Azərbaycan Prezidenti: "Bəzi rayonlarda sahibkarlar incidilir"
  • SİYASƏT

  • 15:00 24 Avqust 2020

Azərbaycan Prezidenti: "Bəzi rayonlarda sahibkarlar incidilir"

“Son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə birbaşa və dolayı yollarla qoyulan investisiyalar böyük inkişafa səbəb olub. Texnika ilə təminat baxımından heç bir problem yoxdur. Dövlət tərəfindən verilən subsidiyaların şəffaflaşdırılması istiqamətində çox önəmli addımlar atılıb, islahatlar aparılıb. Fermerlər üçün daha da uyğun sistem yaradılıb, çox şəffaf sistem yaradılıb”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir: "Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirilməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektorumuz inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. Yeddi ay ərzində iqtisadiyyat cəmi 2,8 faiz düşüb. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır. Ümumi avrozona məkanında haradasa 15 faizə yaxındır. Ona görə Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması hesab edirəm ki, bizim böyük nailiyyət kimi qiymətləndirilməlidir.

Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onlar qarşısında süni əngəllər yaradılır, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa heç kimə heç bir vəsait ödənilməməlidir”.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR