Azad Rəhimov: “Azərbaycan könüllülük fəaliyyətinin inkişafı üçün mühüm addımlar atır”
  • SİYASƏT

  • 10:43 10 Aprel 2019

Azad Rəhimov: “Azərbaycan könüllülük fəaliyyətinin inkişafı üçün mühüm addımlar atır”

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda yerləşən Baş qərargahında 8-ci İqtisadi və Sosial Şurası Gənclər Forumu davam edir.

Gənclər və İdman Nazirliyindən ONA-ya verilən xəbərə görə, forumda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edir.

Forumda “Gənclik 2030: Gənclərlə və gənclər üçün işləmək”, “Gənclərin İnkişafına İnvestisiya: Maliyyələşdirmə və digər tətbiq vasitələri” və digər mövzular ətrafında fikir mübadilələri aparılıb, gələcək planlar müzakirə edilib.

Forumda çıxış edən Azad Rəhimov bildirib ki, Azərbaycan könüllülərin sayının artırılması, könüllülük fəaliyyətinin inkişafı üçün mühüm addımlar atır. Nazir qeyd edib ki, 2018-ci ilin may ayından start götürən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş 17 gənc səfirin ölkəmizdə təqdimat və mükafatlandırma mərasimi də baş tutub: “BMT modeli gənclər üçün yeni biliklərin əldə olunması, tənqidi yanaşma, motivasiya istiqamətində seçim, təlim və effektiv inkişaf mexanizimdir”.

Çıxışı zamanı gənclər və idman naziri Azad Rəhimov Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən zəbt edildiyini, məcburi köçkünlərin böyük əksərriyyətinin məhz gənclər olduğunu qeyd edib.

Nazir həmçinin Minilliyin İnkişaf Məqsədləri (2000-2015) və Dayanıqlı İnkişaf Məqsədləri (2016-2030) proqramlarının həyata keçirilməsindən öncəki mərhələdə ölkənin əldə etdiyi uğurlardan, qarşıya qoyulan məqsədlərdən və öhdəliklərdən danışıb. Çıxışının sonunda nazir Azad Rəhimov BMT-nin çətiri altında sadəcə görüşlərin və müzakirələrin aparılması deyil, gənclərin məşğulluğunun təmin olunması istiqamətində real işlərin görülməsi məqsədi ilə xüsusi koordinasiya komissiyasının yaradılması təklifini irəli sürüb.

ABŞ-a səfəri çərçivəsində Azad Rəhimov BMT-nin Baş Katibinin Gənclər üzrə elçisi Jayathma Vickramanayake, BMT İqtisadi və Sosial Şurasının prezidenti İnqa Rhonda King, Serbiya Respublikasının gənclər və idman naziri Vanja Udovicic, Rusiya nümayəndə heyətinin BMT İqtisadi və Sosial Şurasında rəhbəri, gənclər siyasəti üzrə Federal Agentliyin nümayəndəsi Aleksandr Bugayev, Ukraynanın gənclər və idman naziri İqor Jdanov, Avstriyanın ailə məsələləri üzrə naziri Yuliane Boqner-Ştrauss, Əfqanıstanın gənclər məsələləri üzrə nazir müavini Kamal Sadat ilə görüşlər keçirib. Görüşlərdə gənclərin məşğulluğu sahəsində informasiya mübadiləsi aparılıb, qarşılıqlı layihələr haqqında danışılıb. Eyni zamanda Rusiya və Azərbaycan arasında “Tələbə baharı” və digər layihələrin realizəsi mövzuları müzakirə olunub.

 

Kəmalə Quliyeva

Teqlər: BMT Azad Rəhimov bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR