ATƏT PA-nın prezidenti Giorgi Tseretelinin APA-ya müsahibəsi
- Cənab Tsereteli, Azərbaycana səfərinizin məqsədi nədir və səfər gündəliyinizə nələr daxildir?
- Həm ATƏT PA-ya prezidentliyim dövründə, həm də bundan öncə bir neçə dəfə Azərbaycana gəlmişəm. Azərbaycan bizim ən yaxın qonşumuzdur. Əlbəttə, biz bilirik ki, bölgəmizdə problemli məsələlər mövcuddur. Həm ATƏT PA prezidenti, həm də bir gürcü kimi istəyirəm ki, Dağlıq Qarabağ problemi ilə bağlı sülh müzakirələrini gücləndirək və inamın bərpasına nail olaq. Hazırda isə məsələ bir qədər fərqlidir. Azərbaycanın önəmli bir təşəbbüsü var. Bilirsiniz ki, artıq Azərbaycan ATƏT PA-da çox önəmli bir səsə malikdir. Azərbaycanlı millət vəkili Azay Quliyev ATƏT PA-da önəmli bir istiqamətə sədrlik edir. Bu struktur parlament nəzarətinin təmin edilməsində önəmli alətdir. İndi isə Azərbaycan, Türkiyə və Almaniya parlamentləri arasında müzakirə və dialoq üçün yeni parlament platformasının yaradılması təşəbbüsü irəli sürülüb. Düşünürəm ki, bu ATƏT PA olaraq bizim üçün də çox önəmli bir addımdır. Mən bu platformanın yaradılacağı ilk iclasda iştirak etmək üçün Bakıya dəvət edilmişəm. Bu çox maraqlı bir təşəbbüsdür.
- ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin istefasından sonra qurum təxminən 2 ildir ki, region üzrə yeni xüsusi nümayəndə təyin etməyib. Bunun səbəbi nədir?
- Əlbəttə, biz istəyirdik ki, həm hökumətlər, həm də ATƏT PA üçün effektiv vasitə olan xüsusi nümayəndəmiz regionda fəaliyyət göstərsin. Biz bunun üçün üç ölkə ilə - Azərbaycan, Gürcüstan və Ermənistanla işləyirik. Amma burada bir neçə səbəb var. Bunlardan birincisi, şəxsi səbəblərdir. Təəssüf ki, hələ ki heç kəs bu vəzifəyə təyin olunmaq istəmir. Bizim bəzi namizədlərimiz var. Bir neçə parlament üzvlərinə müraciət etmişik və onların cavab verməsini gözləyirik. Bu çox vaxt aparan işdir. Parlament də olduqca məşğuldur. Digər məsələ isə Ermənistandakı daxili dəyişikliklərlə bağlıdır. Ermənistan növbədənkənar seçkilərə getdi və inqilabla bağlı bir sıra məsələlər oldu. Amma indi çox yaxşı məqamdır və biz namizədləri seçirik. Düşünürəm ki, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın görüşündən sonra sülh və etimadın inkişafı üçün yenilənmiş bəyanatların səsləndirilməsi həm də ATƏT PA üçün olduqca böyük önəm daşıyır. Biz bu məsələni bir müddət təxirə salmışdıq, amma düşünürəm ki, artıq ətrafda uyğun insanlar var.
-Bəs, bu müddət ərzində regiondakı münaqişələrə ATƏT PA daxilində kim və ya hansı qurum nəzarət edib?
- ATƏT-in xüsusi nümayəndəsi, sadəcə, tamamlayıcı funksiya daşıyır. Münaqişənin həlli istiqamətində əsas fəaliyyət ATƏT-in Minsk Qrupuna məxsusdur. Onun həmsədrləri bu sahədə işləyirlər. Xüsusi nümayəndə isə sadəcə bəzi tamamlayıcı işlər görür. Bu münaqişənin həll olunması üçün alətlər artıq mövcuddur. Onlar yavaşlamayıblar, hər iki ölkə ilə işləyirlər. Xüsusi nümayəndə sadəcə münaqişənin həlli üçün əlavə bir vasitə idi. Hazırda ancaq ATƏT-in Minsk Qrupu bu sahə ilə məşğul olur və hər iki hökumət tərəfindən də dəstəklənir. Əlbəttə, onun işinin effektivliyi barədə bəzi tənqidlər də səsləndirilir.