• SİYASƏT

    13:52 2 aprel 2019

Ali Baş Komandan İlham Əliyev N saylı hərbi hissədə olub - YENİLƏNİB-1

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində orada çıxışı edib.

ONA Ali Baş Komandanın çıxışını təqdim edir:

- Əziz zabitlər, mən sizi ürəkdən salamlayıram.

Bu gün hərbi hissə ilə tanışlıq mənə çox xoş təəssürat bağışladı. Son illərdə hərbi hissə əsaslı şəkildə yenidən quruldu, təlim prosesi üçün bütün lazımi şərait yaradıldı. Bu, bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, bizim hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.

Aprel döyüşlərindən 3 il keçir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Döyüşlər zamanı itkilərimiz də olub, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı hərbçilərimizin müalicəsi, bərpası üçün dövlət əlindən gələni əsirgəməyib və yaralanmış bütün hərbçilər xoşbəxtlikdən normal həyata qayıtdılar. Onların müalicəsi, bərpası, aktiv həyata qayıtmaları üçün bütün lazımi işlər görülmüşdür.

Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi.

Bizim mülki vətəndaşlarımız da döyüşlər zamanı qəhrəmanlıq göstərmişlər. Bir neçə mülki şəxs Ermənistanın təxribatı nəticəsində həlak olmuşdur, yüzlərlə ev sıradan çıxmışdır, yandırılmışdır. Biz bütün bu evləri qısa müddət ərzində bərpa etdik. Döyüşlərdən sonra getdiyim həmin o təmas xəttinə yaxın yerləşən kəndlərdə vətəndaşlarla görüş əsnasında gördüm ki, bu vətəndaşlarda nə qədər milli ruh var, bunlar nə qədər qorxmaz insanlardır, atəş altında qalaraq öz doğma evlərini, kəndlərini tərk etməmişlər.

Döyüşlər nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyat verildi. Cocuq Mərcanlı qısa müddət ərzində yenidən quruldu, 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikildi, yeni iş yerləri yaradılır. Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Bu, bir daha onu göstərir ki, hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayır - bizim işğal altındakı torpaqlarımız tezliklə azad olunsun və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.

Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində bizim torpaqlarımız işğal altına düşmüşdür. Bunun səbəbi də odur ki, o vaxt hakimiyyətdə olan qüvvələr öz yarıtmaz fəaliyyəti ilə imkan verdilər ki, Ermənistan torpaqlarımızı zəbt etsin. AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində işğal edilmiş torpaqlarda Ermənistan silahlı qüvvələri möhkəmləndi, Ermənistanla Dağlıq Qarabağ arasında canlı bağlantı yaradıldı və düşmənə imkan verdi ki, öz işğalçılıq siyasətini davam etdirsin. Ancaq ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyətdə dəyişiklik edildi, uğurlu Horadiz əməliyyatı aparıldı. Horadiz əməliyyatı nəticəsində 20-dən çox yaşayış məntəqəsi işğalçılardan azad edildi. Bu gün Horadiz şəhəri və həmin o kəndlər çiçəklənir, canlanır, orada ən yüksək səviyyədə işlər görülür.

Ordu quruculuğu prosesinə start verildi. Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Qeyd etdiyim kimi, sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi. Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik. Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir.

Bütün bunlar reallıqdır. Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir.

Hərbçilərin məişət problemləri həll olunur. Buna da böyük diqqət göstərilir. Keçən ilin sonunda 300-dən çox hərbçiyə yeni mənzillər verildi. Bu günə qədər yüzlərlə hərbçi dövlət tərəfindən mənzillərlə təmin edilib. Bu proses davam etdirilir. Eyni zamanda, hərbi hissələrin yenidən qurulması prosesi geniş vüsət almışdır. Son illərdə bir çox hərbi hissələrin şəhərciklərinin açılışında olmuşam. Hər yerdə səviyyə yüksəkdir, şərait çox gözəldir, o cümlədən bu hərbi hissədə. Burada mənə əvvəlki illərdə olan vəziyyəti əks etdirən fotoşəkillər təqdim olundu. Əlbəttə ki, vəziyyət çox ağır idi. Ancaq mənim xüsusi tapşırığım əsasında hərbi hissə qısa müddət ərzində yenidən quruldu, burada yaxşı şərait yaradıldı. Həm burada çalışanlar, həm yataqxanalarda qalanlar üçün gözəl şərait yaradıldı. Onu da bildirməliyəm ki, bizim hərbi hissələrimizdə mülki işlərdə mülki vətəndaşlar çalışır, bu da yenilikdir. Beləliklə, biz hərbçiləri, onların fəaliyyətini əsas vəzifə borcuna yönəltmişik, eyni zamanda, 20 minə yaxın mülki şəxs işlə təmin edilmişdir.

