• SİYASƏT

    16:44 16 aprel 2019

Almaniyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab Gəncədə olub.

ONA-nın Gəncə müxbirinin məlumatına görə, səfir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüş zamanı qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı və sənaye potensialı haqqında məlumat verilib. Bildirilib ki, burada Gəncə Avtomobil Zavodu, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərir, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun tikintisi davam etdirilir. Gəncənin tarixi və mədəniyyətindən söz açan icra başçısı Gəncədə də alman izlərinə rast gəlindiyini, Gəncə Dövlət Dram və Kukla Teatrlarının yerləşdiyi binaların vaxtı ilə almanlar tərəfindən inşa edildiyini diqqətə çatdırıb.

Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab iki ölkə arasında tarixi əlaqələrdən söz açıb, Azərbaycanda alman mədəni irsinin qorunub saxlandığını, bunun da mövcud dostluq münasibətlərinin bariz nümunəsi olduğunu deyib.

Görüşdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və səfir Mixail Kindsqrab Gəncə Urban Mərkəzində təşkil olunan Azərbaycanda alman irsinin izləri və memarlığına həsr edilən “Germanaijan” sərgisində iştirak ediblər.

Çıxış edən səfir Mixael Kindsqrab bildirib ki, sərgi Qafqaza köçən almanların əzmkarlığını, dözümlülüyünü və yaradıcılığını özündə əks etdirir. “Bu sərgi alman memarlığına həsr olunub. 200 il bundan öncə alman mühacirləri Azərbaycana gəliblər. Onların tarixi Gəncə və ətraf bölgələrin ərazisində başlayıb. İlk alman qəsəbələri, məntəqələri məhz burada yaranıb. Bu sərgi bizim birgə keçmişimizi nümayiş etdirir”.

Fuad Nazimoğlu

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR