Avropa İttifaqı (Aİ) Azərbaycan prezidenti İlham Əliyevin Novruz bayramı ilə əlaqədar aralarında siyasi partiya, qeyri-hökumət təşkilatları üzvləri, blogger və jurnalistlərin də olduğu 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.
ONA-nın məlumatına görə, bu, Avropa İttifaqı Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisinin sözçüsünün bəyanatında əksini tapıb.
Bəyanatda bildirilir ki, Aİ Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq, bu istiqamətdə gələcəkdə də oxşar addımları davam etdirəcəyini gözləyir: “Aİ əməkdaşlığı, o cümlədən əlaqələrimizin vacib elementlərindən olan insan haqları sahəsində əlaqələri inkişaf etdirmək üçün Azəbaycanla işləməyə davam edəcək".
Qeyd edək ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı 431 nəfərə şamil olunub.