Bu gün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi müzakirə olunub.
ONA-nın məlumatına görə, komitənin sədri Əli Hüseynli bildirib ki, bu layihə cəmiyyətdən gələn təklif əsasında qısa müddətdə parlamentdə yaradılmış işçi qrup tərəfindən hazırlanıb.
Öncə iclasda 10 maddədən ibarət qanun layihəsi barədə məlumat dinlənilib. Bildirilib ki, bu sənəd Azərbaycan Konstitusiyasında təsbit olunmuş müddəalara uyğun hazırlanıb, müvafiq qanunvericiliklə bağlı beynəlxalq təcrübə nəzərə alınıb. Qanun Azərbaycan vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyən edir və həmin sahədə yaranan münasibətləri tənzimləyir.
Sonra deputatlar Azay Quliyev, Çingiz Qənizadə, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Elşən Musayev, komitə sədrinin müavini Məlahət İbrahimqızı, MSK-nın nümayəndəsi Rövzət Qasımov fikirlərini, təkliflərini bildiriblər.
Yekunda qanun layihəsi plenar iclasa tövsiyə olunub.