• SİYASƏT

    18:50 2 mart 2020

Azərbaycan ABŞ-ın nüfuzlu yəhudi təşkilatının illik konfransında iştirak edib

Martın 1-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bəyanatı ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatı olan Amerika İsrail İctimai Əlaqələr Komitəsinin illik konfransında tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Birinci vitse-prezidentin bəyanatında Azərbaycanın geosiyasi mövqeyinə görə, Qərb və Şərq ənənələrinin bir yerdə cəmləndiyi məkan olduğu, Azərbaycanın digər müxtəlif dini və etnik nümayəndələri kimi, yəhudilərin ölkəmizdə əsrlər boyu sülh, əmin-amanlıq, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşadıqları qeyd edilir. Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən olan multikulturalizmin Azərbaycanlıların həyat tərzini əks etdirdiyi və beynəlxalq səviyyədə tanındığı vurğulanır.

Azərbaycanın yəhudilərin yaşayıb və yaratmağı üçün doğma yer olduğu, 1918-1920-ci illər ərzində mövcud olmuş və müsəlman dünyasında ilk parlament demokratiyası – Azərbaycan Demokratik Respublikası zamanı yəhudi icmasının ölkənin inkişafına fəal şəkildə töhfə verdiyi bəyanatda bildirilir. Buna misal kimi, yəhudi əsilli məşhur pediatr Yevsey Gindesin ölkəmizin Səhiyyə naziri, Mark Aberquzun Maliyyə nazirinin müavini və Mərkəzi Bankın rəhbəri olduğu diqqətə çatdırılır.

Azərbaycanda o zaman fəaliyyət göstərən Yəhudi Milli Şurasının məktəblərinin, qəzet və jurnallarının mövcudluğu, onun Azərbaycan Parlamentində təmsil olunduğu barədə məlumat verilir. Həmçinin, vurğulanır ki, Azərbaycan ikinci dünya müharibəsi zamanı Nasizm zülmündən qaçmağa çalışan minlərlə yəhudiyə sığınacaq verib və onların ikinci evinə çevrilib.

Bəyanatda qeyd olunur ki, Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpasından sonra, Azərbaycan cəmiyyətinin tərkib hissəsi olan yəhudi icması müasir Azərbaycan dövlətinin inkişafında əhəmiyyətli rol oynayıb. Ermənistan Respublikasının silahlı qüvvələrinin təcavüzü zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində yəhudi əsilli Azərbaycan vətəndaşlarının canlarından keçdiyi diqqətə çatdırılır. Bunlardan birinin Azərbaycanın milli qəhrəmanı Albert Aqarunov olduğu, Bakı şəhərində mərkəzi küçələrdən birinin onun adını daşıdığı və paytaxtda onun heykəlinin ucaldığı barədə məlumat verilir.

Azərbaycanda sinaqoqların məscid və kilsələrlə yan-yana mövcudluğu ölkəmizin tarixi nailiyyəti və qürur mənbəyi olduğu bildirilir. Bu gün Azərbaycanda səkkiz yəhudi təşkilatının, yeddi sinaqoqun, bir neçə yəhudi məktəbinin olduğu diqqətə çatdırılır. Sinaqoqların illik əsasda Azərbaycan hökumətindən maliyyə yardımı aldığı, yəhudi icmasının Azərbaycanın Quba bölgəsində “Qırmızı qəsəbədə” tam əmin-amanlıq və tarixi ənənələrinə sadiqlik şəraitində əsrlər boyu yaşadıqları bildirilir.

Xüsusi fərəhlə qeyd olunur ki, hal-hazırda ABŞ və İsraildə yaşayan yəhudi əsilli keçmiş həmvətənlər Azərbaycanla sıx əlaqələrini saxlamış və bu ölkələrlə münasibətlərimizin güclənməsinə töhfə verməkdədirlər.

Bəyanatın sonunda konfrans iştirakçılarına uğurlar arzulanır.

Bəyanat, konfransda xüsusi qonaq qismində iştirak edən, Azərbaycan Respublikasının Maliyyə naziri və eyni zamanda Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının həmsədri olan Samir Şərifov tərəfindən oxunub və nazir daha sonra Amerika İsrail İctimai Əlaqələr Komitəsinin Beynəlxalq Məsələlər üzrə direktoru Stefen Şnayderin İsrail-Azərbaycan və ABŞ-Azərbaycan münasibətlərinə dair suallarını cavablandırıb.

Nazir Azərbaycan strateji əhəmiyyətindən və müstəqillik qazandığımız ilk illərdə Ermənistanın ölkəmizə təcavüzü nəticəsində yaranmış çətinliklərdən, o cümlədən bu təcavüz nəticəsində bir milyon Azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsindən bəhs edib. Buna baxmayaraq, Azərbaycan sürətlə inkişaf edib, Azərbaycan vətəndaşlarının rifahı dəfələrlə yaxşılaşıb, son 15 il ərzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatı 3,4 dəfə artıb.

O bildirib ki, beynəlxalq sərmayələri cəlb etməklə zəngin enerji resurslarından istifadə edən Azərbaycan hazırda təkcə ölkəmizin deyil, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatında xüsusi rol oynayır. Dünyəvi dövlət olan Azərbaycanda hökumət dini azadlıqların qorunmasına xüsusi diqqət yetirdiyi nazir tərəfindən vurğulanıb.

İsrailin Azərbaycanı tanıyan və diplomatik əlaqələr qurmuş ilk dövlətlərdən olduğunu bildirən nazir ölkəmizin yəhudi icmasının Azərbaycandakı rolunu diqqətə çatdırıb. İsrailin Azərbaycanı Cənubi Qafqaz və Mərkəzi Asiyada əsas tərəfdaşı kimi tanıdığını təqdir olunub.

İsrailin Azərbaycanla enerji və müdafiə sahəsində əməkdaşlığı barədə suala cavab olaraq, nazir Şərifov qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti İsrailin neft istehlakının böyük hissəsini təchiz edir. Ümumilikdə, iki ölkə arasında əməkdaşlığın yalnız enerji sahəsi ilə məhdudlaşmadığını, digər sahələrdə, xüsusilə də texnologiya transferi və müdafiə sahəsində əməkdaşlığın daha da artırılması niyyətindən bəhs edib.

Daha sonra, moderator yəhudi icmasının ölkədəki rolu barədə sual ünvanlayıb. Suala cavabında nazir S. Şərifov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev prezident seçilməzdən öncə bütün vətəndaşların prezidenti olacağını qeyd edib. Yəhudilərin Azərbaycan cəmiyyətinin əsas tərkib hissəsi olduğu, hazırda Azərbaycan hökumətində və Parlamentində təmsil olunduqları diqqətə çatdırılıb. Ümumiyyətlə, tanınmış dünya şöhrətli şəxsiyyətlər kimi yəhudi əsilli Azərbaycanlıların ölkəmizin fəxri olduqlarını qeyd edib.

Moderatorun Azərbaycanın ABŞ-la münasibətləri barədə sualına cavab verən nazir, müstəqillik qazandıqdan bəri ölkəmizin ABŞ-la münasibətlərə xüsusi əhəmiyyət verdiyi, Azərbaycanın ABŞ hərbçiləri ilə çiyin-çiyinə terrorçuluqla mübarizə apardığını qeyd edib, ABŞ-ın Bakı-Tbilisi-Ceyhan layihəsində və Cənub Qaz Dəhlizi layihələrinə dəstəyini yüksək qiymətləndirib. Bu xüsusda, ölkə Prezidentinin 26 fevral tarixində ABŞ-ın yüksək rəsmisini qəbul etdiyini bildirib və ABŞ Prezidentinin Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşması istiqamətində səylərini təqdir edib.

Qoşulmama Hərəkatına sədrlik edən və müsəlman ölkələri ilə yaxınlığına görə seçilən Azərbaycanın İslam aləmi ilə İsrail arasında “körpü” rolunu oynaya bilərmi sualını cavablandıran nazir İsrail, fələstinlilər və ərəb ölkələri ilə yaxın münasibətlərə malik olduğunu diqqətə çatdırıb. Bunun səbəbinin Azərbaycanın yürütdüyü balanslı siyasət olduğunu bildirib. Azərbaycanın multikulturalizm və dinlərarası dialoq məkanı olduğu, bu yaxınlarda dünya dini liderlərinin ikinci sammitinə ev sahibliyi etdiyini, o cümlədən BMT-nin Sivilizasiyaların Alyansı çərçivəsində xüsusi rol oynadığını vurğulanıb. Azərbaycanın “körpü” və ya digər yaxınlaşdırıcı rolda çıxış etməyə hazır olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bəyanatı konfransın iştirakçıları tərəfindən tarixi hadisə adlandırılıb və olduqca yüksək qiymətləndirilib. Mehriban Əliyevanın müsəlman dünyasında mötəbər xanım lider olduğu və qlobal səviyyədə təhsil, tolerantlıq və qadınların inkişafına xüsusi töhfə verdiyi tədbir zamanı xüsusi vurğulanıb. ABŞ-ın yəhudi icması üçün əhəmiyyətli olan, müxtəlif illərdə ABŞ prezidentinin və vitse-prezidentinin, çoxlu sayda Senatorların, Konqres üzvlərinin, xarici dövlət və hökumət rəhbərlərinin, ictimai və siyasi xadimlərin qatıldığı sözügedən tədbirdə səsləndirilmiş bəyanat olduqca böyük marağa səbəb olub və mətbuatda geniş şəkildə işıqlandırılmış və canlı yayımlanıb.

Eyni zamanda, qeyd edilib ki, konfransda ilk dəfə olaraq müsəlman dövlətinin kabinet üzvü daxil olan yüksək səviyyəli nümayəndə heyətinin iştirak etməsi əhəmiyyətli hadisədir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR