"Avropa İttifaqı ilə Azərbaycan arasında müzakirələrin hələ də davam etdiyi bir müddətdə heç kim sazişin imzalanacağı günü dəqiq deyə bilməz".
Bunu ONA-ya açıqlamasında Avropa İttifaqının (Aİ) Bakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.
K. Yankauskas bildirib ki, bu, qarşılıqlı prosesdir və tərəflər yekun razılaşmanın əldə olunması üçün fikir mübadiləsi aparırlar: "Tərəflər nə zaman razılaşsa, onda da danışıqlar yekunlaşacaq. Mən sizə onu deyə bilərəm ki, tərəflər arasında intensiv danışıqlar prosesi müsbət istiqamətdə irəliləyir. Hər iki tərəf - Azərbaycan da, Avropa İttifaqı da bu razılaşmanın tez bir zamanda əldə olunmasında qərarlıdır".
Səfir "Şərq tərəfdaşlı" proqramının 10 illiyi münasibətilə mayın 13-14-də Brüsseldə təşkil olunacaq görüşlərə toxunaraq bildirib ki, ildönümü əldə olunmuş nailiyyətləri nəzərdən keçirmək və gələcəyi planlaşdırmaq baxımından yaxşı imkandır.
"Düşünürəm ki, Avropa İttifaqı institutlarının liderləri, Avropa İttifaqına üzv ölkələrin və “Şərq tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçıları arasında may ayının 14-də Brüsseldə baş tutacaq yüksək səviyyəli görüş iki istiqamətdə olacaq. Birinci istiqamət əldə olunan nailiyyətlər, indiyə qədər həllini tapmayan məsələlər və inkişaf üçün potensial sahələri əhatə edəcək.
Digər istiqamət isə tərəflər arasında gələcək əməkdaşlığı nəzərdə tutan prosesinin başladılmasından ibarət olacaq. Çünki “Şərq tərəfdaşlığı” ölkələrinin gözləntiləri, eyni zamanda Avropa İttifaqına üzv ölkələrin fərqli yanaşmaları var. Avropa İttifaqında mayda keçiriləcək seçkilərdən sonra yeni Avropa Komissiyası və Avropa Parlamenti formalaşacaq. Düşünürəm ki, biz “Şərq tərəfdaşlığı"nın inkişaf etdirilməsinin əks olunduğu prosesinin təşkilini gözləməliyik", - deyə diplomat qeyd edib.