Azərbaycan Gürcüstana təmənnasız olaraq 100 ton maye tibbi oksigen ayırıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, yaxın gələcəkdə Azərbaycandan quru və dəmir yolu vasitəsilə müəyyən miqdarda maye tibbi oksigenin Gürcüstana göndərilməsi planlaşdırılır.
“Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi müvafiq işləri həyata keçirib və dost ölkəmizin hökumətinin köməkliyi ilə operativ şəkildə müvafiq miqdarda maye tibbi oksigen tədarükünə müvəffəq olunub. Gürcüstan Səfirliyi Gürcüstanın klinikalarına təmənnasız olaraq 100 ton maye tibbi oksigen ayırdığı və öz hesabına yükün Gürcüstana daşınmasını təmin etdiyi üçün “Baku Steel” şirkətinə öz minnətdarlığını bildirir. Qeyd etmək lazımdır ki, strateji tərəfdaş ölkəmizin Nazirlər Kabineti, müvafiq dövlət strukturları - İqtisadiyyat və Fövqəladə Hallar Nazirlikləri, Dəmir Yolu və Gömrük Komitəsi bu zəhmətli prosesə xüsusi töhfə verib.
Gürcüstan və Azərbaycan tərəfləri Gürcüstanın səhiyyə sektorundakı COVID-19 klinikalarına maye tibbi oksigen tədarükü çatışmazlığının qarşısını almaq üçün sıx əməkdaşlıq etməyə davam edirlər. Yaxın gələcəkdə Azərbaycandan quru və dəmir yolu vasitəsilə müəyyən miqdarda maye tibbi oksigenin Gürcüstana göndərilməsi planlaşdırılır”, - deyə səfirliyin məlumatında bildirilib.