“Vaxtilə Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır. Ancaq bizim neftlə ən çirklənmiş yerimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib və Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni, o, bir ekoloji fəlakət zonası idi və həmin görüntülər yəqin ki, bir çoxlarının xatirindədir”.
APA-nın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.
Azərbaycan Prezidenti qeyd edib ki, digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi: "İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxacağam ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır. İnsanları narahat edən bütün problemlər həll olunmalıdır və estetik cəhətdən bu qəsəbələr müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr restavrasiya, bərpa edilməlidir və bu qəsəbələrə biz yeni həyat verəcəyik.
Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi. Mən bu məsələ ilə məşğul olmağa başlayanda bəziləri deyirdilər ki, bunu söndürmək mümkün deyil. Çünki o altdan yanır və orada qazlar əmələ gəlir, çox təhlükəli yerdir, yaxın düşmək olmaz. Bəziləri deyirdi ki, gəlin sarkofat tikək bunun üstündə. Yəni, belə cəfəng təkliflər var idi. Amma biz indi bunun da yolunu tapdıq. Tamamilə təmizləndi. İndi orada gözəl park salınıb və zibilyandırma zavodu fəaliyyətə başladı. Onun yanında növbəti ekoloji fəlakət zonası – Böyükşor gölünün də bir hissəsi təmizləndi. O da ekoloji fəlakət idi, çünki açıq neft rezervuarı idi. Eyni zamanda, bütün kanalizasiya suları da oraya axıdılırdı. Amma indi orada bulvar salınıbdır və o gölə quşlar qonur.
Qara şəhəri yadımıza salaq. Artıq o anlayış yoxdur, onun yerində Ağ şəhər var. Ağ şəhər şəhərsalma layihəsini biz icra edəndə orada ən azı iki metr torpaq layı çıxarıldı. O da bütün neft çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında “Azərneftyağ” neft emalı zavodu. Onun da artıq fəaliyyəti başa çatmaq üzrədir. Çünki iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda rekonstruksiya, yenidənqurma başa çatacaq, Avro-5 benzini istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri təmiz benzinlə təmin ediləcək və “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq.
Sumqayıt şəhərinin ekoloji vəziyyətinə baxın. İndi əvvəllər Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin maşına. Amma bu gün Sumqayıt elə bil ki, kurort şəhəridir. Orada sənaye potensialı möhkəmləndirilməklə müasir təmizləyici qurğular quraşdırıldı, sənaye parkları yaradıldı. Bütün bunları biz etmişik. Bu, çünki bizim xalqımızın həyatıdır, uşaqlarımızın, gələcək nəslin sağlamlıdır.
Mən Prezident seçiləndən sonra demişdim, birinci bəyanatlarımdan biri idi ki, “qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik. Ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur”.