• SİYASƏT

    12:34 28 mart 2019

Azərbaycandakı dini icma rəhbərləri 31 Mart Soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

Azərbaycandakı dini icma rəhbərləri 31 Mart –Azərbaycanlıların Soyqırımı ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət edib.

ONA-nın xəbərinə görə, müraciətdə deyilir ki, dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırım faktları bəşəriyyətin qan yaddaşında “qara ləkələr” kimi qalır və insanlığa qarşı ən böyük günahlardan hesab olunur. Belə faciəvi soyqırım cinayətlərinə məruz qalan xalqlardan biri də azərbaycanlılardır və bu dəhşətli fəlakətlərin mütəmadi xarakter alması bütün Azərbaycan cəmiyyətini, o cümlədən dini ictimaiyyəti daima narahat edir.

“Erməni millətçilərinin xalqımıza qarşı ardıcıl təcavüz və etnik təmizləmə siyasətinin əsas məqsədi azərbaycanlıları öz əzəli torpaqlarından qovmaq, erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövlətini bu ərazilərdə yaratmaqdır. Tarixi faktlar sübut edir ki, keçən əsrin xəritələrində 114 min kv.km. olan Azərbaycan ərazisi, erməni işğalı və yerli əhalinin zorla çıxarılması nəticəsində 86,6 min kv.km-ə qədər azalıb, Qarabağ və ətraf rayonların işğalından sonra isə ərazilərimizin daha 20 faizi zəbt olunub. XIX əsrin birinci rübündə bölgəmizdə gedən müharibələrin nəticəsi kimi Azərbaycan torpaqları ikiyə bölündü, Qarabağ, Zəngəzur və digər ərazilərimizə ermənilərin məqsədli şəkildə kütləvi köçürülməsi başladı, burada etnik vəziyyət süni surətdə və zorla dəyişdirildi. 1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda, Naxçıvanda, Qarabağda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədildi, on minlərlə dinc insan qətlə yetirildi, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdıldı. Azərbaycanlılara qarşı soyqırım və deportasiya siyasəti sovet hakimiyyəti dövründə erməni şovinistlərinin və lobbisinin dəstəyi ilə məkrli metodlarla davam etdirildi. 20-ci illərdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur heç bir əsas olmadan Ermənistana verildi, Dağlıq Qarabağda erməni muxtariyyəti yaradıldı. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı öz ata-baba yurdlarından deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində yaradılmış Ermənistan Respublikasının monoetnikliyi təmin olundu”, - deyə müraciətdə qeyd edilib.

Müraciətdə bildirilir ki, Azərbaycanın rəsmi və ictimai dairələri Azərbaycan ərazisində erməni ekstremistlərinin törətdikləri etnik təmizləmə və soyqırım əməllərinə dair təkzibolunmaz faktları beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətinə çatdırmaqdadır. Özlərini soyqırım qurbanı kimi təqdim edən erməni ekstremistləri, digər xalqa qarşı həyata keçirdikləri gerçək soyqırım cinayətlərinin layiqincə cavabını verməyənlər və onlara havadarlıq edənlər bilməlidirlər ki, həqiqət gec-tez qalib gələcək, ədalət öz yerini tutacaq: “Biz, din xadimləri, dini icma rəhbərləri bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edir, erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırım cinayətlərinə siyasi-hüquqi qiymət verməyə çağırırıq”.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev imzalayıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR