Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.
ONA xəbər verir ki, başsağlığında deyilir: "Hörmətli cənab Prezident,
Tehran şəhəri yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə də başsağlığı verib.
Başsağlığında deyilir:
“Hörmətli cənab Prezident,
Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”
Xatırladaq ki, göyərtəsində 170-dən çox sərnişin olan “Boeing 737” tipli təyyarə bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb. Təyyarə qəzasında 82 nəfər İran vətəndaşı, 63 nəfər Kanada vətəndaşı, 11 nəfər Ukrayna vətəndaşı (2 sərnişin və 9 ekipaj üzvü), 10 nəfər İsveç vətəndaşı, 4 nəfər Əfqanıstan vətəndaşı, 3 nəfər Almaniya vətəndaşı və 3 nəfər Böyük Britaniya vətəndaşı həyatını itirib.