"ATƏT-in daha da güclənməsi və təşkilatın təhlükəsizliyə hərtərəfli yanaşması Helsinki Yekun Aktında təsbit olunmuş əsas prinsiplərə və öhdəliklərə tam hörmət və onların yerinə yetirilməsi ilə bağlıdır".
APA-nın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) saytına istinadən verdiyi xəbərə görə, bunu qurumun fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri Edi Rama Helsinki Yekun Aktının qəbul olunmasının 45 illiyi ilə əlaqədar deyib.
Fəaliyyətdə olan sədr bildirib ki, Helsinki Yekun Aktı ATƏT məkanında 40 ildən çoxdur, insan təhlükəsizliyinin inkişafına vəsilə olub.
E. Rama vurğulayıb ki, Helsinki Yekun Aktının qəbulunun ildönümünü xatırlamağın ən doğru yolu bu sənədin prinsiplərinin dövlətlərarası münasibətlərdə reallaşdırılması üçün təcili səylərin göstərilməsi və bu prinsiplərə sadiq qalmaqdır.
ATƏT sədri bildirib ki, Avropa regionunda münaqişələrin mövcud olduğu bir vaxtda təşkilatın işi, eləcə də bütün iştirakçı dövlətlərin xoş niyyəti daha çox lazımdır.
"Sülh və demokratiya sadəcə ortaq sözümüz və üfüqümüz yox, ümumi məqsədimiz olmalıdır. Öz 10 prinsipi, o cümlədən təməl azadlıqlara və insan hüquqlarına hörməti ilə Helsinki Yekun Aktı 45 il əvvəl olduğu kimi, bu gün də aktualdır. Bu tarixi razılıq bütün məsələlərdə heç də ortaq yanaşma sərgiləməyən ölkələr tərəfindən əldə olunub. O vaxt kəskin fikir ayrılıqlarına baxmayaraq, ölkələr uzaqgörənlik nümayiş etdirdilər və yarım əsrdir ki, ATƏT bölgəsinə xidmət edən hərtərəfli təhlükəsizlik sisteminin təməlini qoymağa cəsarət göstərdilər. Biz qətiyyətlə irəliləmək üçün bu ildönümündən ilhamlanmalıyıq", - deyə ATƏT sədri vurğulayıb.
O bildirib ki, etimad və inam yalnız açıq və səmimi dialoq yolu ilə formalaşa bilər, bunun üçün isə davamlı səy, səbr və əzm tələb olunur: "Əminəm ki, ATƏT-in dialoq və birgə fəaliyyət üçün inklüziv platforması onu əməkdaşlıq üçün həlledici və davamlı foruma çevirir".