Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu gün Ağdama səfəri başlayıb.
APA-nın məlumatına görə, xüsusi nümayəndə Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub.
T. Klaar İmarət kompleksinə, burdakı türbələrə baxış keçirib, ermənilərin kompleksin ərazisində törətdiyi vandallıq əməllərinin şahidi olub.
Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov xüsusi nümayəndəyə ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində, o cümlədən Ağdamda mədəni, tarixi və dini abidələrini dağıtdığını, evləri, inzibati binaları, muzeyləri və digər sosial obyektləri yerlə yeksan etdiyini bildirib.
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdam Dövlət Dram Teatrının binasının qalıqları ilə də tanış olub.
T. Klaar binanın fasad divarına baxıb, dağıntıları gözləri ilə görüb.
Daha sonra Toivo Klaar Ağdam Cümə məscidinə baş çəkib.
Xüsusi nümayəndə ermənilərin işğal müddətində məsciddə törətdiyi vandallıq əməlləri ilə tanış olub.
T. Klaar Ağdam rayonunun Qiyaslı məscidində də olub.
Xüsusi nümayəndə məscidlə tanış olub. Məlumat verilib ki, XVIII əsrə aid olan məscid işğal müddətində erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdəndir.
Ermənilər məscidi dağıdıb, minarələrini uçurub. İşğalçılar burada heyvan saxlayıb, ərazini tərk edəndə isə məscidi yandırıb, nəticədə binaya ciddi ziyan dəyib.
Qeyd edək ki, T. Klaar regiona səfəri çərçivəsində Ermənistanda da olub.