Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanı qəbul edib.
ONA xəbər verir ki, Natiya Turnava Gürcüstanın Baş Naziri Georgi Qaxarianın salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olunub.
Söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi hesabına ticarət dövriyyəsinin genişləndirilməsi, tranzit yükdaşımalarının həcminin artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə edilməsi məsələləri müzakirə edilib, energetika, sərmayə qoyuluşu, elektroenergetika, turizm sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Baş Nazir Georgi Qaxarianın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş Nazirinə çatdırmağı xahiş edib.