• SİYASƏT

    20:36 2 may 2019

Azərbaycan Prezidenti: "Multikulturalizm nisbətən yeni söz olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışıq"

Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur.

ONA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır.

“Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir. Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir”, - deyə ölkə başçısı vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan tarixi mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında ölkəmiz dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir:

“Mültikulturalizm bizim üçün həyat tərzidir. Bu söz nisbətən yeni olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışıq. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunması onu sübut edir ki, biz dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik. 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib. Bu da bizim tarixi irsimiz, kökümüz və dünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Hesab edirəm ki, bu meyillər dünyada üstünlük təşkil etsə, dünyada təhlükəsizlik, proqnozlaşdırıla bilmə və sülh bərqərar olar.

Bizim üçün multikulturalizm həm də siyasətimizin mühüm elementlərindəndir. Azərbaycanda multikulturalizm üzrə beynəlxalq mərkəz yaradılıb. Biz bu dəyərləri təşviq edir və multikulturalizmin böyük gələcəyinin olduğunu nümayiş etdiririk. Bilirik ki, bu mövzu ilə bağlı müxtəlif fikirlər var. Ancaq hesab edirəm ki, bizim forum və bu mövzuda Azərbaycanda və dünyanın digər yerlərində təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər multikulturalizm dəyərlərinin təşviqi ilə bağlı səylər göstərdiyimizi aydın nümayiş etdirir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR