Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
ONA xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri Mərkəzin fəaliyyətinə göstərdiyi diqqətə və dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
44 günlük Vətən müharibəsi zamanı Mərkəzin İdarə Heyətinin üzvlərinin Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyən çoxsaylı bəyanatlarla çıxış etdikləri qeyd olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq təsisat kimi dünyada rolunun və nüfuzunun artması xüsusi vurğulanıb.
Söhbət zamanı noyabrın 4-dən 6-dək “COVID-19-dan sonrakı dünya” adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun çox aktual mövzuya həsr olunduğu qeyd edilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri pandemiyaya baxmayaraq, Mərkəzin aktiv fəaliyyət göstərməkdə davam etdiyini, çoxsaylı konfranslar keçirdiyini və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirdiyini bildiriblər. Forum çərçivəsində Mərkəzin İdarə Heyətinin üzvlərinin və digər iştirakçıların Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəcəkləri vurğulanıb.