Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
ONA xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani arasında təkbətək görüş olub.
Təkbətək görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
Dövlət başçısı Əfqanıstan Prezidentinə Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirib. Bu səfərin ölkələrimiz arasında iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq üçün yeni fürsətlər yaradacağını qeyd edib, həmçinin ölkələrimizin nəqliyyat sahəsində əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafı baxımından yeni imkanlar yaratdığını vurğulayıb. Dövlət başçıları arasında mütəmadi qarşılıqlı görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə prezidentlər tərəfindən Azərbaycanın Əfqanıstanda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına verdiyi töhfələr yüksək qiymətləndirilib.
Prezident Məhəmməd Əşrəf Qani, ilk növbədə, Lapis-Lazuli nəqliyyat layihəsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə edib və nəqliyyat sahəsində ölkələrimizin əməkdaşlığını yüksək qiymətləndirib.
Əfqanıstan Prezidenti əlaqələrin inkişafı baxımından enerji, nəqliyyat, tikinti, iqtisadiyyat, ticarət, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın vacibliyinə toxundu, bu sahələrdə əlaqələrin inkişafı üçün böyük perspektivlərin olduğunu deyib.
Sonra prezidentlər İlham Əliyevin və Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Əfqanıstanın Dəmir Yolları İdarəsi “ARA” arasında əməkdaşlıq haqqında Niyyət Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və Əfqanıstanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Əfqanıstanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və Əfqanıstanın informasiya və mədəniyyət nazirinin vəzifəsini icra edən Hasina Safi imzalayıblar.
***
12.38
Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
ONA xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani arasında təkbətək görüş olub.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
Görüşdə ikitərəfli əlaqələr, həmçinin iqtisadi sahədə münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb.