• SİYASƏT

    08:02 23 dekabr 2019

Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başlayıb

Bu gün bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

APA-nın məlumatına görə, saat 8.00-da səsverməyə start verilib.

Səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.

M. Pənahov bələdiyyə seçkilərinin 118 dairəni, ümumilikdə 5049 seçki məntəqəsi əhatə edəcəyini, 1000 məntəqədə, yəni məntəqələrin 20 faizində veb-kameraların quraşdırıldığını nəzərə çatdırıb.

MSK sədri qeyd edib ki, seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. 1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə 41 min 462 nəfərin adı daxil edilib. Seçkilərdə 13 siyasi partiyanın nümayəndələri də namizəd kimi qeydə alınıb. Seçki prosesində iştirak edəcək seçicilərin sayı isə 4 milyon 972 min 356 nəfərdir. Bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 52 min 636 nəfərdir. 17 beynəlxalq müşahidəçi də akkreditasiyadan keçib.

Dövlət Himninin səsləndirilməsi ilə səsverməyə start verilib.

Səsvermə saat 19:00-da bitəcək.

Qeyd edək ki, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR