“Oktyabrın 19-da Əli Kərimlinin rəhbərlik etdiyi bir qrup radikalın təxribatçı hərəkətlərində son məqsəd Azərbaycanda bərqərar olunmuş sabitliyi pozmaq, bununla da anti-azərbaycançı mərkəzlərin sifarişini yerinə yetirmək idi”.
Bunu APA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib.
H. Babaoğlu deyib ki, heç bir radikal qrupun haqqı yoxdur ki, böyük bir meqapolisdə şəhər həyatını iflic etsin, əhalinin istirahət hüququnu pozsun: “Hazırkı mürəkkəb bir mərhələdə hansı ölkədə sabitliyin pozulduğunu müşahidə ediriksə, o ölkə çox ciddi zərərlər görür, milli maraqları ziyan çəkir. İndiki mərhələdə məhz Əli Kərimlinin bir qrup radikal ilə bu cədləri etməsi bir daha onun anti-azərbaycançı mərkəzlərdən sifariş alaraq hərəkət etdiyini sübut edir. Azərbaycanda soyuqqanlı düşünməyi bacaran hər bir şəxs Əli Kərimlinin fəaliyyətində müxalifətçilik deyil, məhz dağıdıcılıq prinsiplərinin əsas təşkil etdiyini bir daha aydın görmüş oldu. Azərbaycan xalqı çox ağır tarixi prosesdən keçərək, çox ağır bədəllər ödəyərək sabitliyi əldə etməyi bacarıb. Azərbaycan xalqı bu sabitliyin təminatçısıdır, heç bir vaxt imkan verməyəcək ki, xaricdən maliyyələşən radikal qurumlar Azərbaycanda sabitliyi pozsun. Təxribatlar zamani Azərbaycan polisi bir daha sübut etdi ki, Azərbaycanda onun birbaşa konstitusion vəzifəsi olan asayişin qorunması və sabitliyin təmin olunmasını icra etməyə hazırdır, bunu qətiyyətlə bacarır. Bənzər hadisələr ayrı-ayrı Qərb ölkələrində baş verən zaman polisin nə qədər zorakı davranışının şahidi oluruq. Ancaq Azərbaycan polisi bir daha nümunə göstərərək qanun çərçivəsində ölkəmizdə asayişin pozulmasının qarşısını aldı. Bu da olduqca təqdirəlayiq bir haldır. Bundan sonra da Azərbaycan xalqı və onun yaratdığı müstəqil dövlətin hüquq-mühafizə orqanları məhz Azərbaycan xalqının maraqlarını qorumaqla ölkəmizdə sabitliyi pozmağa cəhd göstərən hər hansı bir qrupu qətiyyətlə cəzalandırmağı bacaracaq və ölkəmizdə sabitliyin pozulmasına yol verməyəcək”.
Millət vəkili 1990-cı illərin əvvəllərində sabitliyin pozulmasının nələrə gətirib çıxardığının şahidi olduğumuzu vurğulayıb: “Azərbaycan xalqının ictimai yaddaşı dərindir, bu hadisələri xatırlayır. Xalqımız bundan sonra əsla bir daha icazə verməz ki, kimsə anti-azərbaycançı mərkəzlərlə əlbir olaraq Azərbaycanda asayişi pozsun”.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov APA-ya açıqlamasında deyib ki, oktyabrın 19-da “Milli Şura” adı altında birləşən, özlərini demokratik qüvvə adlandıran, xüsusən AXCP sədri Əli Kərimli və bu partiyanın fəalları qanunsuz olaraq Azərbaycanda mitinq keçirilməsinə cəhdlər göstəriblər: “Bir neçə gün əvvəl Milli Şura tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdu. Bakı Şəhər İcra Hakimiyyəti təkcə oktyabr ayında artıq ikinci dəfə onlara dinc aksiya keçirməsi üçün qanuna müvafiq olaraq yer ayırmışdı. Anma bütün bunlara məhəl qoymayaraq, Əli Kərimli başda olmaqla, onun ətrafında olan qruplaşmalar çalışırdılar ki, ölkəmizin paytaxtı Bakı şəhərində asayişi, əmin-amanlığı, sabitliyi pozsunlar. Buna görə də dövlətçiliyimizə, müstəqilliyimizə qarşı bir aksiya keçirməyə çalışırdılar. Təbii ki, bunun arxasında dayananlar bilirdilər ki, bu, alınmayacaq. Çünki xalqımız ora toplaşmadı. Bir neçə nəfər cəhd etdi ki, orada aksiya keçirsinlər. Daxili işlər orqanları dəfələrlə onlara müraciət etmişdi ki, belə qanunsuz aksiyanın keçirilməsinin qarşısı qanuna müvafiq qaydada alınacaqdır. Buna məhəl qoymayaraq, çalışdılar ki, qarşıdurma yaratsınlar, sabitliyi pozsunlar. Daxili işlər orqanları da qanun çərçivəsində çox qətiyyətlə, ustalıqla, peşəkarcasına bunun qarşısını aldılar. Onların aksiyası uçuruma getdi və baş tutmadı. İlk növbədə elə xalqımız tərəfindən onlar boykot olundu”.
Millət vəkili İlham Məmmədov APA-ya açıqlamasında deyib ki, özünü “Milli Şura” adlandıran qurum Ə. Kərimlinin təhriki və fitvası ilə şəhərin mərkəzində istirahət günü insanların rahatlığını və hüquqlarını pozaraq qanunsuz aksiya keçirilməsinə cəhd edib: “Əli Kərimli buna görə qanun qarşısında cavab verməlidir. Dövlətini sevən, Prezidentimizin qayğı və diqqətini gündəlik həyatında hiss edən milyonlarla insanının səbri bir gün tükənəcək. Bu gün dünyanı bürümüş gərginlik və xaosda niyə imkan vermirsiniz ki, xalqımızın qurbanlar, gərgin zəhmət və mücadilələrlə qazanmış olduğu sabitlik və firavanlıq qorunsun. Axı senin ağalarının ayrı-ayrı ölkələrə ixrac etdiyi “demokratiya” o ölkələri viran qoyub. Ancaq ölkəmiz məhz rəhbərimiz, Ali Baş Komandanımız ilham Əliyevin ağıllı, uzaqgörən və cəsarətli siyasəti nəticəsində, onu sevən, güvənən xalqımızdan güc alaraq Azərbaycanı sabitlik adasına çevirib. Bu gün torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyona yaxın məcburi köçkün və qaçqınımız var. Ölkədə sosial problemlərin həlli üçün ardıcıl islahatlar aparılır, pensiyalar, ayrı- ayrı kateqoriyalar üzrə müavinətlər, tələbələrin təqaüdü artır. Eyni zamanda yollar çəkilir, nəhəng sənaye müəssisələri tikilir, iş yerləri yaradılır. Məcburi köçkün əhalimiz üçün qəsəbələr salınır, işıq, qaz, su problemləri demək olar ki, aradan qalxıb. Ən əsası da Qarabağımızın azad olunması üçün ordumuz gücləndirilir. Bu problemin həll olunmasına əngəl olan məhz sənin ağaların olan güclərə qarşı mücadilə və mübarizə aparılır. Ölkəmiz hüquqi dövlətdir, demokratik dəyərlərə sadiqdir, insan hüquq və azadlıqları yüksək səviyyədə qorunur, söz, mətbuat azadlığı var. Bu, ölkəmizin getdiyi yoldur. Elektoratı olmayan bir qrupun məqsədi isə yalnız pozuculuq və xəyanətdir”.
Millət vəkili Sona Əliyeva APA-ya açıqlamasında bildirib ki, öz içində düşmən niyyətləri dərk edən insan riyakarlığı ilə heç kəsi aldada bilməz: “Daxilində düşmənçilik, nifrət və böhtan kimi mənfi emosiyalarla yüklənmiş bir qrup müxalifətçi birmənalı olaraq öz riyakarlığı ilə Azərbaycan xalqını aldada, ictimai rəyi çaşdıra bilməz. Siyasi xaosun yaşandığı müstəqilliyin ilk illərində hamı nələrin yaşandığını, ictimai-siyasi, sosial həyatın mürəkkəbliyini, sadə məişət problemlərinin həllinin belə əlçatmaz olduğunu yaxşı xatırlayır. Yəqin ki, psixoloji immuniteti olan hər bir kəs eyni sarsıntıları bir daha yaşamaq istəməz. Bu məsələnin ən sadə reallığını ehtiva edən bir hissəsidir. Təəssüf ki, özünü xalqın təmsilçisi, sözçüsü adlandıran bir qrup şəxs bunu anlamaq istəmir, nəinki istəmir, həm də onlar kimi düşünməyən, hərəkət etməyən hər kəsdən nifrət edir. Öz silahdaşlarını belə ittiham etməkdən çəkinmir, böhtan, qarayaxma kampaniyası başladır. Zaman-zaman bu nifrət özlərinin də nəzarət edə bilmədiyi kiçik qarşıdurmalara çevrilir. Çox sadə həqiqətlər isə bundan ibarətdir ki, xalqın adından danışmağı özünə rəva bilən bir qrup insan dünən xalqın dəstəyini görmədi. 100-150 adam, hətta 10000-15000 adam da xalqın iradəsini ifadə edə bilməz. Xalq öz iradəsi ilə seçdiyi lideri Prezident İlham Əliyevə inanır, arxalanır. Cəmiyyət riyakarlıqdan uzaqdır. Bu danılmazdır, çünki Prezidentin xalqla görüşlərində yaşanan səmimiyyət, etiraf olunan rəğbət və sevgi bəlağətsiz bir şəkildə sadə insanların simasında əks olunur. Bunu görməmək isə, yəqin özünü aldatmaqdır. Bu gün Azərbaycan Prezidentinin qətiyyəti, siyasi iradəsinin nəticəsidir ki , Azərbaycan bəzi müsəlman dövlətlərinin taleyini yaşamır. Bizi isə xilas edən xalq və hakimiyyətin birliyidir. Adı müxalifət, özü isə hamıya müxalif olan bir qrupun siyasi mənzərəyə neqativ müdaxiləsi isə cəmiyyət üçün yersiz narahatlıqdan başqa bir şey deyil”.