“Biz demokratiyanın, sosial cəmiyyətin çiçəklənməsinə səy göstəririk. Azərbaycanla əməkdaşlığımız da buna böyük töhfə verməkdədir”.
ONA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunda Albaniya prezidenti İlir Meta deyib.
Albaniya prezidenti bildirib ki, Albaniya münasibətlərin qurulmasında, əməkdaşlıqda maraqlıdır: “Biz regionun inkişafına səy göstəririk. Bu səylər regiona yeni investisiyaların gətirilməsinə səbəb olacaq. Biz Əfqanıstandan başlayaraq İraqa qədər coğrafiyaya sülh gətirməyə çalışırıq”.
İlir Meta qeyd edib ki, Albaniya tranzit ölkə kimi Avropada strateji əhəmiyyətə malikdir: “Albaniyanın da iştirakı ilə Azərbaycan qazını, Xəzər qazını Avropa İttifaqına çatdıracağıq. Xəzər qazı Avropanın enerji təhlükəsizliyi baxımından çox vacibdir”.