O ki qaldı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaqdır.

Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi.

Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir.

Siz - burada xidmət göstərən hərbçilər öz vəzifə borcunuzu çox yaxşı bilirsiniz, yaxşı başa düşürsünüz. Siz ən ağır döyüşlərdə iştirak etmisiniz, qəhrəmanlıq, şücaət göstərmisiniz. Dövlət sizin fəaliyyətinizi yüksək qiymətləndirir. Mən Sizi əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm, sizə və Ordumuza yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.

Sonra müdafiə naziri Zakir Həsənov şəxsi heyət adından ordu quruculuğuna göstərdiyi diqqətə görə Ali Baş Komandana minnətdarlığını bildirib: "Azərbaycan Ordusunun bütün şəxsi heyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk. Orduda keçirdiyiniz islahatlar ordunun döyüş qabiliyyətinin artırılmasına, nizam-intizamın güclənməsinə və şəxsi heyətin sosial bazasının yüksək səviyyədə təşkil olunmasına yönəlib. Bu gün Azərbaycan Ordusunun bütün uğurları yalnız bu islahatlar nəticəsində mümkün olmuşdur.

Bu gün şəxsi heyət Sizin orduya göstərdiyiniz diqqət və qayğını gündəlik həyatında hiss edir və Sizin etimadınızı doğrultmaq üçün hər an hər bir əmrinizi yerinə yetirməyə hazırdır və qadirdir.

Diqqətinizə görə çox sağ olun".

Sonra Prezident İlham Əliyevə xüsusi təyinatlıların geyim formaları, xüsusi təchizatı və ərzaq normalarının nümunələri təqdim olunub.

***

13.28

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub.

ONA xəbərinə görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Dövlət başçısı əvvəlcə burada Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyub.

Zakir Həsənov Prezidentə hərbi hissədə aparılan yenidənqurma işləri barədə məlumat verib.

Bildirilib ki, bu hərbi hissənin ərazisində qərargah binası, yeməkxana, əsgər yataqxanası yenidən qurulub, müasir təlim mərkəzləri yaradılıb. Hərbi hissəsinin ərazisində, eyni zamanda, burada xidmət edən ailəli hərbi qulluqçular üçün yeni yaşayış binaları, subay hərbçilər üçün isə müasir tələblərə cavab verən yataqxanalar inşa olunub. Dövlətimizin başçısına məlumat verildi ki, burada yeni binaların da tikintisi nəzərdə tutulur.

Prezident İlham Əliyev hərbi hissənin xüsusi hazırlıq təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izləyib.

Sonra Prezident İlham Əliyev hərbi qulluqçularla görüşüb. Müdafiə naziri şəxsi heyət adından ordu quruculuğuna göstərdiyi diqqətə görə ali baş komandana minnətdarlığını bildirib.

Prezident İlham Əliyevə xüsusi təyinatlıların geyim formaları, xüsusi təchizatı və ərzaq normalarının nümunələri təqdim olunub. Yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı və vətənpərvərliyi ilə seçilən Azərbaycan ordusunun hərbi qulluqçularının sosial məsələlərinin həlli, onların xidmətkeçmə və hazırlıq səviyyələrinin daha da yüksəldilməsi istiqamətində də son illərdə dövlətimiz tərəfindən mühüm addımlar atılıb.

Sonda xatirə şəkli çəkdirilib.

***

11.11

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub.

ONA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR