• SİYASƏT

    13:59 31 may 2020

Almaniya səfiri: "Azərbaycan ən vacib enerji tədarükçülərimizdən biridir" - MÜSAHİBƏ

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqin APA-ya müsahibəsi

- Bu günlərdə bütün ölkələrin gündəmini tutan bir mövzu - COVID-19 pandemiyası haqqında soruşmaq istərdim. Bu günə qədər Avropada Almaniya vəziyyəti müvəffəqiyyətlə idarə edən ölkələrdən biridir. Almaniyanın COVID-19 pandemiyası ilə mübarizədə digər qonşu ölkələrdən uğurlu olmasının səbəbi nədir?

- Əvvəlcə bu məsələdə Almaniya və Azərbaycan arasındakı əməkdaşlığı vurğulamaq istəyirəm. Almaniya COVID-19 virusunun qurbanlarının sayından çox təsirlənməyib, ancaq ölkəmiz bu mübarizədə çox ciddi şəkildə öhdəliklər və məsuliyyət götürən bir ölkədir. İndiyə qədər bir çox ölkə ilə, o cümlədən Azərbaycanla əməkdaşlıq etmişik. Azərbaycanın da bizimlə həmrəy olduğunu ifadə etməsinə çox minnətdarıq. Heydər Əliyev Mərkəzinin Almaniya bayrağı ilə işıqlandırılmasını xatırlatmaq istərdim. Bu, Azərbaycan tərəfindən çox xoş və mehriban bir jest idi. Böhranın ilkin mərhələsində Almaniya vətəndaşlarının buradan təxliyə edilməsində verdiyi dəstəyə görə Azərbaycan hökumətinə çox minnətdarıq. Martın 17-də Hamburqdan olan Alman Qızlar Xoru üçün evakuasiya təyyarəsi təşkil etdik. Azərbaycan tərəfi ilə birlikdə evakuasiyanı çox rahatlıqla həyata keçirdik. Bir neçə gün əvvəl isə Azərbaycan hökuməti tərəfindən Almaniyada yaşamaq icazəsi olan azərbaycanlılar üçün təyyarə təşkil edildi. Beləliklə, alman icmasının üzvlərini, habelə səfirliyin işçilərini yenidən Almaniyaya göndərmək şansımız oldu. Digər həmkarlarımız isə bu reyslə Almaniyadan Azərbaycana qayıtdılar. Bu qarşılıqlı əməkdaşlığa görə çox minnətdarıq. Sualınıza gəlincə, əvvəla Almaniyanın bu məsələdə çox erkən davrandığını düşünürəm. Digər tərəfdən Avropada infeksiyaya ilk yoluxma halları Almaniyada deyil, İtaliyanın şimalında qeydə alınıb. Virusun ilk hədəf ölkəsi olsaydıq nə baş verərdi onu deyə bilmərəm. Buna görə bizim hazırlaşmağa vaxtımız oldu. Bu, şübhəsiz ki, Almaniya üçün ən vacib üstünlüklərdən biri idi. Həm Federal Hökumət, həm də Alman dövlətlərinin hökumətləri tərəfindən ilkin prioritetlərə dair qəbul edilən qərarlar güclü sağlamlıq siyasətinin həyata keçirilməsinə və xəstəliyin qarşısının alınmasına səbəb oldu. Federasiya ilə dövlətlər arasında koordinasiya çox effektiv həyata keçirildi. Biz tətbiq etdiyimiz məhdudlaşdırıcı tədbirləri idarə edə bildik. İkincisi, qeyd etmək lazımdır ki, almanlar çox məsuliyyətli idilər, düzgün davrandılar, tövsiyə və məhdudiyyətlərə əməl etdilər. Əlbəttə, əvvəldən bəzi qaydalar və hüquqi mətnlər qəbul edildi. Federal agentliklərimizin sağlamlığa dair verdiyi bir çox tövsiyələr var idi. Məsələn, məşhur "Robert Koch İnstitutu"nun tövsiyələri. Almaniya kansleri xanım Angela Merkel hər gün mətbuat konfransı keçirirdi. Hamı bilirdi ki, virusun yayılması ilə bağlı vəziyyət çox ciddidir. Mütəxəssislər və hökumət tərəfindən cəmiyyətlə ünsiyyət həlledici idi. Bütün bu amillərin birləşməsinin Almaniyada xəstəliyin nəticələrinin o qədər də dramatik olmamasında rol oynadığını düşünürəm. Digər tərəfdən, Almaniyanın səhiyyə sistemi - Avropadakı bəzi ölkələrdən fərqli olaraq tamamilə iqtisadi məhdudiyyətlərin diktəsi altında deyil. Dövlət tərəfindən maliyyələşdirilən ictimai səhiyyə sistemimiz var. Bəzi digər ölkələrdə səhiyyə özəlləşdirilir və ictimai səhiyyə sistemi maliyyələşdirilmir. Özəl xəstəxanalar yaxşı təchiz olunub, lakin geniş əhali üçün açıq və ya əlçatan deyil. Ən əsas öyrəndiklərimizdən biri bu oldu ki, səhiyyə ictimaidir və pul qazanmaq üçün bir vasitə deyil. Düşünürəm ki, doğru kommunikasiya və yaxşı maliyyələşdirilən səhiyyə sektorunun birləşməsi Almaniyadakı mövcud qənaətbəxş vəziyyətin fonudur.

- Bəzi siyasi ekspertlər bildirirlər ki, böhran Avropa İttifaqının (Aİ) necə kövrək olduğunu göstərdi. Habelə siyasi ekspertlər böhranın təşkilat daxilində parçalanmaya səbəb olacağı fikrindədirlər. Bununla bağlı görüşünüz nədir?

- Avropa İttifaqının zəif olması fikri ilə razı deyiləm. Aİ böhran vəziyyətində çox güclü tədbirlər gördü. Üzv dövlətlər, Almaniya kimi, qarşılıqlı olaraq kömək təklif etdi. İtaliya, İspaniya, Fransa və bu ilin sonuna qədər Aİ-yə yarı üzv olan Britaniyaya dəstək verildi. Aİ-yə üzv ölkələr arasında həyata keçirilən əməkdaşlıq fəaliyyəti və həmrəylik çox güclüdür. Lakin görünür ki, böhranın əvvəlində sərhədlərin bağlanması kimi bəzi tədbirlər çox da yaxşı koordinasiya olunmamışdı. Hər bir hökumət qəfildən bu böhranla üzləşdi və dərhal reaksiya verməli oldu. Lakin bu şəraitdə belə, Aİ və üzv dövlətlərin ortaq siyasi xətt hazırlamasına sadəcə bir neçə gün lazım oldu. İnanıram ki, Aİ-nin xarici dünyaya göndərdiyi siqnallar onun necə güclü olduğunu göstərir. Aİ peyvənd və virusla bağlı elmi araşdırmalara 1.4 milyard avro ayıracağını bildirib. Aİ dünyanın bir çox yoxsul ölkələrinə kömək ayırıb. Azərbaycan da daxil olmaqla "Şərq Tərəfdaşlığı" ölkələrinə 140 milyon avro yardım ayrılıb. “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin hökumətləri ilə birlikdə prioritet istiqamətlər müəyyənləşdirilib. Maliyyə yardımı səhiyyə sistemini dəstəkləmək üçün, məsələn, süni tənəffüs aparatlarının və ya qoruyucu vasitələr kimi tibbi avadanlıqların alınması üçün ayrılıb. Azərbaycanda COVID-19 böhranından təsirlənən kiçik və orta sahibkarlığa da yardım göstərilir. Böhrana cavab olaraq hər bir “Şərq Tərəfdaşlığı” ölkəsi üçün nəzərdə tutulmuş digər layihələrə ayrılacaq maliyyə vəsaitlərinin yenidən proqramlaşdırılması qərara alınıb və müvafiq hökumətlərin prioritetlərinə uyğun olaraq istifadə ediləcək. Bütün bunlar Aİ tərəfindən reallaşdırılıb.

Bloka üzv dövlətlər arasında müxtəliflik çox böyükdür. 1952-ci ildə Avropa Cəmiyyəti altı üzvlə başladı və indi 2020-də biz 27 üzvük. Əlbəttə ki, baxışlar və maraqlar həmişə eyni deyil. Almaniyadakı kimi, Almaniya 16 dövlətin federasiyasıdır. Prinsipcə, müxtəliflik baxımından Almaniya və Aİ-ni müqayisə etmək olar. Fərqli ənənələr və fərqli gözləntilər var. Mərkəzi və Şərqi Avropadan olan üzv dövlətlərin gözləntiləri, Aİ-yə yeni üzv olduqları dövrdə Qərbi Avropadan, Aralıq dənizi bölgəsindən və ya Şimali Avropadan olan üzv ölkələrin gözləntiləri ilə müqayisədə fərqli idi. Bu gün yenə də fərqli maraqlar var - amma biz eyni dəyərləri bölüşürük. Buna görə də müzakirə prosesi normaldır. Aİ-də iqtisadi müxtəlifliyin də əhəmiyyəti var. Kipr ilə İsveç və ya Almaniya ilə Malta arasında təbii fərqlər var. Bütün avropalılar üçün bərabər imkanları təmin etmək üçün biz əlimizdən gələni etməliyik. Bu məqsədə necə çatmaq barədə müzakirələr hər zaman aparılır. Məncə, Almaniya və Fransa tərəfindən Avropa iqtisadiyyatının bərpası üçün 500 milyard avro təklifinin təqdimatı onların Avropa layihəsini daha da gücləndirmək üçün göndərdiyi çox güclü siqnal idi. Almaniya "Avrobondlar" və ya "Coronabondlar"ın yaradılmasının əleyhinə idi və hələ də əleyhinədir. Çünki bu maliyyələşdirmə aləti müqavilələrə uyğun gəlmir, lakin Almaniya və Fransanın birgə təklifi üzv dövlətlərin daxili və ya xarici borclarını ictimailəşdirmir. Koronavirus böhranından daha çox təsirlənən iqtisadiyyatlara qrantlar təqdim edir. Biz bilirik ki, qonşuluğumuzda fərqli yanaşmaya üstünlük verən bəzi avropalı dostlarımız var. Buna görə də yekdilliklə qəbul oluna bilən son modeli müzakirə etməliyik. Əminəm ki, COVID-19 böhranının yaratdığı böyük problem qarşısında üzv ölkələr arasında hamını qane edən razılaşma əldə olunacaqdır.

- Aİ bu qlobal çağırışdan necə bir dərs götürə bilər?

- İnanıram ki, dünyadakı bütün böhranlardan dərs almalı olduğumuz kimi bu böhrandan da eyni dərsi götürə bilərik. Müasir problemlər həm sürətli məlumat mübadiləsi, həm də əlaqə səbəbindən heç vaxt tək bir ölkəyə və ya regiona təsir etmir. İndi COVID-19 pandemiyasından təsirləndiyimiz kimi hamımız iqlim dəyişikliyinin də təsirinə məruz qalırıq. Qitələrarası hava əlaqələri səbəbindən bəzən belə bir böhranın yaranması günlərlə, həftələrlə çəkir. Əgər biz COVID-19 böhranını orta əsrlərin xəstəlikləri ilə müqayisə etsək, görərik ki, dünyanın uzaq bir bölgəsindən olan virusun dünyanın digər regionlarına keçməsi üçün həftələr, aylar və illər keçirdi. Bu gün isə bu an - saat məsələsidir. Qonşu regionlara və ya bütün dünyanı silkələyən iqtisadi şok dalğaları qloballaşmanın təcrübəsidir, çünki hamımız bir-birimizə bağlıyıq, bir-birimizlə əlaqəliyik. Bu çətinliklərin öhdəsindən necə gəlmək sualının yeganə cavabı çoxtərəflilik adlanan ümumi yanaşmadır. "Mənim ölkəm birinci" əks yanaşması əlbəttə ki, həll yolu deyil. İqlim dəyişikliyi, viruslar və ya böyük birjalarda çaxnaşma heç bir sərhəd tanımır. Bu növ təhlükələr qarşısında birgə hərəkət etməliyik. BMT bu təhdidlərlə mübarizə üçün əla bir forum təqdim edir. BMT-nin COVID-19 böhranı və digər sağlamlıq problemləri üçün yaradılmış ÜST kimi xüsusi agentlikləri, digər beynəlxalq təşkilatlar ümumi həll yollarını müzakirə etmək və inkişaf etdirmək üçün ilk seçiləcək platformalarıdır. Başqa bir məqamı da qeyd etmək lazımdır ki, həmçinin əməli fəaliyyətin maliyyə yükü bir çox çiyinlər arasında bölüşdürülməlidir. Nəticə etibarilə çoxtərəflilik yanaşmasına alternativ yoxdur. Buna görə də biz Azərbaycan hökumətinin çoxşaxəli fəaliyyətini - həm Qoşulmama Hərəkatına sədrliyini, həm də ÜST və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlığını yüksək qiymətləndiririk. Almaniya ilə Azərbaycanın eyni istiqamətdə çalışdığını qeyd etməkdən çox məmnunam.

- Qloballaşma günahlandırılır. Bu pandemiyanın qloballaşmanın necə təhlükəli olması ilə bağlı fikirlər eşidirik. Qloballaşma həqiqətən bu qədər təhlükəlidirmi, fikrinizi bilmək maraqlıdır…

- Qloballaşma həm fürsət, eyni zamanda həm də riskdir. Qloballaşmanın müsbət nəticələrini görmək istəyiriksə, sadəcə geriyə baxmalıyıq. Son 30-40 il ərzində onun bir çox müsbət təsiri reallaşıb. İnkişaf etməkdə olan ölkələr haqqında bütün köhnə sənədlərlə və bu ölkələrin inkişafı ilə bağlı tələb olunan vaxtın hesablanması barədə məlumatlarla tanış olsanız, bu inkişafa nail olmaq üçün daha uzun müddətin təyin olunduğunu görəcəksiniz. Bu gün müasir iqtisadi fəaliyyət nəticəsində inkişaf indeksinin dünya səviyyəsində çox sürətlə yüksəldiyini müşahidə edirik. Ərzağın paylanması ilə bağlı da eyni şey baş verib. Ancaq medalın tərsini görmək istəyirsinizsə, arzuolunmaz təsirlərin də mövcud olduğuna əmin olacaqsınız. Bəzi ölkələrdə xüsusən tekstil sənayesində acınacaqlı iş şəraiti, subsidiyalı kənd təsərrüfatı məhsullarının ixracı və torpaqların ələ keçirilməsi nəticəsində yerli əkinçiliyin məhv edilməsi, sosial və ətraf mühitin dağıdılmasının qarşısını almaq üçün çox güclü tənzimləmələr tələb edir. Bununla yanaşı tənzimləmə və nəzarət üçün beynəlxalq, çoxtərəfli əməkdaşlığa ehtiyac var. Qaydalar yalnız bir ölkə tərəfindən təyin edilə bilməz. Əlbəttə ki, Almaniyanın bəzi ət istehsalı fabriklərində infeksiyaya yoluxmanın çoxalması nəticəsində hökumətimiz bəzi qaydaları dəyişdirmək niyyətindədir. Tibbi məhsullar üçün tədarük zəncirinin dəyişdirilməsi ilə bağlı müzakirə koronavirus böhranı ilə əlaqədardır. Bu halda biz Aİ-ni Avropa qanunvericiliyinə diqqət göstərməyə dəvət edirik, əks təqdirdə təsir məhduddur və ya rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilər. Qaydalardan əlavə onun yan təsirləri də nəzərə alınmalıdır. İqlimin qorunması çərçivəsində qitələrarası nəqliyyatın zəruriliyi məsələsini qeyd etmək istərdim. Əgər siz istehlak məhsullarınızı 10 min mil məsafədə istehsal etsəniz, onları müştəriyə nəql etməlisiniz və bu havanın çirklənməsinə səbəb olur və beləliklə iqlim dəyişikliyinə töhfə vermiş olursunuz. Almaniyada regional qida məhsullarından istifadənin təbliği güclüdür. Məsələn, öz bağınızda alma yetişdirə bilsəniz, Çilidən Avropaya təyyarə ilə alma daşımağa ehtiyac olmayacaq. Ancaq xaricdə istehsal edildikdə daha yaxşı ekoloji tarazlıq yaradan digər mallar var. Bizə yerdəyişmə deyil, diversifikasiya lazımdır. Nəticə odur ki, siz qloballaşmanı tamamilə pisləyə bilməzsiniz, siz onun üstünlüklərini və mənfi cəhətlərini görməlisiniz. Dezavantajları gördüyünüz halda, ölkəniz dərhal bu mənfi cəhətlərdən təsirlənməsə belə, çatışmazlıqları aradan qaldırmaq üçün müvafiq qaydalar tətbiq etməlisiniz. Yenə də qloballaşma baxımından milli eqoizmlə mübarizə üçün çoxtərəfli səylər vacibdir. Əgər bəzi ölkələr mənfi cəhətlərə (dezavantajlara) görə məsuliyyətlərini inkar edərsə və yalnız üstünlüklərdən istifadə edərsə, bu, utanmazlıqdır. Sosial, ekoloji və vergi ağırlıqları qloballaşmaya son qoyacaq və üstəlik eqoistlərə qarşı olacaq. Biz çoxşaxəli fəaliyyət göstərsək qloballaşmadan hamımızın xeyrinə istifadə edə bilərik. Öncə də qeyd etdiyim kimi düşünürəm ki, insanlığın tərəqqisi naminə qlobal qarşılıqlı əlaqədən imtina edə bilmərik.

- Azərbaycan tərəfi həmişə qətiyyətlə Avropa İttifaqı ilə münasibətləri strateji əməkdaşlıq səviyyəsində qurmaq niyyətində olduğunu bildirib. Bu baxımdan Avropa ilə Azərbaycan arasındakı əməkdaşlıq barədə fikirləriniz necədir?

- Almaniya hökuməti “Şərq Tərəfdaşlığı”nın iki prinsipini həmişə vurğulayır. Birincisi, “Şərq Tərəfdaşlığı” heç kimə qarşı yönəlməyib. Bunu vurğulamaq lazımdır, çünki bəzi ölkələr bu inkişafı çox qısqanclıqla izləyir. Onların fikrincə, Aİ ticarət və digər avantajlar təklif edib “Şərq Tərəfdaşlığı” ölkələrini aldadaraq iddia edilən Avropanın maraq dairəsinə cəlb etməyə can atır. Lakin “Şərq Tərəfdaşlığı” siyasəti, hökumətlərin və xalqların kimlərlə əməkdaşlıq etməsi və bu əməkdaşlığın nə dərəcədə olması ilə bağlı seçim azadlığını təqdir edən bir siyasətdir. “Şərq Tərəfdaşlığı”nın məqsədlərinin ölkədən-ölkəyə fərqlənməsi başa düşüləndir və bu, belə qəbul edilib. Mənim hökumətimin bu fərqli hədəfləri əks etdirən ikinci prinsipi “Şərq Tərəfdaşlığı”nın inklüzivliyindən ibarətdir. Biz vahid bir yanaşma izləyirik. “Şərq Tərəfdaşlığı” ölkələri ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri mövcuddur. Azərbaycanla imzalanacaq sazişlə bağlı hələ danışıqlar davam edir. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri bir tərəfdən hər bir hökumətin fərqli maraqlarını nəzərə alır, digər tərəfdən də bu Sazişlər ümumi dəyərlərə sadiqliyi vurğulayır və “Şərq Tərəfdaşlığı” ölkələri arasında əməkdaşlığa imkan yaradır. Avropa strukturlarına daha da yaxınlaşmaq istəyində olan “Şərq Tərəfdaşlığı” ölkələrinin hələ çox uzun bir yolu var. Ancaq eyni şəkildə onların daha sıx inteqrasiya üçün bu yolu izləmək istəməyən və yalnız məhdud sektorlarda inteqrasiya yolunu seçən “Şərq Tərəfdaşlığı” ölkələrinə hörmətlə yanaşmasını gözləyirik. Bildiyim qədər ilə, Azərbaycan müəyyən sektorlarda Aİ-yə inteqrasiyada maraqlıdır. Məsələn, kənd təsərrüfatı məhsullarının Aİ-yə ixracını artırmaq istəyirsinizsə, Aİ standartlarına əməl etməlisiniz. Siz bu zaman həmçinin nəqliyyat, logistika və vahid gömrük prosedurları sistemini də uyğunlaşdıracaqsınız. Nəticədə texniki məsələlərdə çox yaxın olacaqsınız, halbuki daha geniş inteqrasiya bir çox problemlər yarada bilər. “Şərq Tərəfdaşlığı” ölkələri həqiqətən daha yaxın inteqrasiya istəməzdən əvvəl bunun siyasi dəyəri barədə məlumatlı olmalıdır. Hazırda əhalisinin "suverenliyimizin əhəmiyyətli hissələrini Aİ-yə transfer etməyə hazırıq" cümləsini imzalayacaq bir dənə də olsun “Şərq Tərəfdaşlığı” ölkəsi görmürəm. İnteqrasiya uzun bir prosesdir. Nəticə olaraq deyim ki, “Şərq Tərəfdaşlığı” siyasəti bütün tərəfdaş ölkələrə bərabər şəkildə yönəldilib və fərqli maraqlar və hədəflər diqqətlə nəzərə alınıb.

- Bəyanatlarda tez-tez “Ukrayna və digər “Şərq Tərəfdaşlığı” ölkələri ifadəsinə rast gəlinir. Bu, Ukraynanın bu tərəfdaşlıqdakı ölkələrdən fərqləndirilməsi kimi bir məna yaradır...

- Aİ-yə qoşulmaq NATO-ya qoşulmaqla eynidir. Bu, yalnız Ukrayna üçün deyil, Gürcüstan üçün də keçərlidir. Aİ və NATO-ya üzv olmaq üçün müəyyən dərəcədə daxili sabitlik olmalıdır. Bir ölkənin torpaqlarının bir hissəsi işğal edildikcə və döyüşlər davam etdiyi bir zamanda həmin ölkənin Aİ-yə üzv ola biləcəyinə şübhə edirəm. Digər tərəfdən, Ukrayna Aİ ilə həmsərhəddir. Minsk prosesində və “Normandiya formatı”nda Avropa İttifaqına üzv dövlətlərin bəziləri, o cümlədən mənim ölkəm iştirak edir. Nəhayət, Ukrayna ərazisinin işğalı Aİ-nin Rusiya ilə münasibətlərinə də təsir göstərir. Aİ sərhədlərinə yaxın bir münaqişənin nəzarətdən çıxmasını istəmirik. Öz təhlükəsizliyimiz üçün bütün bu səylər sayəsində, digər “Şərq Tərəfdaşlığı” ölkələri ilə müqayisədə Ukraynaya daha çox vaxt ayrıldığı görünür. Bundan əlavə, Ukrayna həm ərazi, həm də əhali baxımından Avropanın ən böyük dövlətlərindən biridir. 100 000 ukraynalı Almaniyada yaşayır, onlar mütəmadi olaraq Ukraynaya gedir və ya onların qohumları Ukraynadan gəlir. Beləliklə, Ukraynadakı vəziyyət bizi və Ukraynanın qonşuluğundakı digər Aİ-yə üzv dövlətləri maraqlandırır. Ancaq qeyd etdiyim kimi bu günə qədər, mənim hökumətim kimi Aİ də “Şərq Tərəfdaşlığı”nın əhatəli bir ortaqlıq olduğu və birinin digərlərindən üstün olmadığına dair fikirdədir.

- Almaniya ilə Azərbaycan arasındakı münasibətlər barədə soruşmaq istərdim. Cənab səfir, bu münasibətlərin səviyyəsindən razısınızmı?

- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Almaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 28 il ötür. Qeyd edim ki 19-cu əsrdə Almaniya Tiflisdəki diplomatik missiyasının nəzarəti altında Bakıda konsulluq ofisi açmışdı. “Siemens” qardaşları da Azərbaycanda çalışırdılar. Həmçinin 1992-ci ildə Almaniya Azərbaycanda səfirlik açan ilk ölkələrdən biri idi. Baxmayaraq ki, 1994-cü ilə qədər Almaniya burada müvəqqəti işlər vəkili ilə təmsil olunmuşdu, səfir isə Tbilisidə yaşayırdı. Son 28 ildə Azərbaycanın ən son tarixində baş verən bütün eniş-yoxuşlarla biz intensiv əlaqələrin ən yüksək səviyyəsinə çatmışıq. Hər iki ölkə həm də ortaq tarixin bir dövrünü bölüşür. 200 il əvvəl Azərbaycanın qərb hissəsinə ilk almanlar gəldi. Bu gün Almaniyada çox sayda azərbaycanlı yaşayır. Qərbi Avropada təqribən 25 000 nəfərlik ən böyük Azərbaycan diaspor icması yaradılıb, daha çox azərbaycanlı alman pasportlarına sahibdir. Almanların Azərbaycandan və ya Fransadan, Türkiyədən və ya Danimarkadan köçməsindən asılı olmayaraq, etnik mənşəyini qeyd etmədiyimiz üçün dəqiq rəqəm yoxdur. Bundan əlavə, bir çox azərbaycanlı Almaniyaya mütəmadi olaraq səfər edir. Azərbaycandan çox sayda həkim Almaniyada işləyir. Alman universitetlərində çox sayda azərbaycanlı tələbə var. Beləliklə, təkcə hökumətlər və dövlətlər arasında deyil, həm də xalqlar arasında çox sıx qarşılıqlı əlaqə mövcuddur. Fikrimcə, bu münasibətlərimizin keyfiyyətini əks etdirir. Siyasi perspektivdən Azərbaycan və Almaniya çoxtərəfliliyin qlobal və regional böhranların aradan qaldırılması üçün vasitə olması ilə bağlı fikirləri bölüşür. İqtisadi cəhətdən Azərbaycan ən vacib enerji tədarükçülərimizdən biridir. Gələcəkdə Almaniyaya təbii qazın ixracı ilə Azərbaycanın enerji sektorundakı rolu daha da artacaqdır. Almaniyanın çox böyük enerji şirkətinin Şərqi Avropa üçün cavabdeh olan törəmə şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir. İqtisadi əlaqələrimiz strateji bir aspektlə tamamlanır: Cənub Qaz Dəhlizi yalnız sadəcə bir boru kəməri deyil. Rusiya və Almaniyanın enerji sektorlarını birləşdirən “Şimal axını” boru kəmərinə alternativ təklif edərək enerji təminatımızın şaxələndirilməsi baxımından vacibdir. Cənub Qaz Dəhlizi strateji bir sərmayədir və o hər iki ölkənin qarşılıqlı maraq səviyyəsini əks etdirir. Azərbaycandan Almaniyaya yüksək səviyyəli səfərlər məni məmnun edir. Almaniyadan Azərbaycana Federal Parlamentin deputatlarının, Alman Dövlətlərinin Baş nazirlərinin və Federal nazirliklərin yüksək vəzifəli şəxslərinin səfərləri bəzən daha da vacibdir, çünki normal olaraq dövlət və ya hökumət başçılarının ziyarətlərini müşayiət edən böyük hadisədən əlavə, onlar hökumətlərimiz və dövlətlərimiz arasında əla işgüzar münasibətləri təsdiqləyirlər. Fevral ayında həm Prezident İlham Əliyevin, həm də Xarici İşlər naziri Elmar Məmmədyarovun Münhen Təhlükəsizlik Konfransında iştirakını məmnuniyyətlə qeyd etmək istərdim. Həmçinin əvvəllər də Münhen Təhlükəsizlik Konfransı yüksək səviyyəli Azərbaycan nümayəndələrini salamlayıb. Bu il Prezident Əliyev və Baş nazir Paşinyan arasındakı panel müzakirəsi konfransın diqqət çəkən və əvvəllər görülməmiş məqamlarından biri oldu. Bu həmçinin bir siqnal idi ki, siz Almaniyada bunu edə bilərsiniz. Almaniya forum təklif edir və insanlar iştirak edir. Əminəm ki, xüsusilə Azərbaycan siyasətçiləri Almaniyanın yaxşı bir dost olduğunu bilirlər, çünki alman siyasətçiləri bilirlər ki, biz bölgədə tərəfdaş kimi Azərbaycana etibar edə bilərik.

- Statistikaya görə, alman iqtisadiyyatına qoyulan Azərbaycan investisiyalarının həcmi 3 milyard dollar, Almaniyanın Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayə isə 615 milyon dollardır. Bu rəqəmləri müqayisə etdikdə böyük bir fərq görürük, Almaniyanın Azərbaycana sərmayəsi artacaqmı və bu istiqamətdə hansı tədbirlər görülür?

- Hökumət özəl şirkətlərə müəyyən bir ölkəyə birbaşa xarici sərmayə qoymağı əmr edə bilməz. Xarici kapital investisiya şərtlərinin yaxşı olduğu yerə qoyulur. Şərtləri müzakirə etmək üçün azərbaycanlı həmkarlarımla və Alman-Azərbaycan Ticarət Palatası (AHK Azərbaycan) ilə daimi əlaqədəyəm. AHK ikitərəfli ticarətin gücləndirilməsi üçün xüsusi bir vasitədir. Bakıda AHK vasitəsilə Almaniya Azərbaycanın bizim üçün iqtisadi əhəmiyyət kəsb etdiyini vurğulayır: Bu yaxın zamanadək keçmiş Sovet İttifaqının bütün varis dövlətlərindən yalnız Rusiyada və Azərbaycanda ikitərəfli Palata yaradılmışdı. Daha çox xarici investisiya qoyuluşu üçün Azərbaycandakı maneələrə gəlincə, Palatada təmsil olunan şirkətlər iki böyük məsələdən şikayətlənirlər: Onların qeyd etdiyi birinci məqam qanunun həqiqi aliliyi və həqiqi müstəqil məhkəmə sisteminin olmamasıdır. Bilirəm ki, bir çox islahatlar olub, amma Azərbaycan hələ burada daha çox iş görməlidir. Hüquq sisteminə inam azdır. Buna görə də Almaniya bütövlükdə hüquq sistemini gücləndirmək üçün Azərbaycanla əməkdaşlığı təmin edib və bu istiqamətdə təkliflər edib. Müzakirələrdə “qanunun aliliyi” beynəlxalq müşahidəçilərin diqqətini cəlb edən və onlar ilə hökumət arasında bəzən çirkin mübahisələrə səbəb olan cəza qanunvericiliyinə və insan haqlarına çox vaxt istinad edilir. Ancaq sülh içində birlikdə yaşamaq üçün vətəndaşların və şirkətlərin savadlı hakimləri və vicdanlı vəkilləri olan səlahiyyətli və qərəzsiz mülki, kommersiya və inzibati hüquq məhkəmələrinə ehtiyacı var. Mülki sektorda hakim və hüquqşünasların hazırlanmasında hələ də Azərbaycanda çatışmazlıqlar mövcuddur. Qanunun aliliyindən başqa ikinci maneə ixtisaslı işçilərin olmamasıdır. Azərbaycan iqtisadiyyatının neft sektorundan qeyri-neft sektoruna uğurla keçməsi üçün ölkəyə çox sayda mütəxəssislər lazımdır. Avropa İttifaqının digər üzv ölkələri ilə müqayisədə Azərbaycanda təhsil sisteminin bütün sahələri hələ də tam maliyyələşdirilmir. Xüsusilə peşə təhsili məktəblərində müəllimlər və təlimçilər daha yaxşı məvacibə və özləri üçün daha yaxşı təhsilə ehtiyac duyurlar. Azərbaycanda təlimçilər nəzəriyyəni tədris edirlər. Lakin öyrətdikləri işlərdə praktik təcrübəyə malik deyillər. Onlar işçi deyillər. Alman sistemini təbii ki, digər tarixi inkişaf səbəbindən Azərbaycana plan kimi tətbiq etmək olmaz; peşə təhsili əsasən şirkətlərdə, həm də çox kiçik şirkətlərdə həyata keçirilir. Təlimçilər şagirdlərə təlim vermək üçün əlavə səriştəyə sahib mütəxəssislərdir. Azərbaycan alman təcrübəsindən istifadə edə bilər. Azərbaycanda peşə təhsili sahəsində islahatların aparılması İqtisadiyyat nazirin maraq dairəsindədir. O öz həmkarını, Təhsil nazirini Azərbaycan iqtisadiyyatının gələcəyinə sərmayə qoymağa dəvət edib və birbaşa xarici investisiyanı həvəsləndirib. Həm Aİ, həm də AHK və Alman Federal Hökumətinin inkişaf agentliyi - GIZ bu sahədə artıq aktivdir. Buna görə də hökumət problemlərin ətraflı analizini əldə edə bilər. Ancaq yeni siyasətin tam şəkildə reallaşdırılmasında hələ defisitlər var. Bunlar ümumiyyətlə alman və xarici sərmayələrin artmasına qarşı iki əsas maneədir. Davamlı iş yerləri yaratmaq üçün insan resurslarına investisiya qoymalısınız. Bu, bahalı, lakin dəyərlidir. Yalnız neft və qaz sektoruna investisiya qoysanız, qazanacağınız məbləğ daha da çox ola bilər. Ancaq bu zaman insanlar üçün iş yeri yaratmırsınız, çünki neft və qaz sektorunda çox sayda mütəxəssisə ehtiyacı yoxdur. Bütövlükdə əmtəə sektoru çox sayda iş yeri yaratmır. Əmtəə sektoruna giriş yüksəkdir, lakin sosial sabitliyə qoyulan investisiyanın geri qaytarılması aşağıdır. Qeyri-neft sektoru isə fərqlidir və müasir kənd təsərrüfatı, logistika, turizm və istehsalın müsbət perspektivləri göz qabağındadır.

- Məlumata görə, hazırda Azərbaycanda 154 alman şirkəti fəaliyyət göstərir. Cənab səfir, onların hansı sektorda işlədiyi barədə məlumatınız varmı?

- Alman şirkətləri də çox vaxt neft və qaz sektoru ilə əlaqəlidirlər. İnşaat şirkətləri, maşınqayırma, hüquq xidmətləri, vergi xidmətləri çoxdur və onlar əsasən neft və qaz sektoru, bank və logistika ilə əlaqəli olan şirkətlərə xidmət göstərir. Lakin bu şirkətlər onlar çox çevikdir və eyni yüksək keyfiyyətlə qeyri-neft sektoruna öz imkanlarını və xidmətlərini təklif edə bilirlər. Bir zaman qurulan alman şirkətləri qalmaq üçün gəlir və onlar asanlıqla qazandıqları pullarla qaçıb getmirlər!

- Bildiyiniz kimi, Qafqaz regionu uzun sürən münaqişələrdən əziyyət çəkir. Avropa rəsmiləri tez-tez bu bölgədəki sabitliyin, barışın və təhlükəsizliyin Avropanın təhlükəsizliyi üçün vacib olduğunu vurğulayırlar. Bir diplomat kimi bu münaqişələrin həlli ilə bağlı fikriniz nədir?

- Münaqişələr müxtəlif mənşəlidir və iştirak edən insanlar fərqli tarixi təcrübələrə malikdir. Münaqişələrlə bağlı fərqli inkişaf var və hər bir münaqişə müxtəlif formatlarda həll olunur. Ukrayna ilə bağlı ATƏT-in səylərini dəstəkləmək üçün Rusiya, Ukrayna, Almaniya və Fransanın iştirakı ilə təmas qrupu - "Normandiya formatı" yaradılıb. Cenevrədə Gürcüstandakı münaqişə ilə məşğul olan ATƏT-in himayəsində fəaliyyət göstərən digər alt formatlar və həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri mövcuddur, Avropa İttifaqının Transqafqaziya üzrə Xüsusi Nümayəndəsinin dəstəyi ilə hər iki format həll yolları hazırlamaq üçün münaqişə tərəfləri ilə gərgin işləyir. İkincisi, bütün münaqişələr fərqli olsa da, ortaq bir məqam var: Bu münaqişələr təsirlənmiş bütün ölkələr arasında beynəlxalq əməkdaşlıq yolu ilə həll oluna bilər. Əgər siz formatlara baxsanız görərsiniz ki hamısı çoxtərəflilik əsasında idarə olunur. Münaqişə tərəfləri üzərində müəyyən dərəcədə təsiri olan yalnız bir vasitəçi istəyərkən vasitəçilik edən dövlətin maraqlarının üstün olması təhlükəsi ilə üzləşirsiniz. Vasitəçilər qrupu birdən çox dövlətdən ibarət olsa da, hamısı münaqişə tərəflərinə təsir etmək iqtidarındadır, səhv həll yolu təqdim edilə bilər. Lakin burada risk daha azdır və müxtəlif ölkələrin maraqları daha yaxşı balanslaşdırıla bilər. Hər hansı həll yolu üçün ən böyük maneələrdən biri milliyyətçilikdir və bu bəzən şovinizm kimi də tanınan çirkin formada ola bilər. Şovinistlər "biz başqalarından daha dəyərliyik və buna görə də başqalarının ərazimizdə yaşamasına icazə vermirik" kimi iddialar edirlər. Bu yanaşma ilə qarşılıqlı əlaqə qurmaq çox çətindir və xüsusən də əgər ölkə rəhbərliyi bu düşüncədədirsə ki, onlar bu səsləri məmnun etməlidirlər. Çox vaxt iddialar tarixə istinad edilərək əsaslandırılır. Bunu bu bölgədən uzaq bir nümunə ilə göstərmək istərdim. Çin min illər əvvəl Cənubi Çin dənizinin sularının onun nəzarəti altında olmasını irəli sürərək bu dənizə iddia edir. Bəlkə min il əvvəl bu, belə idi, amma indi biz 21-ci əsrdə yaşayırıq. Bu tarixi adları geri qaytarmaq istəmirik. Əks təqdirdə yunanlar və ya romalılar İstanbulun Konstantinopol olduğunu israr edər və bunu türklərdən geri istəyərdilər. Tarix oldu və biz onun nəticələrini fakt kimi qəbul etməliyik. Xoşbəxtlikdən, Braynd-Kelloq Paktı və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi kimi müasir beynəlxalq qanunlar təcavüz və ilhaq müharibələrini qadağan edir. Ancaq tarixə qayıdaq - 1000 il əvvəl bir ərazini kimin idarə etməsi bu gün heç bir maraq kəsb etmir. Ancaq hökumətlər bəzən qanuni öhdəliklərə qarşı hərəkət edirlər. Əgər bir münaqişə yaranırsa, siz danışıqlar aparmalısınız. Tarix isə güclü duyğular yarada bilər. Belə şəraitdə danışıqlar aparmaq asan deyil. Danışıqlar yalnız tərəflər arasında qarşılıqlı etimad olduğu halda uğurlu olacaq. Buna görə, əhəmiyyətli danışıqlara başlamazdan əvvəl inam yaratmaq üçün etimad yaradan tədbirlər həyata keçirməlisiniz. İlk olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, burada inamsızlıq göz qabağındadır. Düşünürəm ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Yerevandakı və Bakıdakı həmkarları arasındakı telefon danışıqları səmərəli oldu, çünki bu "mərhələli həll" təklifi və bu təklifə reaksiya münaqişənin əsas problemini - azlıqlar üçün təhlükəsizlik məsələsini - ortaya qoydu. Avtonom bölgə olan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, beləliklə azərbaycanlı çoxluğu erməni azlığına ev sahibliyi edir. Təhlükəsizlik əsas məsələdir və təhlükəsizlik yalnız qarşılıqlı etimad yolu ilə əldə edilə bilər. Müharibədən sonra inam yaratmaq üçün çox vaxt lazımdır. Təhlükəsizlik barədə danışıqlardan əvvəl siz tərəfdaşlarınıza etibar etməlisiniz. Bu gün hər iki tərəf danışıqların hələ davamlı nəticə vermədiyini etiraf edir. Əlbəttə, nəticə yoxdur, inam az olduğu üçün həqiqi danışıqlar başlaya bilmir. Ancaq hazırda danışıqlar və danışıqların davam etdirilməsi özlüyündə bir nəticədir. Mən çox şadam ki, hər iki ölkənin Xarici İşlər nazirləri danışıqları davam etdirirlər. Və hətta korona böhranı dövründə də onlar yeni görüşlər keçirmək barədə qərar verdilər. Video konfranslar keçirdilər - və bu xalqlar üçün yaxşı bir siqnaldır: Heç bir tərəf müharibə etmək istəmir. Danışıqlar daha yaxşı qarşılıqlı anlaşmaya dəstək verir, inam və etimad yaradır. Danışıq tərəflərinin alçaldılması, müharibə təxribatı və bütün növ nifrət nitqi ilə etimad bir arada formalaşa bilməz. İkincisi, yaxşı nəticə üçün təkcə hökumətlər arasında razılıq kifayət deyil. Siz həmçinin xalqların da razılığını almalısınız. Əks təqdirdə, yalnız hökumətlər arasında olan və xalqlar tərəfindən qəbul edilməyən bir razılaşma işləməyəcək. Hökumətlər razılaşma üçün dəstək qazanmağa çalışmalıdır. Kommunikasiya bu məsələdə çox vacibdir. Etimad nifrət nitqinin bütün formaları, müharibə təbliğatı və danışıqlar tərəfinin bir-birini alçaltması ilə bir arada formalaşa bilməz. Bu ilin noyabrından etibarən Almaniya 2021-ci ilin may ayına qədər Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək. Sədrlik dövründə bizim əsas fəaliyyətlərimizdən biri də nifrət nitqinə qarşı mübarizə olacaq. Almaniyada yaşayan azərbaycanlıların Azərbaycanın qanuni nümayəndələrinə qarşı nifrət dolu nitqlərinin qarşısını almaq istəyirik. Ancaq həm Azərbaycanda, həm də Ermənistanda da iki ölkənin bir-birinə qarşı nifrət nitqini izləyəcəyik. Biz bunu edəcəyik, çünki əsaslı danışıqlar üçün şərt olan bölgədə etimadın artmasına töhfə vermək istəyirik. Yenə qeyd edirəm uzun bir nəfəsə almağa ehtiyacınız var. Lakin danışıqlar prosesini dəstəkləyən bir çox institutlar var. ATƏT-in Minsk Qrupu həmsədrlərindən əlavə, məsələn, Aİ-nin Qafqaz üzrə xüsusi nümayəndəsi - cənab Toivo Klaar var. O bölgədəki müxtəlif münaqişələrlə, həm Gürcüstanda, həm də Ermənistanla Azərbaycan arasındakı münaqişə ilə maraqlanır.

- Düşünmürsünüzmü neytral və dürüst vasitəçilərin münaqişələrlə bağlı müzakirələrdə müsbət təsiri var?

- Bir sıra beynəlxalq və daxili münaqişələr digər ölkələrə də təsir edir. Bəzən onlar qaçqınlara ev sahibliyi etmək məcburiyyətində qalır, bəzən münaqişə tərəflərinin zəifliyindən imkan kimi istifadə edərək öz maraqlarını reallaşdırmağa çalışırlar. Hər iki halda münaqişənin həlli ilə bağlı digər ölkələrin məsuliyyəti var. Mükəmməl dünyada, sizin qərəzsiz və şəxsi mənfəətləri olmayan vasitəçiniz və vasitəçi ilə konstruktiv şəkildə əməkdaşlıq etməyə hazır olan münaqişə tərəfləri ola bilər. Əslində, vasitəçilər danışıqlar prosesini düzgün istiqamətə yönəltmək üçün müəyyən gücə ehtiyac duyur. Və danışıqların sonunda nəticələrin həyata keçirilməsi üçün qüvvələr lazımdır. Buna görə də vasitəçiləri diqqətlə seçmək məntiqlidir. Həqiqətdə vasitəçinin öz rolundan maraqlarını reallaşdırmaq üçün istifadə etməsindən qaçmaq üçün güclü, öhdəlik götürən və tərəflər üçün məqbul vasitəçilər qrupunun yaradılması tövsiyə olunur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Minsk qrupu yaradılan zaman Almaniya başlanğıcda fəal üzvlərdən biri idi. Lakin Almaniya tələb olunan keyfiyyətlərin hamısını ehtiva etmədi. Danışıqlarda əldə edilmiş nəticənin sonradan həyata keçirilməsi üçün ATƏT-dəki böyük güclərin, ABŞ və Rusiyanın bura daxil olması vacib idi. Düşünürəm ki, Minsk qrupunun hazırkı həmsədrləri münaqişə tərəflərini danışıqları davam etdirməyə inandırmaq üçün lazımi təsir və gücə malikdir. Müşahidələrimə görə bu proses yaxşı nəticələr verməkdədir. Mən həm də təqdir edirəm ki, hər iki Xarici İşlər naziri birlikdə hərəkət etməli olduqlarını bilirlər. Bu səbəbdən də onlar hətta sürətli nəticələr tələb edən məsuliyyətsiz tənqidçilərin fonunda belə danışıqlara davam edirlər. Hər ikisi sadiqdir, eyni zamanda müvafiq daxili siyasi mühitin də fərqindədirlər. Ermənistanda mövcud daxili məsələlər hökumətin səmərəliliyinə təsir göstərir. Azərbaycanda məcburi köçkünlərin problemləri həll olunmalıdır. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev bir daha bu məsələyə toxundu. Emosiyalar cilovlanmalıdır. Biz almanlar nə danışdığımızı bilirik: İkinci Dünya müharibəsinin bitməsindən yalnız iki on illik sonra nasist keçmişimizə dürüst bir şəkildə müraciət edə bildik. Şərq ərazilərindən, yəni indiki Polşadan olan məcburi köçkünlər vətənlərinin itirilməsindən şikayətlənirdilər və heç də hər kəs özünün nasist partiyasında və faşist rejimindəki rolunu etiraf etməyə hazır deyildi. İstəsəniz də istəməsəniz də köhnə düşmənlərlə barışıq bu şərtləri nəzərə almalıdır. Xalqlar oyunda öz rollarını qəbul etməyə hazır olmadığı müddətcə kənardan həll yolları tətbiq etmək çətindir.

- Almaniyanın qaçqın problemi barədə soruşmaq istəyirəm. 2015-ci ildə Avropaya qaçqın axınından sonra bilirik ki, Almaniya onların əksəriyyətinə ev sahibliyi edən ölkələrdən biridir. Bu insanların inteqrasiyası baxımından son vəziyyət necədir?

- Əlbəttə ki, 2015-ci ildə bu çətin idi, çünki on illərdir Almaniyada belə bir ümumi perspektiv üstünlük təşkil edirdi ki, Almaniya mühacirət ölkəsi deyil. Əslində bu doğru deyildi. 1950-ci illərin sonundan 1970-ci illərin əvvəllərinə qədər biz Cənubi Avropanın bir çox ölkələrindən və Türkiyədən insanları Almaniyada işləməyə dəvət etmişdik. Lakin biz onları “qonaq işçilər” adlandırırdıq. “Qonaq” müəyyən bir müddətdən sonra tərk edən adam mənasındadır. Ancaq əlbəttə ki, işçilərin bəziləri Almaniyada iqtisadi dayaqlarını qurduğu, almanlarla evləndiyi və cəmiyyətdə aktiv olduqları üçün və Almaniyada doğulan övladları olduğu üçün ölkəni tərk etmək niyyətləri olmadı. Nəticə etibarilə Almaniyanın mühacirət ölkəsi olduğunu qəbul etməyimiz qaçılmaz oldu. İqtisadiyyatımız və cəmiyyətimiz üçün mühacirlərə ehtiyacımız olduğunu bilirik, lakin həm də demoqrafik dəyişikliyin mənfi nəticələrinin qarşısını almaq lazımdır. 2015-ci ilin qaçqınları ilə birlikdə onlara - miqrantlara ev sahibliyi etmək o qədər də asan deyildi. Qısa müddətdə çox sayda adam gəlmişdi. Digər tərəfdən, bu gün qaçqınların çoxu iş tapıb, onlar alman dilini öyrənir, peşə təlimlərinə qatılır. Yalnız az sayda insan həqiqətən inteqrasiya olunmayıb. Artıq aylardır ki, çox sayda immiqrasiya artıq real bir problem deyil. Ancaq problem hələ də qalmaqdadır. Yalnız Almaniyaya deyil, həm də Avropaya idarə olunan immiqrasiyanın necə qurulması və qaçqınların necə bölüşdürülməsi Almaniyanın Avropa İttifaqına sədrliyində əsas mövzularından biri olacaq. Biz qanunlarımızı dəyişdirməliyik. Əvvəlki qanunvericiliyə görə, bu seçim az çox tibb sektoru ilə məhdudlaşdırılmışdı. Almaniyada çox sayda azərbaycanlı həkim və tibb bacısının yaşayıb işləməsinin səbəbi budur. 2020-ci aprelin 1-dən etibarən qüvvədə olan yeni qanunla Almaniya yalnız ölkəyə milyonlarla avro gətirən investorlara deyil, Almaniyada işləmək istəyən digər insanlar üçün də imkan yaradır. Lakin indi COVID-19 pandemiyası ilə üzləşdiyimiz üçün hələ ki, sərhədlərimiz açıq deyil. Əminəm ki, yeni qanun almanlar üçün məqbul olacaq. Böyük Britaniyada immiqrasiya ilə bağlı müzakirələrdən sonra fermerlər və sənaye artıq yeni məhdudlaşdırıcı immiqrasiya qaydalarını tənqid edirlər. Almanlar isə xaricilərə açıq olmaq niyyətindədir və onları cəmiyyətimizə inteqrasiya etməyə hazırdırlar.

- Almaniyadakı azərbaycanlı miqrantlar haqqında soruşmaq istəyirəm. Noyabr ayında Almaniya onlarla azərbaycanlını geri göndərdi. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəhbəri isə ilin yekunu ilə bağlı mətbuat konfransında ölkəyə qayıdan azərbaycanlıların böyük əksəriyyətinin Almaniyada yaşadığını bildirib. Bu məsələ ilə bağlı son vəziyyət nə yerdədir və bu məsələdə Azərbaycan və Almaniya hökumətləri arasında əməkdaşlıq mövcuddurmu?

- Biz çox sıx əməkdaşlıq edirik. Birincisi, Aİ ilə Azərbaycan arasında Readmissiya Sazişi var. Aİ-nin üzv dövlətləri protokollarla bu sazişi həyata keçirməlidirlər. Almaniya ilə Azərbaycan arasındakı protokolu demək olar ki, yekunlaşdırmışıq. Lakin hələ protokolun dilinin texniki versiyaları üzərində işlənilməlidir, mütəxəssislər buna baxmalıdırlar. Qərbi Avropadakı ən böyük Azərbaycan icması Almaniyada yaşayır. Bu, Azərbaycandan bir çox insanın Almaniyaya səfər etməsinin səbəblərindən biridir, çünki o insanların dostları və qohumları artıq oradadır. Şəxsin Almaniyada qalmaq üçün heç bir qanuni səbəbi olmadıqda, son vaxtlara qədər sığınacaq istəmək, daha uzun bir yaşayış üçün bir fürsət idi. Sığınacaq üçün heç bir əsaslı səbəb qəbul edilmədiyi halda, şəxs yenidən ölkəni tərk etməlidir. Şəxs könüllü olaraq ölkəni (Almaniyanı) tərk etmirsə, vətənə qaytarılma Federal Polis, Alman bələdiyyələrindəki əcnəbilərlə bağlı idarələr və Azərbaycan Dövlət Miqrasiya Xidməti arasında əməkdaşlıq yolu ilə həyata keçirilir, təyyarələr azərbaycanlıları Almaniyadan Azərbaycana geri gətirir. Çox şadam ki, geri qaytarılan insanların Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına çalışan Beynəlxalq Miqrasiya Təşkilatı ilə tərəfdaş kimi sıx əməkdaşlıq edirik. Bu sistem yaxşı işləyir. İki ölkə arasında protokol imzalandıqdan sonra bu prosedurlar daha da asanlaşacaq. Buna görə də Azərbaycandan Almaniyaya miqrasiyanın həqiqətən böyük bir problem olduğunu düşünmürəm. Buna baxmayaraq, Avropa İttifaqı Şurasının “Şərq Tərəfdaşlığı” ilə bağlı bu yaxınlarda yayılan nəticələrində Şura “Şərq Tərəfdaşlığı” ölkələrindən olan çox sayda vətəndaşın Avropada sığınacaq axtarması məsələsini qaldırdı. Bu gələcəkdə daha çox “Şərq Tərəfdaşlığı” ölkələrinə vizasız səyahət rejiminin aid edilməsi üçün bir maneə ola bilər. Vizasız səyahətin Azərbaycanla da mümkün olmasını görmək istərdim. Milli Məclisdə Alman-Azərbaycan Dostluq Qrupu, Dövlət İmmiqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi ilə keçirdiyim görüşlərdə üçüncü ölkələrdən olan qanunsuz miqrantların Azərbaycan ərazisindən Avropaya getməsi üçün kanalların mövcud olub-olmaması barədə məsələn, Azərbaycan pasportlarının nizamsız miqrantlara verilə biləcəyinə dair, müzakirə apardıq. Bütün həmsöhbətlərimdən çox dəyərli məlumatlar əldə etdim. Bu mövzuda əməkdaşlığımızı davam etdirəcəyik. Nizamsız miqrasiyanın qarşısını almağın ən yaxşı yolu Azərbaycanda qaneedici yaşayış şərtlərinin yaradılmasıdır. Ümid edirəm ki, kəndlərdə də daha yüksək ödənişli və ixtisaslı iş yerləri yaratmaqla islahat siyasəti davam etdiriləcək. Bundan sonra iqtisadi səbəblərdən Qərbi Avropaya miqrasiya etmək zərurəti azalacaq. Almaniya və Aİ “Şərq Tərəfdaşlığı” və yüksək səmərəli tvinninq proqramları vasitəsilə Azərbaycana islahatları müşayiət etmək üçün əlini uzadır.

Foto – İlkin Nəbiyev © APA GROUP

ONA

Teqlər:

SON XƏBƏRLƏR