• SİYASƏT

    17:34 14 mart 2023

Azərbaycan və Almaniya prezidentlərinin görüşündə mühüm məsələlər müzakirə olunub

Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.

ONA xəbər verir ki, görüşdə Almaniya prezidenti ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək verdiyini bildirib, iki ölkə arasında tezliklə sülh müqaviləsi imzalanacağına ümidvar olduğunu qeyd edib. Almaniyanın dövlət başçısı vurğulayıb ki, ölkəsi Avropa İttifaqının üzv dövləti olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə həyata keçirilən Brüssel sülh gündəliyini dəstəkləyir.

Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanmasının təşəbbüskarının Azərbaycan olduğunu bildirərək, bu məqsədlə Azərbaycan tərəfindən 5 prinsip irəli sürüldüyünü deyib. Dövlət başçısı qeyd edib ki, hazırda sülh müqaviləsinin imzalanması istiqamətində tərəflər arasında təmaslar davam etdirilir. Prezident İlham Əliyev Azərbaycanın Şarl Mişelin təşəbbüsü ilə başladılmış Brüssel gündəliyinə sadiqliyini bir daha ifadə edib. Qeyd olunub ki, Brüssel platforması əsasında qəbul edilmiş bəyanatlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının əsasını təşkil edir.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə edib. Almaniya prezidenti ümidvar olduğunu bildirib ki, tezliklə Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçıları arasında görüş keçiriləcək.

Daha sonra Azərbaycan prezidenti regional məsələlər haqqında danışıb. Prezident İlham Əliyev separatizmin bütün forma və təzahürlərinin qəbuledilməz olduğunu vurğulayıb və separatizmə münasibətdə vahid yanaşmanın olmasının zəruriliyini qeyd edib. Azərbaycan Prezidenti eyni zamanda, Ermənistanın qeyri-konstruktiv mövqeyinə də toxunub. Ermənistanın Laçın yolundan hərbi və qeyri-qanuni daşımalar üçün istifadə etməsi, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərimizdə hələ də hərbi mövcudluğunu qoruması, ərazidə hələ də Ermənistana məxsus hərbi texnikanın olması Almaniya prezidentinin diqqətinə çatdırılıb. Azərbaycan prezidenti Laçın yolunda keçirilən etiraz aksiyasına da toxunaraq, bu aksiyanın Ermənistanın Laçın yolundan qeyri-qanuni daşımalarına qarşı olduğunu bildirib. Prezident İlham Əliyev Laçın yolunun son nöqtəsində - Ermənistan-Azərbaycan sərhədində Azərbaycanın sərhəd-keçid məntəqəsinin qurulmasının artıq labüd olduğunu qeyd edib.

Görüş zamanı dövlətimizin başçısı Zəngəzur dəhlizi məsələsinə də toxunaraq dəhlizin bütün region üçün alternativ dəhliz yarada biləcəyi diqqətə çatdırıb. Eyni zamanda vurğulanıb ki, Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaqla Zəngəzur dəhlizin reallaşdırılmasına mane olur.

Almaniya prezidenti verilmiş ətraflı məlumatlara görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib. Görüş zamanı regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR