• SİYASƏT

    14:40 10 may 2020

Azərbaycan Ağsaqqallar Şurasının sədri: “Heydər Əliyev həyatını Azərbaycan xalqına həsr edib”

“Bu gün Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olduğu gündür və xalqımızın həyatında ən əlamətdar günlərdən biridir. Heydər Əliyev XX əsrin ən böyük dövlət xadimlərindən biridir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib.

F. Heydərov deyib ki, Heydər Əliyev həyatını Azərbaycan xalqına həsr edib. Onun sözlərinə görə, 1969-cu ildə SSRİ respublikaları arasında iqtisadi inkişaf səviyyəsinə görə sonuncu yerlərdə olan Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev qısa zaman ərzində ölkəmizin ittifaq respublikaları arasında ən öncül yerlərə yüksəlməsini təmin edib: “Müstəqil Azərbaycan isə Heydər Əliyevin şah əsəridir. Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən zaman məhz Heydər Əliyevə müraciət edib və Ümummilli Lider xalqımızın bu çağırışı qəbul edib. Məhz Heydər Əliyevin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsini dəf edib. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əsasını, bünövrəsini yaradıb. Ümummilli Lider bəyan edirdi ki, Azərbaycanın müstəqilliyi daimi, əbədidir və heç bir qüvvə Azərbaycanın müstəqilliyinə xələl gətirə bilməz. Tarix də bunu bir daha təsdiqlədi”.

Azərbaycan Ağsaqqallar Şurasının sədri qeyd edib ki, Ümummilli Lider ikinci dəfə xalqın təkidi ilə hakimiyyətə gəlməzdisə, bu gün Azərbaycanın hansı fəlakətlərlə üzləşəcəyini təsəvvür etmək çətindir: “Bu gün Heydər Əliyev irsinin layiqli davamçısı olan Prezident İlham Əliyev bu yolu uğurla davam etdirir. Bu gün Azərbaycan iqtisadi inkişafı, əhalisinin sosial rifahı və digər sahələrdə əldə etdiyi uğurlara görə dünyanın ən nüfuzlu dövlətlərindən biridir. Azərbaycan dövlətinin siyasətinin əsasında insan amili dayanır. Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyası dövründə atılan addımlar da bunu bir daha təsdiqlədi. Ümumdünya Səhiyyə Təşkilatı bu gün Azərbaycanı koronavirus pandemiyası ilə mübarizədə nümunəvi ölkə kimi qəbul edir. Azərbaycan dünyada da bu bəlaya qarşı mübarizədə təşəbbüsü ilə diqqət çəkir. Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq təşkilatlar sırasında ilk dəfə videkonfrans formatında məhz Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Zirvə görüşü keçirilib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə 120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşündə 40-dan çox dövlət və hökumət başçısı iştirak edib. BMT Baş Katibi, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru bu təşəbbüsü yüksək qiymətləndirib. Bununla da Azərbaycan bu gün koronavirusa qarşı mübarizə üçün dünyanın bir araya gəldiyi platformanın yaradılmasına nail olub”.

F. Heydərov bildirib ki, bu gün əldə edilən uğurların əsasında Heydər Əliyev kursu, Prezident İlham Əliyevin uzaqgörən siyasəti durur: “Birinci vitse-prezident Mehriban Əliyevanın bu qazanılan uğurlarda xüsusi rolunu da qeyd etmək istərdim. Birinci vitse-prezident Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi hər zaman fəallığı, xeyirxah əməlləri ilə seçilir. Hörmətli Mehriban xanımın zəhməti və əzmi ilə yaradılmış Heydər Əliyev Fondu Ulu Öndərin tarixi irsini, ənənələrini öyrətmək və təbliğ etməklə yanaşı, həm də xeyirxahlıq, humanistlik missiyasını yerinə yetirir”.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Azərbaycanın Heydər Əliyev yolunu hər zaman davam etdirəcəyini və müstəqilliyinin əbədiliyini təmin edəcəyini vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR