“Çox şadam ki, Azərbaycanda könüllü hərəkatı geniş vüsət alır. Bu, doğrudan da onu göstərir ki, siyasətimiz həyatda öz əksini tapır. Bir daha təkrar etmək istəyirəm ki, könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. Ondan sonra həmin “ASAN xidmət”də sənin kimi fəaliyyət göstərən gənclər mötəbər beynəlxalq idman yarışlarında da böyük işlər görmüşlər”.
APA-nın məlumatına görə, bunu dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirib.
Bütün oyunlarda iştirak etmiş könüllüləri şəxsi Fəxri diplomla təltif etdiyini deyən dövlət başçısı onların hər birinin fəaliyyətini oyunlar gedən vaxt izlədiyini vurğulayıb: “Görürdüm ki, bizim gənclərimiz nə qədər böyük məhəbbətlə, peşəkarlıqla, nəzakətlə bütün qonaqlara xidmət göstərirlər, yol göstərirlər, kömək edirlər. Bilirsiniz, bu, artıq tərbiyədir. Bu proqramdan keçən gənclər artıq gələcək həyatda da belə olacaqlar. Xalqımıza xas olan, əsrlərboyu yaşatdığımız milli-mənəvi dəyərlər də bu prinsiplər üzərində qurulubdur. Mən bu barədə dəfələrlə demişəm ki, bizim gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar, necə ki, biz qoruyuruq. Məhz o təqdirdə biz öz milli mənliyimizi, ləyaqətimizi saxlaya bilərik, qoruya bilərik. Ona görə xalqımıza xas olan xüsusiyyətlər könüllülər hərəkatı ilə üst-üstə düşür”.
Azərbaycan Prezidenti əlavə edib ki, artıq minlərlə, bəlkə də on minlərlə könüllümüz var: “Mən onu da bildirməliyəm, nisbətən bu yaxınlarda göstəriş vermişdim ki, dövlət orqanlarında da könüllülər fəaliyyətə başlasın, oraya cəlb olunsunlar. Artıq nazirliklərdə, dövlət şirkətlərində könüllülər qrupları vardır. Özəl şirkətlər könüllüləri işə cəlb etməlidirlər. Çünki bu, həm onlara xeyir gətirəcək, həm ümumi işimizə töhfə verəcəkdir. Ona görə könüllülər qarşısında hesab edirəm ki, bütün imkanlar açıqdır”.