• SİYASƏT

    13:12 25 oktyabr 2022

Azərbaycan Prezidentinin səfəri ölkələrarası əməkdaşlığı və regional sülhü daha da möhkəmləndirəcək - Gürcü ekspertlərin RƏYİ

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri və səsləndirdiyi mesajlar vaxtında və doğrudur.

Bunun APA-nın Gürcüstan bürosuna açıqlamasında “Geocase” beyin mərkəzinin sədri Viktor Kipiani deyib.

O vurğulayıb ki, bu səfər ölkələr arasındakı ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Düşünürəm ki, bu səfər Cənubi Qafqazda son dövrlərdə baş vermiş hadisələrdən sonra çox vaxtındadır və bunu ləngitmək hadisələrin gələcək inkişafının trayektoriyasına təsir edə bilərdi. Prezident İlham Əliyev Tbilisiyə səfərindən öncə müxtəlif təşəbbüslər səsləndirib. Regionda uzunmüddətli sülh və sabitliklə bağlı bu təşəbbüslər Tbilisi tərəfindən çox xoş və isti qarşılanıb, dəstəklənib. Biz, həmçinin Gürcüstanın yüksək vəzifəli rəsmilərinin Bakıya səfərlərini də nəzərə almalıyıq. Düşünürəm ki, Azərbaycan Prezidentinin bu səfəri ölkələr arasında əməkdaşlığın daha da güclənəcəyinə dair çox doğru siqnal və doğru mesajdır. Bu, çox təqdir edilir və alqışlanılır. Ümid edirik ki, bu səfərlər vasitəsilə regional sülhün, həmçinin ikitərəfli əlaqələrin təməllərini daha da möhkəmləndiriləcək”.

Viktor Kipiani yeni reallığın ölkələrin yeni birgə biznes layihələri həyata keçirməsini zəruri etdiyini qeyd edib: “Bizim artıq müəyyən infrastruktur layihələrimiz var. Lakin biz yeni sərhədlərarası biznes layihələri həyata keçirəcəyik. Bu, əlaqələrimizin dinamikasını sürətləndirəcək. Ölkələrimizin birgə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi önəmli layihələr mövcuddur. Lakin yeni dövr yeni reallığı diktə edir. Ona görə də yeni layihələrin, yeni təşəbbüslərin müzakirəsi regionumuzun qlobal biznes xəritəsindəki mövqeyinin gücləndirilməsi üçün gündəlikdədir”.

Gürcüstanın “Rondeli” Strateji və Beynəlxalq Elmlər Fondunun nümayəndəsi Zurab Batiaşvilinin fikrincə ölkələr arasında ticarət dövriyyəsinin 1 milyard dolları ötməsi əlaqələrin müsbət dinamikasını göstərir. Ekspertin sözlərinə görə, Gürcüstan və Azərbaycan mövcud beynəlxalq geosiyasi vəziyyət fonunda Avropanın enerji təminatında böyük rol oynaya bilər.

“Gürcüstanla Azərbaycan arasında hər zaman yaxın əlaqələr olub və heç vaxt ikitərəfli əlaqələrdə bir problem olmayıb. Əksinə, ikitərəfli əlaqələr inkişaf edir. Məsələn, ticarət dövriyyəsi 1 milyard dolları ötüb. Əlbəttə, bunun davam etdirilməsi lazımdır. Prezident İlham Əliyevin səfəri bu baxımdan da önəmlidir. Bundan başqa, son zamanlarda Rusiya-Ukrayna müharibəsi səbəbi ilə Avropanın enerji ehtiyacı yaranıb və Azərbaycan bu ehtiyacın böyük bir hissəsini qarşılayacaq. Təbii ki, bu enerji, bu təbii qaz Gürcüstan üzərindən keçəcək. Bu səfər bu baxımdan da önəmlidir. Eyni zamanda, bu il diplomatik əlaqələrimizin 30-cu ildönümüdür. Rəsmi olaraq təbii ki, 30 il keçir. Lakin biz tarixən qonşuyuq, biz əsrlər boyunca bu torpaqlarda yaşamışıq və yaşayacağıq. Əlbəttə diplomatik əlaqələr müstəqillik qazanıldıqdan sonra yaradıldı, ümid edirəm ki, bu əbədiyyən belə davam edəcək”, - ekspert bildirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR