan-Aİ əməkdaşlığının vəziyyəti nəzərdən keçiriləcək.
Şuraya Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və Aİ tərəfdən Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Federika Mogerini sədrlik edəcək.
Şura Aİ ilə Azərbaycan arasında yeni razılaşma üzrə davam edən danışıqları nəzərdən keçirəcək. İclasda 2018-ci il sentyabrın 28-də qəbul edilmiş 2018-2020-ci illər üzrə tərəfdaşlıq prioritetlərinə dair fikir mübadiləsi aparılacaq.
Həmçinin şurada Azərbaycanda aparılan islahatlar, iqtisadi və ticari əməkdaşlıq, enerji sahəsində əməkdaşlıq, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi, nəqliyyat, təhsil, ətraf mühit kimi məsələlər, mobillik, həmçinin vizanın sadələşdirilməsi və readmissiya sazişinin icrası müzakirə olunacaq.
Tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəsi və digər regional məsələlərə dair müzakirə aparacaqlar.
Elmar Məmmədyarov və Federika Mogerininin görüşün yekunlarına dair mətbuat konfransı keçirməsi nəzərdə tutulub.