Xaçmaz şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri arasında növbəti işçi görüş keçirilib.
Dövlət Gömrük Komitəsindən ONA-ya bildirilib ki, Azərbaycanı təmsil edən nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Rusiya təmsilçilərinə isə Dağıstan Gömrüyünün Gömrük Tranzitinə Nəzarət şöbəsinin rəisi Zahidi Hacıyev rəhbərlik edib. Görüşdə həmçinin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin və "Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları da iştirak edib.
Görüşdə mallar və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçidinin sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində növbələrin aradan qaldırılması, şəxslər, mallar və nəqliyyat vasitələrinin intensiv qaydada buraxılışının təşkili, Azərbaycanla Rusiya arasında daşınan mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsi və bu istiqamətdə 31 may 2018-ci il tarixində Dərbənd şəhərindəki görüşdə müəyyən edilən tədbirlərin icrasına dair məsələlər müzakirə edilib.
Tərəflər kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin "Samur" və "Yaraq-Qazmalar" sərhəd-buraxılış məntəqələrindən sürətli keçidinin təmin edilməsi, məntəqələrin qarşısında yaranan növbələrin operativ şəkildə aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı razılığa gəliblər.
Eyni zamanda, "Azərbaycan Dəmir Yolları" Qapali Səhmdar Cəmiyyətinə Rusiya Dəmir Yolları Açıq Səhmdar Cəmiyyətinə dəmir yolları ilə daşınan mallar barədə ilkin məlumat mübadiləsini tam həcmdə həyata keçirmək barədə razılıq əldə edilib.
Görüşün sonunda mallar və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçidinin sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələri önündə növbələrin aradan qaldırılması, şəxslər, mallar və nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən intensiv qaydada buraxılışının təşkili və Azərbaycanla Rusiya arasında daşınan mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsinə dair Protokol imzalanıb.