• SİYASƏT

    18:46 15 yanvar 2020

Azərbaycan XİN: Aİ Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünə növbəti dəfə dəstəyini ifadə edib

Avropa Parlamentinin bu ilin 15 yanvar tarixində Strasburqda keçirilən plenar sessiyası zamanı “Birgə Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsi üzrə illik məruzə” (Annual report on the implementation of the Common Foreign and Security Policy) adlı qətnamə böyük səs çoxluğu ilə qəbul edilib.

ONA-nın xəbərinə görə, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumatında bildirilir ki, sözügedən qətnamənin 36-cı bəndində Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığının bütün üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstəklə bağlı öz öhdəliyini növbəti dəfə təsdiqləyib.

Xüsusilə vurğulanmalıdır ki, qətnamədə ərazi bütövlüyü məsələsi beynəlxalq səviyyədə tanınmış sərhədlər ifadəsi ilə birgə təqdim edilir.

Sənəddə Şərq Tərəfdaşlığı ərazisindəki bütün münaqişələrlə bağlı vahid yanaşma nümayiş etdirilərək onların beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə, münaqişədən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə dəstəyin artırılmasına dair çağırış öz əksini tapıb.

Qətnamədə, Aİ-nin 2016-cı il tarixli Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiya sənədinə və Şərq Tərəfdaşlıq ölkələrinin 2017-ci il Brüssel Zirvə Görüşünün yekun sənədinə istinad olunur.

XİN xatırladıb ki, Aİ-nin Qlobal Strategiya sənədində dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı Avropa təhlükəsizliyinin mühüm elementi kimi qiymətləndirilib. 2017-ci il Brüssel Zirvə Görüşünün yekun sənədində də eynilə bütün Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, birmənalı dəstək ifadə olunub.

Qeyd olunub ki, Avropa Parlamenti tərəfindən illik əsasda qəbul edilən bu qətnamə Avropa Parlamentinin il ərzində Avropa Komissiyasının fəaliyyətinə təsir edə biləcək məcburi xarakterli sənədlərindən biridir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR