• SİYASƏT

    10:01 8 may 2019

Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Azərbaycan XİN-dən ONA-ya bildirilib ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən narici işlər nazirinin müavini Xələf Xələfov, Almaniya tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı, iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olundu və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər, Azərbaycan və Almaniya arasında siyasi dialoqun yüksək səviyyədə olduğundan məmnunluq ifadə edib, bu xüsusda, Almaniyanın Federal Kansleri xanım Anqela Merkelin ötən ilin avqust ayında Azərbaycana səfərini xüsusi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirib.

İkitərəfli iqtisadi əməkdaşlığın zəngin potensial imkanlara malik olduğu qeyd edilib, Azərbaycanda fəaliyyət göstərən Almaniya Ticarət-Sənaye Palatasının fəaliyyətindən məmnunluq bildirilib.

Həmçinin, mədəniyyət, elm və təhsil sahələrində əlaqələr müzakirə edildi, Bakıda DAAD və Höte Mərkəzinin fəaliyyətləri təqdirəlayiq qiymətləndirilib, habelə Berlində Azərbaycan Mədəniyyət Mərkəzinin tezliklə açılmasının ikitərəfli humanitar əlaqələrə təkan verəcəyi qeyd edilib.

Görüşdə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusu ətrafında fikir mübadiləsi aparıldı. X.Xələfov, Almaniyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə və işğal olunmuş ərazilərimizdə separatçı rejimi tanımadığına dair mövqeyini yüksək dəyərləndirib və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə göstərdiyi dəstək və səylərinə görə təşəkkürünü bildirib.

Bundan əlavə, tərəflər, ölkəmizdə siyasi, hüquqi və iqtisadi sahələrdə aparılan islahatlar, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR