“Biz axıra qədər gedəcəyik. Biz dayanmamışıq. Əgər erməni tərəfi atəşkəs rejiminə sadiq olarsa, onda, dünən dediyim kimi, siyasi nizamlama mərhələsi başlanacaq, danışıqlara məcburetmə fazası başa çatacaq. Buna görə biz istənilən halda axıra qədər gedəcəyik”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib.
Dövlət başçısı əlavə edib ki, bizim məqsədimiz dəyişməz qalır.
“Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi, azərbaycanlıların əvvəlki, ənənəvi yaşadıqları yerlərə, o cümlədən Şuşaya, Dağlıq Qarabağdakı digər yaşayış məntəqələrinə və əlbəttə, keçmiş DQMV-nin inzibati hüdudlarından kənardakı bütün başqa ərazilərə qaytarılması. Buna görə bizim məqsədimiz dəyişməz qalır. Sadəcə, bu məqsədə doğru necə getməliyik? Biz həmişə siyasi yolla getməyə çalışmışıq, həmişə də eşitmişik ki, hərbi həll yoxdur. Biz sübut etdik ki, bu, belə deyil. Biz döyüş meydanında göstərdik ki, bu, belə deyil. Göstərdik ki, hərbi tərkib hissəsi olmasa, bu danışıqlar daha 30 il davam edərdi. O vaxta qədər nələr baş verərdi? Qanunsuz məskunlaşdırma. Bu, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarının pozulmasıdır. Təəssüf ki, buna heç kəs – nə Minsk qrupu, nə Avropa İttifaqı, nə də BMT reaksiya vermədi. Azərbaycanın tarixi irsinin dağıdılması, bizim mədəni, tarixi, dini abidələrin məhv edilməsi, toponimlərin dəyişdirilməsi, rayonlarımızın inzibati sərhədlərinin dəyişdirilməsi, bizim dağların, çayların və şəhərlərin adlarının dəyişdirilməsi. Yəni, biz daha 30 il gözləməli olardıq, sonra da bizə deyərdilər ki, bilirsiniz, iş belə gətirib, bununla barışın. Bizə belə də deyirdilər. Buna görə düşünürəm ki, hərbi yol və ya onun birinci mərhələsi sona çatıb, indi biz siyasi nizamlama mərhələsinə çatmışıq. Məhz bu mərhələ bizim axıra qədər getməyimizi və hüquqa görə bizə məxsus olanı almağımızı təmin edəcək. Ona görə düşünürəm ki, Azərbaycan cəmiyyəti dünən və bu gecə baş verənləri çox düzgün qəbul edəcək və bizim siyasətimizi bundan sonra da dəstəkləyəcək. Çünki biz həmişə xalqa həqiqəti demişik. Həmişə xalqın mənafelərini müdafiə etmişik. Döyüş meydanında baş verənlər bunu bir daha hamıya sübut etdi”, - Prezident İlham Əliyev bildirib.