• SİYASƏT

    21:06 17 may 2019

Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Ali Məhkəmənin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, mayın 17-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Gəncə şəhərində, Cinayət kollegiyasının sədri Şahin Yusifov Samux, İnzibati-İqtisadi kollegiyanın sədri Hikmət Mirzəyev Göygöl rayonlarında vətəndaşların qəbulunu keçiriblər.

Qəbullar zamanı məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə Ali Məhkəmənin Aparatının qəbulda iştirak edən aidiyyəti
məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid məhkəmələrin sədrlərinin və hakimlərinin iştirakı ilə müşavirə keçirilmişdir.

Müşavirədə Ali Məhkəmənin sədri məhkəmə fəaliyyətinin dövlət başçısının tələbləri səviyyəsində təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıq və
tövsiyələr vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel
tarixli Fərmanının müstəsna əhəmiyyətini qeyd edən Ali Məhkəmənin sədri bu mühüm Fərmanın məhkəmə fəaliyyətinin gələcək inkişafı üçün “yol xəritəsi” olduğunu, bu sahədə islahatların yeni inkişaf mərhələsinə keçdiyini vurğulamış, kompleks qanunvericilik, institusional və praktiki tədbirlər nəzərdə tutan proqram xarakterli
Fərmandan irəli gələn vəzifələrin vaxtında, dürüst və dönmədən icrasının təmin olunmasını diqqətə çatdırıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR