“Bu gün Belçikadakı qatı radikal erməni diaspora təşkilatı olan EAFJD saat 15-də Ermənistanın milli günü münasibətilə Avropa Parlamentinin qarşısında Azərbaycanın əleyhinə nümayiş keçirəcək”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Belçika Krallığındakı səfiri, Aİ-dəki Nümayəndəliyin rəhbəri Vaqif Sadıqov deyib.
Səfirin sözlərinə görə, keçmiş təcrübəyə əsasən, ehtimal olunur ki, erməni radikallar Azərbaycan səfirliyi istiqamətində yürüş keçirib, hücum edə bilərlər.
“2021-ci ildə belə hücum baş tutub, bizim bəzi vətəndaşlarımız xəsarət almışdılar. Belçika polisi o vaxt heç bir tədbir görməmişdi. Bu dəfə biz yerli polisi xəbərdar etmişik. Eləcə də buradakı xarici səfirliklər, Aİ qurumları və Avropa Parlamentinə məlumat verilib, lazımi tədbirlər görülüb. İndi vəziyyətin inkişafını gözləyirik”, - Vaqif Sadıqov vurğulayıb.
***
13.10
Azərbaycanın Belçika Krallığındakı səfiri, Aİ-dəki Nümayəndəliyin rəhbəri Vaqif Sadıqov erməni radikalların mümkün təxribatı ilə bağlı xəbərdarlıq edib.
APA xəbər verir ki, o, bu barədə “Twitter”də bildirib.
“Avropanın ürəyində diplomatik missiyaya qarşı ermənilərin daha bir hücumuna qarşı səsinizi qaldırın!”, - səfir qeyd edib.
Diplomat vurğulayıb ki, bu gün Brüsseldə erməni diasporunun radikalları Avropa Parlamentinin qarşısında mitinqdən sonra Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar.
Qeyd edək ki, ermənilərin bu gün Avropa İttifaqının əsas təsisatlarının yerləşdiyi Şuman meydanında etiraz aksiyası nəzərdə tutulub.